Milli Şuranın mitinqinə niyə 900 nəfər gəldi? - “7 minlik” mitinqə qiymət verildi
Bizi izləyin

Nida.az

Milli Şuranın mitinqinə niyə 900 nəfər gəldi? - “7 minlik” mitinqə qiymət verildi

Milli Şuranın 12 oktyabr mitinqi baş tutdu. Yasamal rayonu, “Məhsul” stadionunda keçirilən mitinqdə 1000 nəfərə yaxın iştirakçı var idi. Lakin Milli Şura iddia etdi ki, 7 min nəfərin iştirak etdiyi mitinq keçirdiblər.


Belə ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı aksiyada 7 minədək müxalifətçinin iştirak etdiyini açıqlayıb.


Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi məlumatı isə bu rəqəmin 7dəfə az olduğunu, cəmi 900 nəfərin iştirak etdiyini göstərir.

Publika.az Milli Şuranın “7 minlik” deyib, 900 nəfərlə keçirdiyi mitinqinə siyasi partiyaların münasibətini öyrənib.


“Müxalifətin beli qırılıb, gələnlər soruşurlar ki, bəs hakimiyyəti dəyişəcəkdiniz?!”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, mitinqin sayını şişirtmək bolşevik yanaşmasıdır: “Mitinqi 10, 20 yaxud 10 min nəfərlə də keçirtmək olar. Əsas olan cəmiyyətə təsir etmək imkanlarıdır. Müxalifət mitinq taktikasını cəmiyyətə düzgü çatdırmır. Qeyri-rəsmi olaraq hakimiyyəti dəyişdirmək kimi fikirlər aşılayırlar. Ona görə də mitinqlərdə adam olmur. Gələnlər də sonradan soruşur ki, bəs nə oldu, hakimiyyəti dəyişdirəcəkdiniz. Mitinqlərin yeganə məqsədi kütləvi şəkildə insanların iradəsini hökumətə bildirməkdir”.

S. Cəlaloğlu qeyd edib ki, mitinqlərin əsas götürülməsi müxalifətin belini qırıb.

“Siyasi fəaliyyət deyəndə mütləq küçəyə çıxmağı irəli sürürlər. Hansı ki, daha sivil və səmərəli yolla mübarizə aparmaq mümkündür. Misal üçün, Milli Şura mitinq keçirməklə nəyə nail oldu. Özlərinin zəifliyini cəmiyyətə bir daha göstərdilər”, - deyə ADP sədri qeyd edib.


“Onların hər biri özünü Napoleon hesab edir”

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə Milli Şuranın mitinqini qurumun özü ilə müqayisə edib: “Milli Şura nə gündədirsə, mitinqləri də elə oldu. Deyirlər ki, 7 min adam iştirak etdi. Bu insanın üzünə baxa-baxa yalan danışmaqdır. Axı hər kəs gördü ki, insanlar çox az sayda gəldi. O da öz yaxın ətrafları idi. Onlarda ümumiyyətlə şişirtmələr çoxdur. Cəmil Həsənli bu gün də özünü prezident hesab edir. İsa Qəmbər də vaxtilə belə deyirdi. Misal üçün, dəlixanada Napoleon çoxdur. İndi bunlar da hər biri özünü Napoleon hesab edir. Hakimiyyətə həris olduqları üçün də yalan danışıqlar”.


A. Əlizadə qeyd edib ki, Milli Şuranın mitinqi deyiləndən fərqli olaraq xarici sifarişləri yerinə yetirməkdir: “Azərbaycan xalqı belələrinə dəstək vermir. Onlar xalqı arxalarınca apara bilməzlər. Bu adamlar meydan hərəkatında qabağa düşənlər, 20 Yanvar qırğınına baiskarlar, 1990-cı ildə dövlət çevrilişi ilə hakimiyyətə gələnlər, 1993-cü ildə xalqı vətəndaş müharibəsi qarşısında qoyanlar və ən nəhayət, 2003-cü ildə Bakının mərkəzində xaos, iğtişaşlar yaratmağa çalışan şəxslərdir. Xalq da bu adamlara baxıb, onların heç nəyə nail olmadıqlarını və insanları bədbəxt etməyə çalışdıqlarını görüb. Xarici təşkilatlar tərəfindən onlara maliyyə ayrılır. Bu maliyyələşmə rəsmi deyil və “qara pullar” adlanır. Prosesdə iştirak etməsəm də, təxminlərim var. Xalqdan danışan müxalifət liderlərinin sosial vəziyyətinin ağır olanını indiyə qədər görməmişəm”.


“Milli Şuranın mitinqi müxalifətin 20 ildir etdiyi söhbətdən başqa bir şey deyil”

Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy bildirib ki, Milli Şuranın mitinqi müxalifətin 20 ildir etdiyi söhbətdən başqa bir şey deyil.

“Müxalifət mitinqi yalnız o vaxt keçirməlidir ki, qələbəlik olsun. əgər bu yoxdursa, heç bir səmərə verməyəcək. 2003-cü ildən bəri mitinqlərin hansı səviyyəyə düşdüyünə hamımız şahidik. Partiya rəhbərləri götür-qoy etməli, “biz də varıq” deyə mitinq keçirməməlidirlər. İcazəli mitinq idi, buna daha yaxşı hazırlaşıb, daha yüksək səviyyədə keçirmək olardı. Amma onlar tələsik görüntü olsun deyə mitinq keçirdilər və nəticə ortadadır. Hər kəs sosial bazanın hansı səviyyədə olduğunu bir daha gördü”, - deyə Müsavat funksioneri bildirib.


İnsanlar müxalifət mitinqlərinə niyə gəlmir?

“Xalq arzusu” hərəkatının təsisçisi, Milli Şuranın mitinq komissiyasının keçmiş sədri Asəf Quliyev ümumiyyətlə insanların Milli Şuranın mitinqlərinə gəlmək istəməməsinin bir sıra səbəbi haqqında danışıb.
Onun sözlərinə görə, 2005-ci ilə qədər müxalifət düşərgəsində aktivlik yüksək idi: “Ondan sonra nisbətən aktivlik geri düşdü. O dövrdə Azərbaycanda bir neçə aparıcı partiya- ADP, Müsavat, AMİP, AXCP var idi. Sonradan AMİP sıradan çıxdı, ADP-nin fəallığı azaldı. Ortada iki partiya qaldı. Müsavat və AXCP. Bu da cəmiyyətə təsir etdi. 2005-ci ildən sonrakı dövrdə AXCP ilə Müsavat arasında mətbuatda, sosial şəbəkələrdə ziddiyyətlər, qarşıdurmaya getmələri cəmiyyətdə bu partiyalara, təkcə onlara yox, bütövlükdə müxalifətə qarşı ikrah hissi yaratdı”.

A. Quliyev qeyd edib ki, müxalifətin daxilində çəkişmələr, didişmələr başladı: “Həmçinin 20 ildir müxalifət seçkiyə gedir, hər dəfə də məğlubiyyətlə üzləşir. Xalq müxalifətin indiyə qədər atdığı müsbət nəticəni görməyib. Xalqda ümidsizlik yaranıb. Bu ümidsizliyin nəticəsində xalq son mitinqlərə də gəlmədi. 2013-cü il seçkilərində də müxalifətin bir araya gəlib, vahid namizəd məsələsinin həll olunması işində də problemlər yarandı. Düzdür, Milli Şura yarandı, Rüstəm İbrahimbəyov sədr seçildi. Onun Rusiya vətəndaşlığının olması, Azərbaycana gəlməməsi cəmiyyətə təsir etdi. Bundan başqa, Milli Şuranın özünün içində İbrahimbəyovun əleyhinə kampaniya başladı. Təbliğat kampaniyası başlamışdı, müxalifət hələ də vahid namizəd məsələsini həll edə bilmirdi. Cəmil Həsənli prosesləri düzgün apardı. Bunu qəbul edirəm ki, o, namizədliyini verəndən sonra inamlı şəkildə getdi. Amma Cəmil müəllimin də bir ay müddətində eləyə biləcəyi elə bir şey yox idi. O bacardığını etdi. Ancaq vaxtın qısalığı, darlığı camaatla geniş şəkildə əlaqələrin qurulması, təbliğatın aparılmasına imkan vermədi. Mitinqlərdə xalqın dəstəyinin əldə edilməməsinə bunların hamısı təsir edir. İndi də nə qədər fərqli şüar, fərqli yanaşma ortaya qoysalar da, cəmiyyətdə mitinqin kimin keçirdiyinə daha çox diqqət edirlər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm