Qubad İbadoğludan İsa Qəmbərə cavab: “Faktlara söykənən cavablarım var”
Bizi izləyin

Nida.az

Qubad İbadoğludan İsa Qəmbərə cavab: “Faktlara söykənən cavablarım var”

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu keçmiş başqan İsa Qəmbərin partiya Məclisindəki dolayısı ilə onu tənqid edən çıxışına cavab verib.


Publika.az xəbər verir ki, Q. İbadoğlu bildirib ki, İsa Qəmbərin partiya Məclisinin son iclasında qoyduğu sualların hər birinə aydın və faktlara söykənən cavabları vardır: “Onlardan birini indi açıqlayıram: mən Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin mövcud tərkibinə etiraz əlaməti olaraq, səsvermələrdə iştirak etməməklə, onun legitimliyini bir neçə iclas ərzində tanımamışam. Sonradan gərginlik yaratmamaq üçün kompromisə gedərək, müzakirələrdə və səsvermədə iştirak etmək qərarını vermişəm.

Digərlərinə gəlincə, “Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair Arayış”da qoyulan məsələlərə partiyanın müvafiq strukturlarından cavab alandan sonra onların da hər birinə dair mövqeyimizi açıqlayacağıq. Baxmayaraq ki, təqdim olunan arayışda qoyulan məsələlər artıq İsa Qəmbər tərəfindən araşdırma başlayandan əvvəl şübhə altına alınıb, lakin biz müraciətimizə rəsmi cavabı gözləyirik”.

Qeyd edək ki, İsa Qəmbər Məclisin toplantısında Q. İbadoğlunun adını çəkməsə də, onu sərt tənqid edib.
İ. Qəmbər keçmiş namizədi Müsavatın Nizamnaməsi və Proqramından kənar addımlar atmaqda ittiham edib: “Bütün məsələlər Təşkilat Komitəsində yekunlaşandan sonra, “Təşkilat Komitəsi filan şəkildə yaradılmışdı”, “Filan konfransda, filan Ümumi Yığıncaqda filan məsələlər var idi” kimi fikirlər səsləndirmək nə dərəcədə ciddi səslənir? Kimsə hər hansı bir prosesdə nəyəsə arxayın deyilsə, öncədən bunu bildirməlidir. Ən azı deməlidir ki, mən vəziyyəti bu şəkildə qəbul etmirəm və ona gərə də seçkidə iştirak etmək istəmirəm. Ancaq bütün bunları qəbul edib, seçkidə tam qüvvə ilə iştirak edib, seçki bitəndən sonra isə əvvəlki prosesləri şübhə altına almaq, nə Müsavatın Nizamnamə və Proqramına, nə də Müsavatçılıq prinsip və münasibətlər sisteminə uyğundur”.
İ. Qəmbər qeyd edib ki, qurultay bitəndən sonra əvvəlcədən razılaşdırılmış məsələlərin seçki pozuntusu kimi təqdim edilməsi və bunun şişirdilərək kampaniya şəklinə salınması onun üçün anlaşılan deyil.

Sabiq başqan namizədlərdən birinə dəstəyini nümayiş etdirməsi barədə iddiaları da cavablandırıb. O vurğulayıb ki, öz seçimini və mövqeyini açıqlamaq hüququ olmasına baxmayaraq, sona qədər buna getməyib və prosesə qarışmayıb:

“Lakin seçki bitəndən sonra bu məsələ də gündəmə gətirilir, həqiqətə uyğun olmayan ittihamlar səsləndirilir. Nə üçün? Məqsəd nədir? Aparılan təbliğatın Müsavat Partiyasına xeyri varmı? Bu təbliğatın onu aparanların özlərinə bir faydası varmı? Nə partiyaya, nə də həmin təbliğatı aparanların özlərinə bir xeyri yoxdursa, bəs kimə xeyri var? Bu sual üzərində düşünmüsünüzmü? Müsavat demokratik bir partiyadır. Ancaq nə qədər demokrat olsaq da, biz hər müsavatçıya ayrıca başqan təşkil edə bimərik. Müsavat Partiyasının bir başqanı var – Arif Hacılı”.

İsa Qəmbər Tural Abbaslıya təmkinli seçki kampaniyası apardığına və seçkidən sonra “ağayana müsavatçı mövqeyi göstərdiyinə görə” təşəkkürünü də bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm