Qarabağ üçün vaxt: Avropa Oyunlarından sonra münaqişə həll olunacaq
Bizi izləyin

Nida.az

Qarabağ üçün vaxt: Avropa Oyunlarından sonra münaqişə həll olunacaq

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rəsmi Bakının böyük sülh sazişi üzərində işə başlamağa hazır olduğunu açıqladı.

Oktyabrın 27-də planlaşdırılan Paris görüşünü şərh edən XİN rəhbəri vurğuladı ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə hər bir görüşün səmərəli olmasını istərdi ki, bu proses irəliləsin.

“Qoşunların çıxarılması, qaçqınların qaytarılması, nəqliyyat və infrastrukturla bağlı məsələlərin həlli üzrə strukturlar arasında işçi qruplarının yaradılması haqqında bir sıra təkliflər olub. Azərbaycan ekspertlər səviyyəsində belə danışıqlara başlamağa hazırdır. Biz Ermənistan tərəfindən cavab gözləyirik”, - deyə ölkənin baş diplomatı bildirdi.

Qeyd edək ki, 1994-cü ilin 8 may tarixində Bişkekdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs imzalandı. Həmin ilin 12 mayında Bişkek protokolu qüvvəyə mindi.

Bundan sonra ATƏT-in Minsk qrupunun iştirakı ilə tərəflər “Böyük sülh sazişi”nə imza atmalı idilər. Lakin artıq 20 ildir davam edən münaqişənin həllində Minsk qrupu heç bir səmərəli nəticə əldə edə bilməyib.
Bu sazişə görə, Azərbaycanın 7 rayonu qaytarılır, sülh imzalanır, daha sonra Dağlıq Qarabağın statusu üzərində işə başlanılır.

Publika.az xəbər verir ki, Qafqazşünaslıq elmi təşkilatının rəhbəri Andrey Areşev Məmmədyarovun açıqlamasını münaqişədə pozitiv irəliləyiş adlandırıb. Onun sözlərinə görə. tərəflərin birinin belə istəkdə olması müsbət haldır: “Amma yaxın vaxtlarda real nəticələr əldə etmək mümkün deyil. Bu mərhələdə belə sənəddən danışmaq, münaqişə həll olunmadan böyük sülhdən danışmaq tez olardı. Bir sıra ilkin addımlara təşəbbüs etmək lazımdır. Hər şeydən əvvəl tərəflər arasında qarşılıqlı etibarın qurulması və normal dialoqun başlanmasına nail olunmalıdır”.

Ekspert hesab edir ki, ilk növbədə döyüş bölgəsində hərbi hərəkətlərdən imtina edilməlidir.

“Əks təqdirdə, böyük sülh müqaviləsi üzərində işləmək çətin ki, məhsuldar ola bilər. Bu saziş XİN rəhbərləri və Minsk qrupunun vasitəçiləri tərəfindən bir arada müzakirə edilib razılaşdırılmalıdır”, - deyə ekspert bildirib.

Rusiya Diplomatları Assosiasiyasının sədr müavini Andrey Baklanov isə hesab edir ki, üç baza prinsipi olsa da, belə bir razılaşmanı rəsmiləşdirmək və bütün sənədləri uyğunlaşdırmaq asan məsələ deyil və bu proses uzanacaq.

“Ona hazırlaşmaq lazımdır ki, dalanda çıxış səyləri uzun müddət vaxt aparacaq. Buna görə də sürətli sıçrayışı gözləməyə dəyməz. Burda yenə üç prinsip- ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməmək yenə önə çıxacaq. Tərəflər hər birinin məsələyə yanaşmasını yaxşı bilirlər. Paris görüşü də güman ki, daha yaxşı dialoqun qurulması üçün təşkil olunur”, - deyə diplomat bildirib.

A. Baklanov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması iki ölkə arasında normal münasibətlərin qurulmasında finaldır: “Amma gərək əvvəlcə ölkələr və xalqlar arasında etimad mühiti formalaşdırılsın ki, gələcəkdə birgə əməkdaşlıq mümkün olsun. Belə addımlardan biri 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Yay Olimpiya Oyunları ola bilər. Yeri gəlmişkən, Azərbaycan tərəfinin erməni idmançıların təhlükəsizliyinə zəmanət verməsi pozitiv siqnaldır. Belə məsələlərin müzakirəsindən başlamaq lazımdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm