Partiya sədri: “Eldəniz Quliyev buraxdığı səhvə görə mütləq cavab verəcək”
Bizi izləyin

Nida.az

Partiya sədri: “Eldəniz Quliyev buraxdığı səhvə görə mütləq cavab verəcək”

“Eldəniz Quliyev buraxdığı səhvə görə mütləq cavab verəcək. Sadəcə olaraq, bu şəxsin Daxili İşlər Nazirliyi ilə məhkəmə çəkişməsi olduğu üçün biz bu çəkişməyə ortaq olmaq istəmirik. Ona görə də gözləyirik”.


Bu barədə Publika.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

VİP sədri “El” hərəkatının üzvü Eldəniz Quliyevlə məhkəmə görüşmək məsələsinin aktual olduğunu bildirib.

Qeyd edək ki, bir müddət əvvəl tərəflər arasında qarşılıqlı ittihamlar səsləndirilmişdi. VİP qarşı tərəfin təhqirə yol verdiyini əsas gətirərək məhkəməyə müraciət etmişdi. Lakin məhkəmə qaldırılan iddianı təmin etməmişdi.


Ə. Əliyev Milli Şuranın 12 oktyabr mitinqinə də münasibət bildirib. Onun fikrincə, mitinqə orta qiymət vermək olar: “Müxtəlif cür qiymətlər verilir, amma hazırkı şəraitdə bu mitinqə orta qiymət vermək mümkündür. Mitinqlər siyasi mübarizənin formasıdır və hesab edirəm ki, bunun cəmiyyətə heç bir ziyanı yoxdur. Bu mübarizə formasından bütün qurumlar və partiyalar, o cümlədən bizim təmsil olunduğumuz Birləşmiş Hüquq Müdafiəsi Komitəsi istifadə edə bilər”.

VİP sədri partiya daxili məsələlərdən də danışıb. Bildirib ki, hazırda əsas strategiya qarşıdan gələn seçkiyə hazırlaşmaqdır. Lakin partiya sədri bələdiyyə seçkilərinə o qədər əhəmiyyət vermədiklərini açıqlayıb.


“Müzakirə mövzusu bələdiyyə seçkilərdir, lakin ölkədə heç kəs bu seçkidən danışmır. Bu həm seçki prosesinə cəmiyyətin etimadının səviyyəsindən, həm də bələdiyyələrin səlahiyyət və statusundan irəli gələn münasibətdir. Cəmiyyətdəki ovqata uyğun partiya daxili süst vəziyyətdə müzakirə aparırıq. Qurumlarımız, fəallarımız seçkidə iştirakı mənasız hesab edir. Buna görə də biz əsas prioritet seçkinin 2015-ci il parlament seçkiləri olduğunu elan etmişik. Hesab edirik ki, 2015-ci ilə qədər ölkədə fors-major hadisə baş verməsə, Azərbaycanın gələcək siyasi müqəddəratını həmin seçkilər müəyyən edəcək. Bu həm də 2018-ci il Azərbaycan dövlətinin 100 illiyi ərəfəsində keçiriləcək prezident seçkilərinə də müəyyən təsirlərini göstərəcək”, - deyə partiya sədri vurğulayıb.

Ə. Əliyev prosesləri geosiyasi mənzərənin dəyişməsi ilə də izah edir. Onun fikrincə, hazırda neftin qiymətinin düşməsi Azərbaycanın sosial, o cümlədən siyasi həyatına da təsir edəcək: “Ukrayna-Rusiya münaqişəsi, dünyada baş verən qarşıdurma Azərbaycana da təsir edir. Hesab edirəm ki, 2015-ci ildə Azərbaycanda da müəyyən irəliyə doğru proseslər yaşanacaq”.


Ə. Əliyev parlament seçkilərində namizədlik iddiasında olduğunu bildirib. Lakin hələlik heç bir bloka qoşulmaq niyyətinin olmadığını da açıqlayıb.

“Təmsil olunduğumuz qurum heç bir öhdəlik daşımır, amma ordakı partiyalarla birgə hərəkət etmək kimi hallar ola bilər. Hazırda isə partiya daxilində təkbaşına seçkiyə getmək fikrini dəstəkləyirik. Partiya da, mən də seçkiyə ciddi şəkildə hazırlaşırıq”, - deyə VİP sədri bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm