Sərkisyanın Azərbaycana “Paris” təxribatı: “İlham Əliyev ona yerini göstərəcək”
Bizi izləyin

Nida.az

Sərkisyanın Azərbaycana “Paris” təxribatı: “İlham Əliyev ona yerini göstərəcək”

Ermənistan Azərbaycana qarşı növbəti təxribata hazırlaşır. Belə ki, öz doğma yurdlarını ziyarət etmək üçün erməni işğalında olan Kəlbəcərə səfər edərkən girov götürülən Dilqəm Əhmədovla Şahbaz Quliyevin məhkəməsi 27 oktyabra təyin edilib. Həmin tarixdə Azərbaycan və Ermənistan prezidentləri Parisdə ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesini müzakirə edəcək.
Görünür, Yerevanın kiçik düşüncəli texnoloqları bununla nəsə etməyə çalışır. Buradan ortaya iki versiya çıxır. Birincisi, Paris görüşünün fonunda girovların məhkəməsinə diqqəti azaltmaq, ikincisi isə, Sərkisyanın Azərbaycanı ittiham etmək üçün əlində əsas yaratmaq.

Hər iki halda Ermənistan öz təxribat əməllərindən əl çəkmir. Bu həm də onu göstərir ki, erməni rejimi münaqişənin həllində heç də maraqlı deyil və Paris görüşü də sıradan bir görüşlərdən olacaq.

“Əminəm ki, İlham Əliyev növbəti dəfə Sərkisyana yerini göstərəcək”

Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Zahid Oruc Publika.az-a açıqlamasında bildirib ki, Paris görüşünün baş tutacağı gün girovların məhkəməsinin keçirilməsi Yerevanın öz təbirincə Azərbaycana təzyiqidir: “Sərkisyanın çevrəsindəki dar düşüncəli siyasi texnoloqlar düşünürlər ki, bunu Azərbaycanın əleyhinə çevirəcəklər və Azərbaycan lideri İlham Əliyevi emosional duruma düşürəcəklər. Lakin İlham Əliyevi tanıyanlar yaxşı bilir ki, o, güclü diplomatdır və bir həqiqi lider, dövlət rəhbəri kimi siyasi danışıqlarda öz soyuqqanlığını və praqmatikliyini daima qoruyur. Sərkisyan isə əksinə, ya xəstəlik adı, ya da dilə gətirilməsi caiz olmayan davranışlarla dialoq raundlarını tərk edərək, öz zəifliyini göstərib. İndi də bu məsələdən zəifliyini gizlətmək üçün bəhrələnmək istəyir. Əminəm ki, cənab İlham Əliyev növbəti dəfə Sərkisyana yerini göstərəcək”.

“Ermənilər öz təbirlərincə bizə görk vermək istəyirlər”


Komitə üzvü qeyd edib ki, Ermənistan girovların üzərində apardığı əməliyyatlarla Azərbaycan insanına dərs vermək, öz doğma yurdlarına getmək istəyənlərin qarşısını almaq istəyir: “Yəni Dilqəm Əhmədov və Şahbaz Quliyev kimi öz doğulduqları yerə getmək istəyənlərə görk verirlər. Halbuki, Azərbaycan insanına bununla təsir etmək mümkün deyil. Həsən Həsənovu da qətlə yetirməklə, digərləri üzərində qeyri-insani əməliyyatlar aparmaqla Azərbaycana qarşı informasiya müharibəsi aparır və bunu medialarına tirajlayırlar. Hesab edirlər ki, Azərbaycan mediası buna adekvat verəcək və digər dövlətlərdə ölkəmiz haqqında mənfi rəy formalaşdıracaqlar. Amma bir şeyi unudurlar ki, qarşı-qarşıya dayandıqları dövlətin lideri İlham Əliyevdir. Hansı ki, o heç vaxt öz vətəndaşını yad əllərdə qoymayıb. Bu məsələni Putinlə görüşdə də qaldırdı və hər iki girovumuzu geri alacağıq. Bunu ermənilər də unutmasınlar. Lakin heç vaxt biz ermənilərə qarşı bu cür qeyri-insani davranışlara yol verməyəcəyik. Bizim fərqimiz də budur. Amma düşünürəm ki, buna qarşı media və xarici siyasət idarəmiz addımlar amalıdır”.

“Obama da prezidentlərin görüşünü təşkil edəcək” - Paris gözləntiləri


Z. Oruc Paris görüşündən gözləntilərini də açıqlayıb. Bildirib ki, bu görüşdən sonra eyni formatlı görüş güman ki, ABŞ prezidenti Barak Obama tərəfindən də keçiriləcək.


“Bəllidir ki, Qərb Rusiyanın Qarabağ üzərində təkbaşına monopoliyasının davam etdirməkdə maraqlı deyil. Ona görə də belə görüşlər keçirilir. Amma mən Parisdə böyük sülh sazişinin imzalanacağını deyənlərə razı deyiləm. Qərb sadəcə olaraq, Putinə, “Ukraynada dava aparsan da, Qafqazda nəsə etməyə imkan verməyəcəyik” demək istəyir”, - deyə komitə üzvü vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm