Müsavatın “Gizli qrup”u haqda daha bir fakt
Bizi izləyin

Nida.az

Müsavatın “Gizli qrup”u haqda daha bir fakt

Müsavat Partiyasından istefa verən Nəsimi rayon təşkilatının təşkilatı məsələlər üzrə sədrinin keçmiş müavini Rauf Məmmədli Arif Hacılı və komandası haqda maraqlı faktlar açıqlayıb.


Publika.az açıqlamasında R. Məmmədli Arif Hacılının tapşırıqlarını yerinə yetirdiyi yetirdiyi iddia olunan Müsavatdakı “Gizli qrup” haqda bildirib ki, bu qrupun üç idarəçisi var: “Bu idarəçilərdən biri Arif Hacılın əmrlərini icra edən və onun təşəbbüsü əsasında eyni adlı qrupa idarəçi kimi təyin olunmuş bir şəxsdir. Deməli, bizim partiyadan ayrılmamızla bağlı məsələ mətbuatda yer alan kimi qrupun bu idarəçisi dərhal məsələyə münasibət bildirib, hətta bununla bağlı sonradan status da yazıb. Adam deyir ki, bu qrup partiyanın rəsmi qrupudur. Partiyadan çıxmaqla bağlı qərar verən insanlar artıq burada fəaliyyət göstərə bilməz. Digər tərəfdən isə Arif Hacılının yaxın silahdaşları Gülağa Aslanlılar, Elman Fəttahlar partiyadan ayrılmış gənclərlə bağlı məsələyə münasibət bildirərkən qeyd ediblər ki, rəsmi şəkildə bu barədə partiyaya müraciət olunmayıb. Nizamnaməni əsas gətirib partiyadan ayrılmaqla bağlı sosial şəbəkələrdə yazılmış bəyanatları əsassız hesab ediblər. Bu məsələyə rəsmi müraciət olunduqdan sonra bir söz deyə biləcəklərini dilə gətiriblər. Yəni, bunların sözündən belə çıxır ki, biz hal-hazırda partiya üzvüyük. Bunlar ya özləri nə dediklərini, nə etdiklərini bilmirlər, ya da ki bunların tutduğu yol, yürütdükləri siyasət belədir. Mətbuata açıqlama verərkən özlərindən mələk obrazı yaradıb, amma öz daxili qruplarında belə məkrli işlərlə məşğul olmaq. XXI əsrdə ən güclü təbliğat və ünsiyyət vasitəsi kimi qəbul edilən bir sosial şəbəkəni çayxana ilə müqayisə etmək və buranı həqiqətən də çayxanaya çevirmək istəyənlərdən başqa bir şey gözləmək də axmaqlıqdır”.


R. Məmmədli qeyd edib ki, gənclər olaraq əsas amalları partiyanın güclənməsi, yenilənməsi və proseslərin hərəkətverici qüvvəsi sayılan gənclərin partiyaya cəlb olunaraq müsavatçılıq ideologiyasını yaşatması, Rəsulzadə irsini qoruyub saxlayaraq sonrakı nəslə çatdırılması olub.

“Misal olaraq deyim ki, partiyada təmsil olunduğum dövrdə rayon təşkilatında “Gənc Məhəmməd Əminçilər” adlı gənclər özəyi yaratmışam. Nizamnaməyə uyğun olaraq iclaslarımız keçirilib, protokollar tərtib olunub. Daha sonra Nəsimi rayon təşkilatında təşkilati məsələlər üzrə müavin olmuşam. Partiyanın təşkil etdiyi razılaşdırılmış, razılaşdırılmamış mitinqlərdə, digər tədbirlərdə iştirak etmişəm. Bizim ümumilikdə proseslərə heç zaman mənfi təsirimiz olmayıb. Bundan savayı partiya işində yaxından iştirak etməyimiz bizlərə ümumi vəziyyəti qiymətləndirmək üçün müəyyən imkanlar yaradıb. Çox təəssüflə qeyd etmək gərəkdir ki, partiyanın əsas strukturlarında fəaliyyətsizlik hökm sürməkdədir. Nizamnaməni tez-tez əsas gətirən insanlar nəzərdə tutulmuş nizamnamə tələblərinə uyğun iclaslar keçirə bilmir. Özəklərin fəaliyyəti demək olar yoxdur. Aylarla rayon təşkilatları, illərlə özəklər heç bir iclas keçirmir və ya keçirə bilmir, məhv olub gedirlər. Biz bunların aradan qaldırılmasını, partiyanın fəaliyyətinin bərpa edilməsini istəyirdik. Bu işlər cəmiyyətə demokratik seçki keçirdik görüntüsü yaratmaqla olmur. Dəyişiklik olmalıdır”, -deyə o bildirib.


Qeyd edib ki, Arif Hacılının seçilməsi ilə hansı dəyilşikliyə nail olmaq olar? “İllərdir bu insan partiyanın İcra Aparatının rəhbəridir. Bu fəaliyyətsizliyi aradan qaldırmaq, baş verənləri araşdırmaq, partiyanın güclənməsinin, işinin təşkilində bilavasitə iştirak etmək üçün yetkili şəxs daim o olub. Əziyyət çəkib, həbsdə, mübarizənin önündə olub. Bu, danılmaz faktdır. Amma onun icra aparatının rəhbəri olduğu dövrlərdə bu fəaliyyətsizliyi aradan qaldırmaq mümkün olmayıbsa, o başqan olaraq bunu necə edəcəkdir? Bütün bunlara görə bizə yeni düşüncə, yeni bir şəxs lazım idi. Məhz buna görə bizlər Qubad bəyi dəstəkləyirdik. Çox acınacaqlı durumdur”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm