Rusiya Qafqazda böyük oyuna başlayır: Bakını itirməməyin yeganə yolu
Bizi izləyin

Nida.az

Rusiya Qafqazda böyük oyuna başlayır: Bakını itirməməyin yeganə yolu

İki əsr sonra Rusiya Qafqazda yeni böyük oyuna başlayır. Bu oyundan hazırda narahat olan Ermənistandır.

Publika.az xəbər verir ki, Rusiyanın “Vestik Kafkaza” nəşri Azərbaycanla Rusiya arasında hərbi sferadakı əməkdaşlığı diqqət çəkərək bunun Yerevanda narahatlılıqla qarşılandığını qeyd edir.
Xüsusilə Rusiya müdafiə naziri Serger Şoyqunun Bakı səfəri erməniləri yerindən oynadıb.

Şoyqu Bakıya səfər etdi, ardınca Rus hərbi gəmisi Bakı buxtasına dostluq səfərinə çıxdı. Əslində, Qəbələ RLS-in Rusiya tərəfindən istismarı dayandıqdan sonra bir çoxları iki ölkə arasında münasibətlərdə çatların yarandığını düşünürdü. Halbuki, bu addım hər iki tərəfə sərf etdi. Rusiya böyük xərclərdən qurtardı, Azərbaycansa cəsarətlə heç bir dövlətin hərbi bazasının öz ərazisində olmadığını deyə bildi.

Amma Bakı ilə Moskva hərbi sferada əməkdaşlığını dayandırmadı və bu gün Azərbaycanın Rusiyadan aldığı silahların həcmi 5 milyard dolar həcminə qədər yüksələ bilər. Bakı da öz növbəsində Qərbin sanksiyalarına qarşı öz Şimal qonşusuna yardım əlini uzadıb. Bu, onu göstərir ki, Azərbaycan qonşu Rusiyaya qarşı Qərbin sərt siyasətinə qoşulmur və qoşulmaq niyyətində deyil.

Şoyqunun Bakı səfəri haqda neqativ fikirlərsə Yerevandan eşidildi. Ermənistanda ehtiyat edirlər ki, Azərbaycanla hərbi-siyasi ittifaq onların Kremllə olan münasibətlərinin zərərinədir.

“Görünür, Yerevanda hələ də dərk etmirlər ki, Azərbaycan torpaqlarının hələ də işğalda saxlanılması və Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Moskvanı çox qıcıqlandırır”, - deyə nəşr bildirir.

Bir neçə gün öncə Vaşinqtondakı Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika və Geosiyasət Mərkəzinin direktoru Ariel Koenın Moskvadakı mənbələrə söykənərək dediyi fikirlər diqqət çəkir.

“Moskvadakı mənbələrdən mənə daxil olan məlumata görə, Sərkisyanın Qarabağ məsələsində güzəştə getmək istəməsi Putini çox qıcıqlandırır. Çünki Putin Ukrayna münaqişəsini əsas götürərərək Qarabağ münaqişəsinin nizama salınmasına çalışır. Başlanğıc üçün, Azərbaycanın Qərb yönümlü siyasətdən imtina etməsi, Ermənistanın isə bir neçə rayonu qaytarması lazımdır. Strateji hədəfdə Azərbaycanın Avrasiya İttifaqına daxil olması var: “Bunun üçün Rusiya Qarabağı Azərbaycana qaytarmalı olacaq.

Çünki başqa cür Bakının Moskvaya doğru oriyentasiyasını dəyişdirmək mümkün deyil. Sərkisyan buna razı olar, amma Ermənistandakı Qarabağ klanı buna maneə yaradır”, - deyə amerikalı politoloq bildirib.

Rusiya nəşri qeyd edir ki, Ermənistanın hazırkı siyasəti Qafqazda güc balansını yaratmağa çalışan Rusiya siyasətinə qarşıdır.

Moskva hazırda Türkiyənin liderliyi ilə formalaşan Ankara-Tiflis-Bakı hərbi ittifaqına da yaxın olmaq istəyir.

Nəşr bir neçə gün bununla bağlı açıqlama verən rusiyalı politoloqun fikirlərinə söykənərək bu ehtimalı müdafiə edir.

MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri, ictimai-siyasi tədqiqatlar mərkəzinin direktoru Vladimir Yevseyev hesab edir ki, Rusiya Azərbaycan -Türkiyə - Gürcüstan arasında formalaşan hərbi birliyə dost olmaq istəyir: “Bu il Naxçıvanda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü oldu. Görüşdə üç ölkə arasında hərbi əməkdaşlıq məsələlərinə baxıldı. Rusiya bu üç ölkə arasındakı qeyri-rəsmi ittifaqa dost olmaq istəyir. Bu məsələdə Moskvaya yalnız Bakı kömək edə bilər. Çünki Türkiyə NATO-nun üzvü olduğu üçün Rusiya bu ölkə ilə hərbi əməkdaşlıq qura bilmir. Məlum səbəblərdən Gürcüstanla da bu mümkün deyil. Hərbi əməkdaşlıq üç ölkədən yalnız Azərbaycanla mümkündür. Rusiya istəyir ki, neft kəmərlərinin mühafizəsi məqsədilə hazırda formalaşdırılan üç ölkə arasındakı hərbi ittifaq ona dost münasibət bəsləsin. Moskva bununla kiməsə nəsə göstərmək, yaxud kiməsə qarşı çıxmaq fikrində deyil, sadəcə normal münasibətlər istəyir. Çünki Moskvanın ideyası ondan ibarət deyil ki, Cənubi Qafqazda bir tərəfdə Türkiyə-Azərbaycan-Gürcüstan hərbi bloku, digər tərəfdə Rusiya-Ermənistan hərbi bloku yaransın.

Moskva bu cür blok bölgüsünə qarşıdır. Rusiya bütün Cənubi Qafqazda vahid təhlükəsizliyi dəstəkləyir. Bu məqsədlə Kreml Azərbaycanla münasibətləri yüksək səviyyədə qurur ki, Cənubi Qafqazda istənilən blok qarşıdurmasından qaçmaq mümkün olsun. Çünki hansısa blok kifayət edir ki, regionda təhlükəsizlik pozulsun”.

“Vestik Kafkaza” görə Moskva perspektiv strategiyaya görə, Yerevanın nazı ilə oynamayacaq və qarşıdakı illərdə xüsusi bir hadisə baş verməsə Qarabağ münaqişəsinin həll olunmasına maksimum çalışacaq.

“Bakını itirməmək üçün hələ ki yeganə yol bundan keçir”, - deyə nəşr vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm