Müsavatda “Tovuz çatı”: İstefaları kimlər təşkil edir?
Bizi izləyin

Nida.az

Müsavatda “Tovuz çatı”: İstefaları kimlər təşkil edir?

Müsavat Partiyasının VIII qurultayından sonra istefaların olacağı gözlənilirdi. Halbuki yeni başqan Arif Hacılı istefaları olacağına inanmadığını açıqlamışdı.


Lakin müxalifətin ən stabil partiyalarından hesab olunan Müsavat üçün uzun müddət gecikən qurultay uğurlu olmadı. Partiyada islahatçılarla, mühafizəkarlar qarşı-qarşıya dayanıb və bu qarşıdurmanın nəticəsi partiya üçün xoşagəlməz nəticələrə səbəb ola bilər.


Artıq istefa verənlərin siyahısı hər gün genişlənir. İstefa verənlərin arasında MGT sədri Əhliman Abbasdan tutmuş Tofiq Hüseynliyə qədər (“Qara Tofiq”– red) var.

Ən diqqətçəkən və kütləviliyinə görə seçilən istefa isə partiyanın Tovuz rayon təşkilatıdır.
Təşkilat rəhbərliyi 19 nəfərlə birlikdə qurultay ərəfəsi və ondan sonra baş verənlərə etiraz olaraq istefa verdilər.
Partiyanın yeni rəhbərliyi məsələyə dərhal reaksiya verərək sanki heç bir itkinin olmadığı kimi “siz gedərsiniz, biz yenisini qurarıq” tipli açıqlama verdi.


Müsavatın Təşkilat Şöbəsinin müdiri Razim Əmiraslanlı Publika.az-a bildirdi ki, Tovuz rayon təşkilatının istefa bəyanatı ilə partiya rəhbərliyi tanış olub: “Müsavat Partiyasına qəbul fərdidir. Rayon təşkilatının rəhbərliyinə daxil olan bəzi şəxslər partiyanı tərk edib. Lakin Tovuz rayon təşkilatında Müsavat partiyasının ümumi ideoloji xəttini dəstəkləyən müsavatçılar var. Biz onlarla əlaqə saxlamışıq və yaxın zamanlarda Tovuz rayon təşkilatının fəaliyyəti bərpa olunacaq”.


Bu yaxınlarda 103 yaşını qeyd edən partiya faktiki olaraq parçalanma ilə üz-üzə qalıb. Yeni başqana qarşı çıxanlar müsavatın kifayət qədər nüfuzlu kəsimidir ki, onlar hazırkı vəziyyətlə barışmaq niyyətində deyillər.

Arif Hacılının əsas əleyhdarlarından olan Səxavət Əlisoyla Adil Qeybulla Siyasi Dialoq və İslahatlar Mərkəzi (SDİM) yaratdılar.
Müsavatda baş verənlərdə diqqətçəkən əsas məqam çatların Tovuz rayon təşkilatından başlamasıdır.


Belə ki, Arif Hacılının üç əsas əleyhdarı - Vurğun Əyyub, Tofiq Hüseynli (“Qara Tofiq”) və Rauf Arifoğlu bu rayon təşkilatının əsas özəyini qurublar.

R. Arifoğlu bu seçkidə mövqeyini o qədər də büruzə vermədi, hətta müəyyən mənada yeni başqana dəstəyini də göstərdi. Onun Tovuz müsavatçıları istefa verəndən sonra “Atam, anam, kənddəki qohumlarım Müsavat Partiyasının üzvləridirlər. Heç biri istefa verməyib, istefa vermək fkirləri də yoxdur. Ümumiyyətlə, Tovuz təşkilatının nominal üzvlərinin 85 faizi istefa verməyib - sadəcə qeyri-fəal vəziyyətdədirlər” açıqlaması da bunu göstərdi.


“Qara Tofiq”: AXC zamanında kənd təsərrüfatı naziri olmuş T. Hüseynli uzun illər isa Qəmbərin müşaviri olub. Öz zəhmi və çəkisinə görə nüfuzludur. Onun partiyada sözü yetərincə keçir. Müsavatın ən nüfuzlu “kliçkalı” müşaviri partiyadan dünən istefa verdiyini açıqladı. Lakin qısa olaraq, “tale belə gətirdi” sözləri ilə gedişini izah etdi.

Amma bəlli idi ki, “Qara Tofiq” onun rəhbərliyi ilə Tovuz rayonunda qurultaya nümayəndə seçmək üçün keçirilən müşavirənin nəticələri ləğv edildiyi üçün bu addımı atdı.

S. Əlisoy bununla bağlı bildirib ki, T. Hüseynli Q. İbadoğlunu dəstəklədiyi və onun iştirakı ilə seçilən qurultay nümayəndələri Arif Hacılıya qarşı olduğu üçün nəticələr ləğv edilib.
Bu baxımdan, “Tovuz çatı”nın arxasında görünən əsas fiqurlardan biri “Qara Tofiqdir”.


İkinci əsas fiqur isə Vurğun Əyyubdur. Vurğun Əyyub müsavatın ziyalı kəsimində əsas şəxslərdən hesab olunur. O, Qubad İbadoğlunun qatı tərəfdarıdır və Arif Hacılının başqan olduğu seçkini şübhə altına alan ilk çəkili müsavatçıdır.


“Hesab edirəm ki, seçkilərin keçirilməsində bəzi qüsurlara və ədalətsizliyə yol verildi. Bu da keçirilən seçkilərin nəticələrinin legitimliyini şübhə altına alır. Legitimliyi şübhə altında olan başqanı mən heç vaxt təbrik etməyəcəyəm”, - deyə o bildirmişdi.

Ardınca A. Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli ilə sərt qarşıdurmaya getdi.
“Tovuz çatı”nın baş verməsində V. Əyyubunun da kölgəsi görünür.

Məqsəd güman ki, güclü Arif Hacılı komandasının sıradan çıxarılması və İsa Qımbərin də tanıdığı seçkinin nəticələrinə yenidən baxılmasına nail olmaqdır.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm