• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Müsavat Partiyası da mitinq keçirə bilər - Açıqlama

  • Nida.az
  • 14 Oktyabr 2014 15:20
  • 483 Baxış
Müsavat Partiyası da mitinq keçirə bilər - Açıqlama

Müsavat Partiyası həbslərlə bağlı mitinq keçirə bilər.

Bu barədə Publika.az-a açıqlamasında Müsavat funksioneri Tural Abbaslı məlumat verib.

Onun sözlərinə görə, mitinq fikri Müsavatda əvvəldən var idi: “Hətta bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət də hazırlanmışdı. Amma həmin vaxt digər partiyalar da mitinqin təşkilatçılığında iştirak etmək niyyətlərini açıqladı və məsləhətləşmələr qərarına gəldik. Məsləhətləşmələr uzun sürdüyü üçün mitinq təxirə salındı. Hazırda bu məsələ müzakirə edilməsə də, mitinqin keçirilməsi gündəmdədir”.


T. Abbaslı qeyd edib ki, hazırda Müsavatda daxili strukturlaşma aparılır: “Divan, Məclis və digər strukturlar formalaşdıqdan sonra, Müsavat rəsmi qaydada buna qərar verəcək”.

Qeyd edək ki, teleqraf.com-a Müsavatdakı mənbə məlumat verib ki, partiya AXCP-nin acığına mitinq keçirmək niyyətindədir. Belə ki, partiya qurultayından sonra mitinq keçirmək niyyətində olub və bu məsələ hətta dar çərçivədə müzakirə edilib. Hətta sonradan bu təklif Müsavatın üzvü olduğu Demokratiya və İnsan Hüquqları Mərkəzində də ciddi müzakirə mövzusu olub. Bu qurumda birləşən on siyasi partiya təklifə müsbət yanaşıb. Qərara alınıb ki, hər bir partiya daxili güclərini hesablasın, növbəti görüşdən sonra isə bu haqda müzakirə aparıb yekun qərar versin. Bu məqsədlə mərkəzdə işçi qrupu da yaradılıb.

Mənbə daha sonra qeyd edib ki, Milli Şuranın 12 oktyabrda keçirdiyi mitinqdən sonra Müsavat Partiyasında mitinq müzakirələri yenidən başlanıb. Müsavat Arif Hacılının başqanlığı altında yeni mitinq keçirməyə hazırlaşır. Mitinqin nə zaman olacağı hələlik bəlli deyil. Mənbə qeyd edir ki, bunun üçün ilk olaraq Müsavatın daxilində yaranan problemlər yoluna qoyulmalı, rayon təşkilatlarında yaranan vəziyyət nəzarətə alınmalıdır.


Bu arada Müsavata yaxınlığı ilə seçilən xalq Partiyasının sədri Pənah Hüseyn musavat.com-a açıqlamasında “Müsavat Partiyası və AXP mitinq keçirsə, Milli Şura rəhbərliyi mitinqə qatılsa, onların dünənki mitinqdə sizlərə qarşı davranışını siz də onlara qarşı edəcəksinizmi?” sualına bu formada cavab verib: “Bu artıq başqa mövzudur. Hər bir siyasi qüvvənin, siyasi liderin özünə xas ənənəsi var. Sizin dediyiniz aksiyalar güman edirəm ki, olacaq. O zaman suala da cavab alarsınız”.


Onu da bildirək ki, Milli Şuranın 12 oktyabr mitinqində İsa Qəmbər də daxil olmaqla yeni başqan Arif Hacılı və partiya rəhbərliyi Cəmil Həsənli və Əli Kərimli tərəfindən soyuq münasibətlə qarşılaşıblar. Belə ki, Milli Şura rəhbərliyi Müsavat rəhbərliyini tribunaya yaxın buraxmayıb, hətta salam belə verməyiblər.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR