Məzahir Pənahov: “Seçki yolu ilə Azərbaycana müdaxilə edə bilərlər”
Bizi izləyin

Nida.az

Məzahir Pənahov: “Seçki yolu ilə Azərbaycana müdaxilə edə bilərlər”

“Qısqanc ölkələr, qısqanc qurumlar insan hüquqlarının ölkələrin daxili işləri olmadığını əsas gətirərək seçkilər yolu ilə Azərbaycana müdaxilə etmək imkanları əldə edə bilərlər”.


Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

M. Pənahov bildirib ki, Azərbaycan artıq həm iqtisadi, həm də insanların potensialı baxımından inkişaf etmiş ölkədir. Azərbaycan müstəqilliyini qazanandan, dövlət strukturları formalaşandan sonra dünyanın demokratik dövlətlər ailəsinin üzvü olduğunu ortaya qoya bilib. Onun sözlərinə görə, Azərbaycanın xoşbəxt gələcəyini təmin etmək üçün, o cümlədən ölkədə demokratik seçkilərin keçirilməsinin təmin edilməsi üçün mühüm addımlar atılıb: “Bütün dünyada dövlətlərə, xalqlara qiymət o ölkədə keçirilən seçkilərə verilən qiymət əsasında formalaşır. Məhz ona görə də Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf şəkildə keçirilməsinə ciddi diqqət var. Azərbaycan Prezidenti bu məsələni həmişə diqqətdə saxlayır”.

MSK sədri qeyd edib ki, Azərbaycan Seçki Məcəlləsi tamlığı və hərtərəfliliyinə görə nəinki Avropada, bütün dünyada seçilən hüquqi sənəddir və bunu beynəlxalq ekspertlər də təsdiq edirlər.

“Harada ədalətli seçkilərin keçirilməsi üçün ölkə rəhbərliyinin siyasi iradəsi yoxdursa, dünya təcrübəsi göstərir ki, bu, orada ciddi problemlərə gətirib çıxarır. Amma bu vaxta kimi Azərbaycan Prezidentinin ölkədə seçkilərin demokratik, şəffaf keçirilməsi üçün iradəsinin olmamasına heç işarə belə yoxdur. Qısqanc ölkələr, qısqanc qurumlar insan hüquqlarının ölkələrin daxili işləri olmadığını əsas gətirərək seçkilər yolu ilə Azərbaycana müdaxilə etmək imkanları əldə edə bilərlər. Biz də çalışmalıyıq ki, onlara bu imkanları verməyək”, - deyə sədr bildirib.

M. Pənahov əlavə edib ki, MSK seçkilərin yüksək səviyyədə, demokratik, şəffaf və ədalətli qaydada keçirilməsi üçün hazırda bütün dövlət orqanları ilə sıx əməkdaşlıq edir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm