Cəmil Həsənli mitinqdə İsa Qəmbərə niyə salam vermədi? - Sərt ittihamlar
Bizi izləyin

Nida.az

Cəmil Həsənli mitinqdə İsa Qəmbərə niyə salam vermədi? - Sərt ittihamlar

Milli Şuranın 12 oktyabr mitinqində diqqət çəkən əsas məqamlardan biri İsa Qəmbər daxil olmaqla Müsavat rəhbərliyinə tribuna verilməməsi, onların iştirakçılar arasında olması idi.


Qeyd edək ki, Müsavat Məclisi oktyabrın 11-də keçirdiyi iclasında mitinqdə iştirak qərarını verdi. Lakin həmin iclasda çıxış edən Gülağa Aslanlı bildirdi ki, oktyabrın 11-də sonuncu dəfə Milli Şuranın sədri Cəmil Həsənli ilə danışıb və məlum olub ki, Milli Şura Müsavatın mitinqdə iştirakını istəmir: “Cəmil Həsənli bildirdi ki, Milli Şuranın təyin etdiyi mitinqdə Müsavat Partiyasının iştirakı haqqında qərar gecikdiyinə görə, biz Koordinasiya Şurasının ayın 10-da iclasını keçirmişik. Qərara almışıq ki, mitinq zamanı tribunada yalnız MŞ-nin Koordinasiya Şurasının üzvləri duracaqlar və mitinqdə çıxış edənlərin də siyahısı hazırlanıb. Həmin siyahıda da Müsavat Partiyasına yer ayrılmayıb. Mən də Cəmil bəyə bir daha bildirdim ki, biz Müsavat Məclisinin oktyabrın 11-də keçirilən iclasında mitinqlə bağlı müzakirə aparıb qərar verəcəyik”.


Yəni Müsavata söz verilməyəcəyi əvvəlcədən bəlli idi. Lakin müsavatçıların əsas narazılığı söz verilməməsi bir yana, Milli Şura rəhbərliyinin, xüsusilə Cəmil Həsənlinin İsa Qəmbər, yeni başqan Arif Hacılı və digər müsavatçı funksionerlərə salam belə verməməsidir. Sosial şəbəkələrdə əsas müzakirə mövzusu budur. Kimisi Milli Şuranı qınayır, kimisə də Müsavatı.


Məsələ ilə bağlı Publika.az-a danışan Müsavat funksioneri, Arif Hacılının qardaşı Mustafa Hacıbəyli AXCP-ni ittiham edib. Onun sözlərinə görə, Müsavatın Cəmil Həsənlidən narazılığı yoxdur: “Cəmil Həsənlinin Müsavata xoş münasibətinə şübhəmiz yoxdur. Bu, həmişə özünü büruzə verib. Vicdan məhbuslarının hüquqlarına aid mitinqi də təqdir edirik. Lakin mitinqdə Müsavat rəhbərliyinə söz verilməməsi, tribunaya dəvət edilməməsi təşəbbüsünün Cəmil Həsənli tərəfindən gəlmədiyini də bilirik. Bu təşəbbüs AXCP-dən gəlib. AXCP həmişə Müsavata rəqib gözü ilə baxıb. Elə bu münasibəti qəbul etmədiyimiz üçün də Milli Şuradan ayrılmışıq. Amma bütün hallarda Müsavat öz borcunu yerinə yetirərək məhbuslarla bağlı mitinqdə layiqincə iştirak etdi”.


Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy isə Publika.az-a açıqlamasında bu məsələnin onu maraqlandırmadığını deyib.

“Cəmil Həsənlinin, yaxud Əli Kərimlinin İsa Qəmbərə salam verib-verməməsi mənim üçün maraqlı deyil. Bu barədə özləri danışmalıdır”, - deyə o bildirib.


Milli Şura sədri Cəmil Həsənli isə məsələ ilə bağlı heç bir açıqlama vermək istəmədiyini bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm