Prezident: "Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir"
Bizi izləyin

Nida.az

Prezident: "Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir"

“Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir”. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 16-da Bakıda “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

Müraciəti Baş nazirin müavini Abid Şərifov oxuyub.

Prezident bildirib ki, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcək: “İqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam uyğun olan bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Həmin xətt öz növbəsində multimodal nəqliyyat imkanlarını genişləndirəcək, eləcə də sərnişin və yük daşımalarının həcminin artırılmasını təmin edəcək. Beynəlxalq standartlar səviyyəsində yeni Bakı Dəniz Limanı Kompleksinin bərə terminalı bu günlərdə artıq fəaliyyətə başlayıb. Növbəti ildə liman istismara tam hazır olacaq və onun yükdaşıma qabiliyyəti mərhələlərlə il ərzində 25 milyon tona və 1 milyon konteynerə çatdırılacaqdır. Belə infrastrukturların qurulması böyük İpək Yolu marşurutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir”.

Dövlət başçısı qeyd edib ki, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilən konfrans nəqliyyata dair aktual məsələlərin ətraflı müzakirəsi, habelə işgüzar əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi üçün geniş imkan yaradır: “Ümidvaram ki, konfransda aparılacaq müzakirələr Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafını, beynəlxalq və regional səviyyədə yeni təşəbbüslərin irəli sürülməsi və gerçəkləşdirilməsini təşviq edəcək. Hamınıza cansağlığı və ölkələrinizin əmin-amanlığı, rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm