• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bakının enerji layihələri təhlükədə - Vaşinqtonla Kremlin Xəzərin dibindəki savaşı

  • Nida.az
  • 20 Oktyabr 2014 16:50
  • 984 Baxış
Bakının enerji layihələri təhlükədə - Vaşinqtonla Kremlin Xəzərin dibindəki savaşı

Transxəzər boru kəmərinin çəkilişi məsələsi yenidən gündəmdədir. Bu dəfə Moskva öz narahatçılığını ortaya qoyur.


Publika.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Xəzərdə boru kəmərlərinin inşa edilməsi məsələsinə kənar qüvvələrin müdaxilə cəhdləri görünür.


“Beş Xəzər dövləti bu məsələni yalnız özləri həll edə bilər, hansı şərtlərdə, hansı formada Transxəzər boru kəmərlərini çəkmək, həmçinin burada ekoloji təmizliyi gözləmək qərarı bizim, yəni 5 Xəzər dövlətinin haqqımızdır. Xəzərdə ekoloji təhlükəsizlik haqqında konvensiya var, həmçinin, Xəzərin bioresurslarının qorunması haqqında sənəd qəbul edilib. Regionda çox kövrək ətraf mühit var və bunu düşünmək lazımdır. Hansısa layihənin reallaşması üçün Xəzərin beş ölkəsinin razılığı lazımdır. Halbuki bu gün kənar müdaxilələrə cəhdlər var və bunların əsas müəllifləri Avropa məmurlarıdır”, - deyə Lavrov qeyd edib.


Göründüyü kimi, Moskva həmişə olmuş narahatçılığını açıq büruzə verir. Hansı ki Bakı və Aşqabad arasında Avropanın dəstəyi ilə Xəzərin dibindən boru kəmərinin çəkilişi ideyaları var.

Bir neçə həftə öncə Bakıda keçirilən Azərbaycan və Türkmənistan nümayəndə heyətinin birgə iclasında bu məsələ də müzakirə olunmuşdu. Bu iclasın Həştərxanda keçirilən Xəzər sammiti ardından baş tutması da diqqət çəkən idi. Bakı ilə Aşqabad arasında Xəzərlə bağlı müəyyən anlaşılmazlıqlar olsa da, məhz bu məsələdə tərəflər digər problemləri arxa plana keçirir. Belə ki, burda əsas məsələ dənizin dibi ilə boru kəmərin çəkilməsi və beləliklə, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan boru kəmərlərinin əlavə enerji mənbələri ilə təmin edilməsidir. Bu marşrut iki ölkə üçün də strateji baxımdan olduqca əhəmiyyətlidir. BP-nin hesabatına görə, Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qatardan sonra dördüncü yerdə gəlir. Çıxarılan ehtiyatlar 17,5 trilyon kubmetr təşkil edir. Bu ümumi dünya ehtiyatlarının 9 faizi deməkdir. Təbii ki, bu qazın böyük hissəsi ixrac üçün nəzərdə tutulub. Bu baxımdan, Aşqabad öz qazını dünya bazarlarına çıxarmaq üçün şaxələndirilmiş marşrutlara üstünlük verir. Hansı ki, türkmən qazına maraqlı olan Uzaq Şərq alıcıları da var. Bununla yanaşı, Ukrayna hadisələri fonunda Avropanın qaz problemi kəskinləşir və türkmən qazı Qərb üçün aktuallığını artırıb. Türkmən qazının Avropaya ən sərfəli çıxışı isə “Transxəzər” marşrutudur. Belə ki, Rusiyadan yan keçərək dənizin dibi ilə Bakıya, ordan da bu günlərdə təməli atılan “Cənub qaz dəhlizi” ilə Türkiyə, Yunanıstan və İtaliya olmaqla Avropaya çıxarıla bilər. Rəsmi Bakı Türkmənistan və Mərkəzi Asiya qazına öz kommunikasiya vasitələrindən yer verə biləcəyini açıqlayıb. Aşqabad Avropa üçün 10 milyard kubmetr qaz ehtiyatı saxlayır.

Əgər Qərb bu işdə maraqlı olsa, bu layihə alına bilər. Yəni dənizin dibi ilə boru kəməri layihəsinin reallaşması istiqamətdə işlər xeyli irəliləyib. Moskvanı narahat edən və Lavrovu “Xəzərdə boru kəmərlərinin inşa edilməsi məsələsinə kənar qüvvələrin müdaxilə cəhdləri görünür” açıqlamasını verməyə məcbur edən də budur. Rusiya regionda öz hegemon gücünə alternativin olmamasına çalışır.


Dənizin dibi ilə çəkilə biləcək boru kəmərinin Azərbaycan üçün əhəmiyyəti xeyli dərəcədə böyükdür. Bakı ən azından bununla əsas investoru özü olduğu “Cənub qaz dəhlizi” kəmərinin ömrünü xeyli uzadacaq və bu layihənin əhəmiyyətli yüksələcək. Çünki 10 milyard kubmetrlik Bakı qazı Avropanın dərdlərinə çarə deyil. türkmən qazının bu layihəyə qoşulması isə təminat məsələsini tamamilə həll edə bilərdi. Lakin bu alınmasa, uzaq perspektivdə Azərbaycanın bu gün kapital yatırdığı enerji layihələrinin əhəmiyyəti da azala bilər.


Politoloq Vəfa Quluzadə Bakı ilə Aşqabad arasındakı boru kəmərinə əsas maneənin Rusiya olduğunu düşünür.

“Rusiyanın istəmədiyi və qorxduğu məsələlərdən biri Türkmənistan qazının dənizin dibi ilə çəkiləcək boru kəməri vasitəsilə Bakıya, burdan da Avropaya çıxmasıdır. Lakin hər şeyə rəğmən mən hesab edirəm ki, Bakı ilə Aşqabad arasında Xəzərin dibi ilə boru kəmərinin çəkilməsi reallaşa bilər”, - deyə o bildirib.


Lavrovun bəyanatını şərh edən Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru, rusiyalı politoloq Sergey Mixeyev bildirib ki, Transxəzər boru kəmərinin Qərbdə lobbiçiliyinin edilməsinin açıq və naməlum tərəfləri var. Onun sözlərinə görə, bu layihə təkcə Avropaya deyil, həm də ABŞ və bütövlükdə Cənub energetika dəhlizinə, hansı ki, amerikalıların uzaq gələcəyə hesablayıb, təsir edir: “Burdakı konsepsiyanın məqsədi Mərkəzi Asiya neft-qaz axınlarını Rusiyadan yan keçməklə həyata keçirmək və bunu Cənubi Qafqaz vasitəsilə Avropaya çatdırmaqdır. Beləliklə, Rusiyanın Mərkəzi Asiya regionu ilə əlaqələrini zəiflətmək, eyni zamanda, Çinin təsirini azaltmaq, bununla yanaşı, yerli hakimiyyətləri Qərblə əməkdaşlığa sövq etməkdir”.

Onun fikrincə, Transxəzər kəməri Avropanı alternativ neft və qazla təmin etməklə yanaşı, Rusiyanın post-sovet məkanı ölkələrindən kənarlaşdırır.

Lakin rusiyalı ekspert hesab edir ki, bu, ssenarinin görünən tərəfidir.
Mixeyev hesab edir ki, burda görünməyən tərəflər də var: “Bu da regiondakı siyasi hakimiyyətləri Qərblə sıx əməkdaşlığa sövq etməklə tədricən onların dəyişməsinə şərait yaradacaq. ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada hakimiyyətləri loyallarla dəyişdirməyə potensial iddiaçıdır. Avropa burda sadəcə birlik ölkələrini yanacaqla təmin etmək üçün maraqlıdır. Beləliklə, üzdə iqtisadi hədəflər böyük görünür, amma dərinlikdə siyasi hədəflər daha güclüdür. Unutmaq lazım deyil ki, bir müddət öncə Amerika Azərbaycana Xəzərdə mövcud olmayan mühafizə üçün hərbi birlik yaratmağı təklif edirdilər”.

Politoloq bildirib ki, Transxəzər boru kəməri reallaşacaqsa, Qərb regionda mövqelərini bərkidəcək və öz rəqibi Rusiyaya, İrana və Çinə yenidən təzyiq edəcək.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR