Qərb-Rusiya savaşında Azərbaycan müstəvisi: mümkün hərbi ssenarilər - Araşdırma
Bizi izləyin

Nida.az

Qərb-Rusiya savaşında Azərbaycan müstəvisi: mümkün hərbi ssenarilər - Araşdırma

Qərb - Rusiya savaşında Cənubi Qafqaz faktoru daima xüsusi əhəmiyyətə malik olub. Xüsusilə regionda coğrafi mövqeyi və karbohidrogen ehtiyatları baxımından Azərbaycan bu savaşın açıq və ya gizli müstəvisinə çevrilib. Tərəflərin qarşıdurması artıq hərbi yön almaqdadır.


Rusiya müdafiə naziri Sergey Şoyqunun “Rusiya Federasiyası sərhədlərinə yaxın ərazilərdə hərbi əməliyyatların ssenarilərinin hazırlanmasını müşahidə edir” açıqlaması da faktiki olaraq bundan xəbər verir və ortaya belə sual çıxarır ki, “Bu ərazi Azərbaycan ola bilərmi?”


Rəsmi Bakının öz ərazisindən heç bir dövlətə, xüsusilə də qonşularına qarşı istifadəsinə icazə verməyəcəyi ilə bağlı mövqeyi aydındır. Hazırda regionda yeganə ölkə Azərbaycandır ki, ərazisində kənar dövlətin hərbi bazası yoxdur. İki il öncə Qəbələ RLS-in Rusiya istifadəsindən alınması ilə bu proses tamamilə yekunlaşdı.
Lakin bu o demək deyil ki, dünyanın qarşı-qarşıya olan qütblərində yer alan Qərb və Rusiya Bakıdan belə bir istəkdə bulanmayıb. Hansı ki, vaxtilə ABŞ-ın belə istəklə Bakıya müraciət etməsi haqda xəbərlər mediaya sızmışdı. Rəsmi Bakı bununla razılaşmadı.


Vaşinqton Rusiyaya qarşı raketdən müdafiə sistemləri Çexiya və Polşada yerləşdirildi, həmçinin, Baltikaynı ölkələrində bunun quraşdırılması ehtimalları var. Amma Vaşinqton üçün seçim arasında Azərbaycan daha sərfəli idi. Bu həm Rusiya sərhədinə daha yaxın olmaq, həm də Cənubi Qafqazda təsir gücünü artırmaq olardı. Buna paralel olaraq, Moskvanın Azərbaycan ərazisindən Qərbə qarşı istifadəsi də ən uyğun ssenarilər sırasındadır. Hansı ki, bununla Kreml zərbəni öz sərhədlərindən kənarda qarşılayır və dəf edir. Dəyə biləcək zərər ondan uzaq olur.


Bu kontekstdə Şoyqunun Rusiya sərhədləri yaxınlığında hərbi əməliyyatlar ssenarisi haqda açıqlama verməsi diqqət çəkir.


Publika.az ABŞ-Rusiya savaşında Azərbaycanın müstəvi olması ehtimalını araşdırmağa çalışıb.


“Hərbi ssenarilər Azərbaycan ərazisindən başladılması kiçik ehtimaldır”


Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bunu birmənalı şəkildə istisna edir. Onun sözlərinə görə, Rusiyaya qarşı hərbi ssenarilər varsa, yaxud Moskva öz rəqibi Qərbə qarşı Azərbaycanın ərazisindən istifadə etməyəcək: “Bu 100 faiz belədir. Rusları narahat edən Amerikanın Avropadakı olan hərbi bazalarıdır. Çünki Rusiyanın sərhədində olan Baltikyanı və Şərqi Avropa ölkələri, Bolqarıstan, Polşa, Macarıstan NATO ölkələridir, yaxud Şimal alyansı ilə müxtəlif formada əməkdaşlıq edir. Varşava müqaviləsindən çıxan kimi bu ölkələrin əksəriyyəti NATO-ya daxil oldular. Bunlara qarşı Belarusiya, yaxud Kalininqradda əsgəri baza yaradıla bilər. Lakin bu qarşıdurmada Azərbaycanın müstəvi olması fikri olduqca kiçik ehtimaldır”.


V. Quluzadə əlavə edib ki, NATO artıq Rusiyanın qapısındadır.


“Bunu özləri də etiraf edir. Ukrayna böhranına görə NATO öz qüvvələrini artırır və gücləndirir. Amerika Rusiya sərhədlərində yeni raket radar sistemləri qurur. Raket radar sistemləri qurulub qurtarandan sonra Rusiya ərazisindən Qərbə atılacaq bütün raketlər məhv ediləcək. Rusiya da çalışır ki, onlara qarşı nəsə qursun. Qərblə Rusiya qarşıdurması davam edir və bunun necə bitəcəyi dəqiq bilinmir”, - deyə politoloq bildirib.


Həm böyük Rusiya, həm də demokratik Qərblə normal münasibət


Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri də hesab edir ki, Azərbaycan bu savaşda müstəvi olmayacaq: “Belə olması üçün cəhdlər var, amma rəsmi Bakı bütün hallarda buna razılıq verməz. Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət elədir ki, belə bir bazanın yerləşdirilməsi, yaxud hərbi ssenarilərin burdan Rusiyaya, eləcə də əksinə, yəni Qərbə qarşı istifadəsi nəzəri cəhətdən mümkün deyil. Bizim hansısa xarici qoşunların ölkəmizdə yerləşməsinə dair hərbi qanunvericilikdə də qadağan edir. Azərbaycan hakimiyyəti dünya güclərinin çağdaş çatışmasının arasında qalmamaq üçün balanslaşdırılmış siyasət yürüdür. Həm böyük Rusiya, həm də demokratik Qərblə normal münasibətlər saxlayır. Bu baxımdan, hansısa hərbi qarşıdurmada yer alacağımız inandırıcı deyil”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm