• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mustafa Hacıbəyli: “İstefalara görə məsuliyyəti Qubad İbadoğlu daşıyır”

  • Nida.az
  • 14 Oktyabr 2014 12:30
  • 380 Baxış
Mustafa Hacıbəyli: “İstefalara görə məsuliyyəti Qubad İbadoğlu daşıyır”

“Müsavatdan gedənlərə görə məsuliyyət Qubad İbadoğlunun üzərinə düşür”.


Bunu Publika.az-a açıqlamasında Müsavat funksioneri, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli Müsavatdan son istefalara münasibət bildirərkən deyib.


M. Hacıbəyli qeyd edib ki, Q. İbadoğlu seçkinin saxtalaşdırılması iddiası ilə tərəfdarlarını “mübarizəyə” körüklədi: “Münasibətləri o həddə gətirdi ki, artıq özü belə tərəfdarlarının davranışlarına nəzarət edə bilmir. Əgər nəzarət edə bilirsə, yenə də məsuliyyəti özü daşıyır. Müsavatı, İsa bəyi saxtakarlıqda ittiham etdilər. Bu ittihamlara verilən cavablar hətta bəzən qeyri-etik olsa belə, bu, onların istefasına bəraət ola bilməz. Mən əminəm ki, bu əsassız ittihamlar olmasaydı, münasibətlər bu həddə gəlməyəcəkdi”.


M. Hacıbəyli yeni başqanın qardaşı olduğu üçün danışmaq şansından imtina etməyəcəyini deyib. Bildirib ki, o, 20 ildən artıqdır ki, Müsavatda fəal şəkildə mübarizə aparır.


“Arif Hacılı başqan seçildi deyə mən danışmaq, yazmaq hüququndan məhrum edilməliyəm? Mən 22 ildir Müsavatda, 25 ildir hərəkatdayam. Mübarizə səngərdə gedəndə səngərdə olmuşam, meydan da gedəndə meydanda. Qəzet səhifələrində gedəndə qələmimlə vuruşmuşam, hər seçkidə məntəqələrdə olmuşam. Müsavata yüzlərlə yeni üzv gətirmişəm, o cümlədən Qubad İbadoğlunu”, - deyə o vurğulayıb.


O, Arif Hacılıya yox, Müsavata böhtan atılandan məsələlərə müdaxilə etdiyini bildirib: “İsa bəyin qardaşı bütün seçki kampaniyası zamanı Qubad bəyin təbliğatını aparanda ona məsləhətlər verilmirdi. Rövşən bəy Müsavatın üzvü olmadığı halda bunu edirdi. Amma mən Arif Hacılıya yox, Müsavata böhtan atılanda müdaxilə etdim”.

M. Hacıbəyli sosial şəbəkələrdə yayılan “gizli qrup”dan da danışıb. Bildirib ki, bu, Arif Hacılıya aid deyil. Onun sözlərinə görə, vaxtilə “Facebook”da Müsavata aid 3 qapalı qrup var idi: “Sonradan qərar verildi ki, ikisi bağlansın, biri qalsın. Buna baxmayaraq, “Müsavat üzvləri” adında 2 qrup qalıb. “Qubad İbadoğlu tərəfdarları” adında qapalı, yəni gizli qrup da mövcuddur. Başqa-başqa qruplar da var ki, bu qruplardan birinə haker hücumu olub və ortaya Arif Hacılının bir neçə tərəfdarının daxili yazışmasını çıxarıblar. Gördük ki, həmin yazışmalarda Qubad İbadoğlu tərəfdarlarının əleyhinə deyilən tənqid, hətta təhqiramiz ifadələr də vardı. Biz buna təəssüf edirik. Bu, Arif Hacılının və ya onun tərəfdarlarının qrupu deyil. Arif Hacılının tərəfdarları qrupu olsaydı, onun üzvlərinin sayı 228 olardı, halbuki o qrupda cəmi 15-20 nəfər olub”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR