• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Əli Kərimli arzusuna çatdı: İŞİD bayraqlı mitinqin pərdəarxası

  • Nida.az
  • 13 Oktyabr 2014 10:28
  • 768 Baxış
Əli Kərimli arzusuna çatdı: İŞİD bayraqlı mitinqin pərdəarxası

Milli Şura 10 min nəfərə iddia edib, 900 nəfər toplaya bildiyi mitinqini, nəhayət ki, keçirə bildi.

Mitinqdə ilk diqqətçəkən şüarlar idi. “Siyasi məhbus”dan tutmuş, antirusiya şüarlarına qədər müxtəlif plakatların qaldırıldığı mitinqə məclisə “aş” gələn kimi qurumun rəhbərləri də bir qədər gec gəldi.

Xüsusi alqışlarla qarşılanan Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimliylə tribunaya keçdi və mitinq başlandı. Tribunada onları Milli Şuranın üzvləri Eldəniz Quliyev, Gültəkin Hacıbəyli və Əli Kərimlinin müavinləri müşayiət edirdi.

Milli Şurada təmsil olunan KXCP rəhbərliyi mitinqi “boykot” etmişdi. Belə ki, aralarında kifayət qədər narazılıq olan Mirmahmud Mirəlioğlu mitinq qərarının onsuz verdiklərini deyərək mitinqə gəlmədi. Onların əvəzində Müsavat mitinqdə yer alırdı, amma həmişəkindən fərqli olaraq, tribunada deyil, iştirakçıların yanında.

Müsavatın yeni başqanı Arif Hacılı, keçmiş başqanı İsa Qəmbər, Gülağa Aslanlı, Razim Əmiraslanlı və bir neçə müsavatçı ön sırada dairəvi formada dayanmışdılar. Xalq Partiyasının sədri Pənah Hüseyn də İsa Qəmbərlə eyni sırada idi.


Bu, müxalifətin, bəlkə də, ilk mitinqi idi ki, İsa Qəmbər və onun timsalında Müsavat tribunadan məhrum olmuşdu. Əslində, mitinqdən öncə Publika.az-ın yaydığı məlumat bununla təsdiqlənirdi. Söhbət, “mitinqlərə, piketlərə, yürüşlərə mübarizəmizin hədəfi kimi deyil, mübarizədə bir vasitə kimi baxıram. Mən hesab edirəm ki, bu vasitələrdən siyasi şəraitdən asılı olaraq istifadə olunmalıdır” deyən Qubad İbadoğlunun narazı qrupuna cavabdan gedir. İsa Qəmbərin Hacılı ilə birlikdə olması onların bir qrupda yer aldığı ehtimalını gücləndirir.

Amma Əli Kərimli ilk dəfə öz arzusuna çatmışdı. O, 20 ildir rəqibi olan İsa Qəmbəri bir iştirakçı kimi özünə qulaq asdıra bilmişdi. Müsavatın ayın 11-də mitinqdə iştirak qərarından bir az öncə Cəmil Həsənlinin “biz proqramı təsdiq etmişik, tribunada yer yoxdur” açıqlaması da buna hesablanmışdı. Əli Kərimlinin çıxışını sakit dinləyərək alqışlamayan İsa Qəmbərin bundan heç də məmnun olmadığı aydın idi. Lakin “qoca demokratın” bu iştirakının altındakı siyasi gedişi, yəqin ki, bir müddət sonra özünü göstərəcək.

İsa Qəmbərlə yeni başqanı burda qoyum, sizə Əli Kərimlidən deyim.
AXCP sədri çıxış edən kimi hakimiyyəti ittiham etməyə başladı. Cəbhəçi lider iştirakçılara tezliklə hakimiyyətə gəlməyi də söz verdi və bildirdi ki, mitinqə toplaşanlarla iqtidarı yola salacaqlar. Cəmi 900 nəfərlik tərəfdarı ilə Ə. Kərimlinin bu iddiası nə qədər uyğunsuz səslənsə də, mitinq başa çatacaq, AXCP 7 minlik mitinq keçirdiyini də iddia edəcək.

Gözlənilmədən Ə. Kərimlinin çıxışı zamanı mitinq iştirakçılarından birinin əlində İŞİD-in bayrağı peyda oldu. Ara qarışdı, iştirakçılar bir-birinə dəydi. Nəhayət İŞİD-çi mitinqdən uzaqlaşdırıldı.

İŞİD bayrağının dalğalandığı Milli Şura mitinqinə Avropa bayraqları ilə çıxmışdı. Bununla qurum avrotərəfdar olduqlarını bəyan edirdilər. Halbuki ötən il prezident seçkiləri zamanı Rusiya tərəfindən yaradılan Milli Şura daxilində “Avropa davası” aparırdı və keçirdiyi mitinqlərin heç birində belə bir bayrağa rast gəlmək mümkün deyildi. Daha çox “Coni, boğ onu” tipli şüarlarla hakimiyyətə gələ bilməyən Milli Şura Avropaya “biz sizinləyik” mesajını vermək üçün bayraq qaldırmaqdan başqa əlindən heç nə gəlmədi.

Tribunadakılar çıxışlar etdi, iştirakçılar alqışladı. Dedilər, qışqırdılar, od püskürdülər və 15:00-da başlayan mitinq 17:00-da başa çatdı.

“Hakimiyyəti dəyişəcəyik” deyənlər gəldikləri kimi də getdilər.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) mitinq açıqlaması gəldi.

“Oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam, Milli Demokrat, həmçinin Müsavat, Xalq partiyalarının, “El” hərəkatının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 900 (doqquz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”, -deyə rəsmi məlumatda deyilir.

Bunun fonunda AXCP sədrinin müavini Fuad Qəhrəmanlının aksiyada 7 minədək müxalifətçinin iştirak etdiyini deməsi diqqət çəkir. Hansının doğru olduğunu bilmək üçün sadəcə mitinqdə olmaq kifayət etdi, yaxud da ən azı videokadrlara baxmaq yetərlidir. Cəbhəçilər hesab dərsindən yəqin ki zəif qiymət alıblar.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR