Müsavatda pərdəarxası oyunlar açılır – Şok
Bizi izləyin

Nida.az

Müsavatda pərdəarxası oyunlar açılır – Şok

Müsavat Gənclər Təşkilatının (MGT) sədri Əhliman Abbas istefa verdiyi üçün bu quruma seçkilər keçirilməsi və təşkilatın gücləndirilməsi istiqamətində Müsavatda yeni müzakirələr başlayıb.


Qeyd edək ki, ötən il noyabrın 17-də keçirilən seçkilərdə Əhliman Abbas rəqibi Rüfət Hacıbəyliyə qalib gələrək sədr seçilmişdi. Həmin seçki MGT-yə keçirilən ikinci seçki idi. Bundan öncəki seçkidə R. Hacıbəylinin qardaşı Cavid Hacıbəyli ilə Rauf Məmmədli arasında gedən mübarizənin nəticəsində birinci ikinciyə qalib gəlsə də, seçkinin nəticəsi ləğv olunmuşdu. Bununla da gənclər arasında çəkişmələr başlamışdı.

İndi isə yenə də MGT-yə sədr seçkiləri barədə fikir mübadilələri gedir.

Ə. Abbasın opponenti olmuş Rüfət Hacıbəyli Publika.az-a açıqlamasında deyib ki, yenidən sədrliyə namizəd olmayacaq.


“Hazırda Gənclər Təşkilatında struktur demək olar ki, yoxdur. Şura üzvləri istefa verib partiyadan ayrılıb. Çox güman ki, məsələyə partiyanın ali orqanı olan Məclisdə baxılacaq. MGT-nin buraxılıb yenidən formalaşdırılması ilə bağlı və ya başqa qərar ola bilər. Hələ partiyanın Divanı formalaşmayıb, çox güman ki, Məclisdə bu barədə qərar veriləcək”, - deyə o bildirib.

R. Hacıbəyli hesab edir ki, MGT-ni Tural Abbaslı və ətrafı dirçəldə bilər: “Biz MGT-nin şinelindən çıxmışıq. Tural Abbaslının sədr olduğu dövrdə bu təşkilat Azərbaycanda ən güclü gənclər birliyi olub. Partiyada Tural Abbaslının ətrafından başqa MGT-ni ayağa qaldıracaq ikinci belə qüvvə yoxdur”.


R. Hacıbəyli partiya lideri İsa Qəmbərlə bu barədə danışdığını deyib: “MGT-nin əvvəlki gücünə qaytarmaq üçün fikir mübadiləsi aparmışıq. Yeni başqan Arif Hacılı ilə də bu barədə həmsöhbət olacağam. Gənclər Təşkilatının siyasi arenada söz sahibi olmasını istəyirlərsə, əl-ələ verək bu təşkilatı ayağa qaldıraq. Tural Abbaslının ətrafı olmadan onu ayağa qaldırmaq hazırda mümkün deyil. Biz gecə-gündüz işləyib, özəklər yaradıb işləmişik, edən idisə, yeni sədr Əhliman Abbas son 1 ildə edərdi”.

R. Hacıbəyli bildirib ki, İsa Qəmbərdən sonrakı dövrdə partiya daxilində böyük qruplar mübarizəyə başlayıblar: “Bu, qurultaya hesablanmış addım idi. Onlar düşünürdülər ki, MGT sədri kim olur olsun, təki Tural Abbaslının “adamı” olmasın. İstəmirdilər ki, təşkilat qurultayda onlara mane olsun. Tural Abbaslı uzun müddət Gənclər Təşkilatının sədri idi və o da başqanlığa namizədliyə iddiasını irəli sürmüşdü. GT-yə seçkilərin birinci turunda Tural Abbaslıya yaxın şəxs kimi qardaşım Cavid Hacıbəyli qalib gəlmişdi, bu nəticəni haqsız şəkildə ləğv elədilər. Daha sonra mən namizədliyimi verdim, elə o zaman da həmin qruplaşma Tural Abbaslıya qarşı birləşdi. C. Hacıbəylinin qələbəsinin ləğv olunması, mənim “məğlubiyyətim” Tural Abbaslı ilə başqanlığa məlum namizəd arasında gedən mübarizə idi. İndi bir-birinə kəskin münasibətdə olan qruplar və fraksiyalar zamanında bizə qarşı birləşdilər. Meydanda təkləndik”.

Onun fikrincə, MGT-nin rəhbərliyində bişmiş adam olmalı və bütün sınaqlardan keçmiş şəxs olmalıdır.

R. Hacıbəyli yeni sədr kimi Nigar Yaqublunun adının çəkilməsinə də münasibətini bildirib: “Nigar xanım hələ iddiasını ortaya qoymayıb, iddialı olarsa, seçki keçirəcək gənclər kimi seçsə, o da sədr olacaq”.

Müsavatçı Səxavət Soltanlının Ə. Abbasın MGT sədrinə gətirilməsində israrlı olması və fəaliyyətsizliyinə görə üzr istəməsinə R. Hacıbəyli belə aydınlıq gətirib.


“Səxavət Soltanlının sədr seçkilərində aidiyyəti yoxdur. O, özünü bu proseslərin içində olan adam kimi təqdim edib üzr istəyə bilər. Amma sədr onun dəstəyi ilə seçilməyib axı. Səxavət Soltanlının MGT-dəki proseslərlə bağlı uzaqdan-yaxından heç bir aidiyyətı yoxdur. Bu, partiyadaxili böyük qrupların İsa Qəmbərdən sonrakı dövrə hazırlığının nəticəsi idi. Həmin qrupların Tural Abbaslıya qarşı maraqları birləşdi. Proses göstərdi ki, Tural Abbaslı olmadan MGT heç zaman əvvəlki gücünə qayıda bilməz. Gəncləri güclü olmayan partiya isə məhvə məhkumdur”, - deyə o qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm