• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İslam sosializmindən “seksual inqilab”a: “İdeoloji kokteyl”- ARAŞDIRMA

  • Nida.az
  • 14 Oktyabr 2014 11:45
  • 544 Baxış
İslam sosializmindən “seksual inqilab”a: “İdeoloji kokteyl”- ARAŞDIRMA

Müsavat Partiyası 103 yaşını qeyd etdi. Müxalifətin əsas partiyalarından olan Müsavat 1911-ci ilin 11 oktyabrında İstanbulda Məmməd Əmin Rəsulzadə tərəfindən təsis edilib.

103 il sonra partiyanın durumu heç də ürəkaçan deyil. Sosial baza baxımından xeyli zəifləyən Müsavatı hazırda daxili qarşıdurma bürüyüb. VIII qurultayda başqan seçilən Arif Hacılı ilə əsas rəqibi Qubad İbadoğlu arasında qarşıdurma kəskin mərhələdədir.

Lakin 103 ildən sonra Müsavatın problemi təkcə daxili qarşıdurma deyil, ideoloji bazadakı aşınmalarda da özünü büruzə verir.

Publika.az 103 illik Müsavatın ideoloji bazasındakı dəyişiklikləri araşdırıb.

Dünya təcrübəsində partiyalar daşıdığı ideyalara görə solçu, sağçı, mərkəzçi, digər hallarda isə, mühafizəkar, islahatçı, sosialist, liberal kateqoriyalarına bölünür. Bir sıra obyektiv səbəblərdən siyasi partiyalar sağçı-mərkəzçi, solçu-mərkəzçi, sosial-demokrat, liberal-demokrat və digər ideyalar sintezində də fəaliyyət göstərə bilir.

Bu gün Azərbaycan müxalifətində mənzərə bir qədər fərqlidir. Yarandığı vaxt solçu olan partiyanın sağçı, yaxud mühafizəkar, eyni zamanda bunun əksinə olaraq fəaliyyət göstərməsi faktı mövcuddur. Bu kontekstdə Müsavat Partiyasında da “ideoloji kokteylin” olduğunu görürük.

Tarixi Müsavat

Tarix Müsavatın, daha doğrusu, əski Müsavat Firqəsinin Azərbaycan həyatında mühüm rol oynayan siyasi təşkilatlardan olduğunu göstərir. Ötən əsrin əvvəllərində yaradılan partiya Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Şərqdə ilk demokratik Azərbaycan Respublikasının yaradılması işinə ən böyük töhfələr verib. Bu gün də M.Ə.Rəsulzadənin Azərbaycan üçün gördükləri hörmətlə anılır, onun ideyaları dəstəklənir.

Tarixi baxımdan Müsavat Partiyasının fəaliyyətini üç yerə bölmək olar. Birincisi - ADR, ikincisi - mühacirət, üçüncüsü -1991-ci ildən sonrakı dövr.
İlk iki dövr Rəsulzadənin müəyyənləşdirdiyi ideoloji xətt qabarıq şəkildə özünü göstərir. Lakin hər şey üçüncü dövrə qədər davam etdi. Belə ki, Müsavatın ideoloji istiqaməti ötən əsrin əvvəllərində solçu, solçu-mərkəzçi olaraq, islam sosializmi kontekstində formalaşmışdı. Hələ 1915-ci ildə Müsavat ideoloqu Məmməd Əmin Rəsulzadə “Açıq söz” qəzetinin redaktoru olanda yazırdı ki, “biz müsəlman olduğumuzdan islam sosializmi mövqeyində dayanırıq”.

Müsavatın bünövrəsi “Hümmət” təşkilatından gəldiyi üçün burda islam və millətçilik əsas qayəni təşkil edirdi.

Üçüncü dövrün Müsavatı isə sağçı, sağçı-mərkəzçi, bəzən isə, mühafizəkar və radikal yönümdə fəaliyyət göstərir, halbuki, bu, istinad etdikləri Rəsulzadə ideologiyasına ziddir.

Müsavat, eyni zamanda, Avropa Liberal-Demokrat Alyansının sırasında təmsil olunur. Bu da onların liberallığa meyilliyinin göstəricisidir.
Bu baxımdan, partiyanın tərkibi sağçılar və solçular, liberallar və mühafizəkarlar, dini radikallığı önə çəkənlər olmaqla rəngarəngdir. Ən diqqət çəkən məqam isə ölkədə seksual inqilabın (vaxtilə İsa Qəmbərin müşaviri olmuş, hazırda mühacirdə yaşayan Əli Əkbərin timsalında) tərəfdarı olanların da Müsavat sıralarında yer almasıdır.


Bu ideoloji kokteylin səbəbləri sırasına tarix səbəblərlə yanaşı, partiyanın sosial bazasının genişləndirmək manevrləri də daxildir.


Liberallıq haradan qaynaqlanır?


Müsavat avrointeqrasiya yolunu tutub və bunu açıq şəkildə bəyan edir. Qərbə çıxışın ən uyğun yolu isə liberallıqdan keçir və ölkə daxilindəki ideoloji kursundan fərqli olaraq xaricdə liberal yol tutulur. Amma o da faktdır ki, partiya sıralarında aşırı liberal olanlar da təmsil olunurlar. Avropanın liberal demokratları ilə əməkdaşlıq da buna əsaslanır. Yəni xarici dəstəyin əldə edilməsi üçün ölkədən kənarda liberal vitrin yaratmaq siyasəti yürüdülür.

Seksual inqilabın tərəfdarları

Partiyanın üst qatında oturan kəslərin mühafizəkar, özü də qatısından olduğu məlumdur. Lakin partiya son 5 il ərzində “açıqlığa” yol vermək siyasətini tutdu. Səbəbsə, Avropa dəyəri deyib, aşırı liberallığa meylli gənclərin ələ alınması və beləliklə sosial bazanı genişləndirmək idi. Bu təcrübə AXCP-də yaşanmışdı və baş müsavatçılar “mehriban düşmənlərindən” geridə qaldıqlarını götürdülər. Nəticədə bu gün Müsavat öz sıralarına qəbul etdikləri “seksual inqilabçı” gənclərin gözü ilə aşırı liberallığı da dəstəkləyir.

Dinə meyillilik

Son 4 ildə, xüsusilə 2011-ci ildən etibarən Azərbaycanda din siyasiləşməyə başladı. Vaxtilə dindarların “hicab aksiyası” və bu səpkili proseslər cəmiyyətdə yeni siyasi gücün yetişməsini göstərirdi. Həmin vaxt ölkədə siyasi partiyalar, o cümlədən Müsavat dindarların ələ alınması üçün onların hüquqlarının müdafiəsi işinə başladı. Misal üçün, AXCP sosial şəbəkələr üzərindən dindar kəsim üzərində təbliğata başladı. Partiya sədri Əli Kərimlinin mediada sözçüsü kimi çıxış edənlərdən bir neçəsi sosial şəbəkələrdə dindardan qatı dindar fikirlər yayması da bunu göstərirdi. Müsavat isə təbliğatdan çox daha real işə üstünlük verildi və Nardaran camaatının timsalında dini kəsim üzərində fəal işə keçdi. Əslində, bu normal bir prosesdir və Azərbaycan cəmiyyətində dinin təsirini nəzərə alsaq, bir siyasi partiya üçün ağıllı gediş idi. Amma sonradan bu proseslər çərçivələrdən kənara sızmağa, dindar adı altında radikal dindarlığın da müdafiəsi, dəstəklənməsi baş verdi. Düzdür, M. Ə. Rəsulzadə “islam sosializmi” ideyasını irəli sürürdü, amma çağdaş Müsavatın “dini siyasəti” bununla heç uyuşmadı.

Politoloq Elşən Manafov Publika.az-a açıqlamasında bildirib ki, bu partiyanın ideoloji qarışıqlığı özünü sosial bazasının genişləndirməklə yanaşı, geosiyasi reallıqdan da irəli gəlir: “Müsavat ABŞ-dakı və Türkiyədəki müəyyən dairələrin dəstəyi ilə Azərbaycanın birmənalı şəkildə Qərbin təhlükəsizliyinə inteqrasiyasına maraqlıdır. Amma onlar gözəl başa düşürlər ki, Azərbaycan ətrafındakı mürəkkəb vəziyyət bir kontekstdə siyasət aparmağı mümkünsüz edir. Azərbaycan hakimiyyətinin bugünkü balanslaşdırılmış xarici siyasəti ölkənin milli təhlükəsizlik maraqlarının müdafiəsi üçün daha məqbul və daha əlverişlidir. Azərbaycan iqtidarının bugünkü siyasəti enerji təhlükəsizliyini inkişaf etdirməklə, bu resurslardan gələn maliyyə, siyasi dividentlərdən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində istifadə etməyə söykənir. Müsavat bunu bilə-bilə Azərbaycan ictimaiyyətinin fikrini siyasi konyekturaya yönəldib, bəyan edir ki, maraqları birmənalı şəkildə Qərbə inteqrasiyadır”.

Onun sözlərinə görə, Müsavatın sağ-mərkəz mövqeyi cəmiyyətdəki dini kəsimlə bağlıdır: “Bu, bir tərəfdən siyasi konyukturadan irəli gəlir, digər tərəfdən isə dinin siyasi fəaliyyətdə əhəmiyyətini başa düşərək, inanclı insanların dəstəyini qazanmağa hesablanıb. Bu baxımdan Müsavat konyuktura maraqlarından çıxış edərək klerikal siyasi təşkilatlarla əməkdaşlıq etməyə də üstünlük verir”.

Politoloq vurğulayıb ki, Müsavat digər tərəfdənsə sağ-mərkəzçi partiyanın ideoloji dəyərlərindən çıxış edərək dünyəvi dövlət qurulmağının vacibliyini vurğulayır. Onun fikrincə, bu ziddiyyət sosial bazanı genişləndirməyə hesablanıb ki, bu da partiyanın hazırkı durumunu bəlli edir.

Bu aradan çağdaş Müsavatın hazırkı durumu illər öncə Rəsulzadənin sözlərini yada salır.

“Firqə ehtirasları, şəxsi-qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı, Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır”, - zamanında belə deyirdi Rəsulzadə.

Asif Nərimanlı


Xəbər lenti

DAHA ÇOX XƏBƏR