Şoyqunun Bakı səfəri: NATO faktoru Kremli niyə narahat edir?
Bizi izləyin

Nida.az

Şoyqunun Bakı səfəri: NATO faktoru Kremli niyə narahat edir?

Rusiya müdafiə naziri Sergey Şoyqunun Bakı səfərindən iki gün öncə Baş nazir Artur Rəsizadənin Müdafiə Nazirliyində keçirdiyi qapalı müşavirəsi diqqət çəkir. Bu müşavirədə ölkənin etibarlı müdafiə sistemi müzakirə mövzusu olub.

Müdafiə Nazirliyinin rəsmi məlumatında deyilir ki, müşavirədə hərbi texnikanın alınması, arsenalın müasirləşdirilməsi, yeni texnologiyalara dayanan avadanlığın əldə edilməsi kimi məsələlər gündəmə gətirilib.


Publika.az xəbər verir ki, Rusiya nəşri “Nezavisimaya qazeta” nəşri Şoyqunun səfərini bu kontekstdən şərh edərək ehtimal kimi irəli sürür ki, bu səfərdə Rusiyadan alınan hərbi texnika əsas müzakirə mövzusudur.

Nəşr yazır ki, son dörd ildə Azərbaycan 3,35 milyard dollar vəsaiti silahlandırmaya xərcləyib. Alınan silahın 80 faizi də Rusiyada idxal edilib. Bura S-300 tipli iki raket sistemi, 94 T90S tankı, 20 Mi-35M hərbi vertolyotu, 100 BMP-3 zirehli avtomobil və digər ağır texnikalar daxildir.
İddialara görə, yeni silah alışı da gündəmdədir və bu, Şoyqunun Bakı səfərindən sonra bəlli olacaq.


Sergey Şoyqunun Bakı səfərini Kremlin Bakıya xüsusi diqqəti kimi şərh etmək olar. Hansı ki, əsas strateji tərəfdaşı olan Ankara ilə Bakı hərbi sahədə olduqca sıx əməkdaşlıq edir, birgə təlimlər keçirirlər. Bakı-Ankara münasibətləri nə qədər tarixi köklərə bağlansa da, burda NATO faktoru da var və bu Moskva üçün narahatedici məqamdır. Kreml hesab edir ki, Bakı Ankara vasitəsilə NATO istiqamətinə yol ala bilər.
Digər tərəfdən, rus nəşrinin qeyd etdiyi kimi söhbət həm də Azərbaycanın silah idxalından gedir. Bakı torpaqları işğal altında olan və hazırda müharibə şəraitli bir dövlət kimi öz haqqı olanları edir və torpaqların azad olunması üçün nə qədər sülh danışıqlarını aparsa da, öz ordusunu da gücləndirir. Çünki Bakıda 1990-cı illəri, yəni I Qarabağ müharibəsi unudulmayıb.


Digər tərəfdən, Şoyqunun Bakı səfəri, ötən həftə Ermənistana səfər edən Nikolay Bardyujenin səfəri fonunda da maraq doğurur.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri Nikolay Bardyuja Yerevan səfəri zamanı ilk dəfə Azərbaycan-Ermənistan təmas xəttinə baş çəkdi.
Ehtimal etmək olar ki, Kreml generallarını Azərbaycan və Ermənistana göndərməklə ikitərəfli oyun oynayır. Belə ki, Nikolay Bardyuja Ermənistanın əsas bel bağladığı təşkilatın sədridir. Yerevanın Avrasiya İttifaqına üz olduğu 10 oktyabr, Minsk sammitindən iki gün öncə reallaşan KTMT sədrinin səfəri və cəbhə bölgəsinə getməsi bir növ Yerevana ürək-dirək vermək kimi yozula bilər.


Buna paralel olaraq, Moskva Bakıya yüksək çinli generalını göndərməklə əməkdaşlığı genişləndirmək istədiyi mesajını verir. Çünki Bakının xarici siyasətində əsas xətt kimi Dağlıq Qarabağ münaqişəsini götürməsi Moskvadakıları bir an belə rahat buraxmır. Yəni Bakı işğal olunmuş torpaqlarının qaytarılmasında ona dəstək verənin yanında olacaq.

Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında Şoyqunun səfərini daha çox ikitərəfli hərbi əməkdaşlıq kontekstində qiymətləndirib. Onun fikrincə, Azərbaycanın Rusiyanın əsas silah alıcısıdır: “Bundan başqa, Qərbin iqtisadi sanksiyaları qarşısında Bakı Moskvaya kömək etməyə söz verib. Yəni hazırda Moskvanın Bakıya ehtiyacı daha böyükdür. Müdafiə nazirinin səfəri də hərbi əməkdaşlığı daha da genişləndirməyə hesablanıb”.


Q. Hüseynli rus generalının səfərini Qərb-Rusiya qarşıdurması fonunda Kremlin növbəti gedişi kimi dəyərləndirməni də istisna etmir.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm