II Qarabağ müharibəsinin qarşısını kim aldı? – Alman deputatdan İrəvana çağırış
Bizi izləyin

Nida.az

II Qarabağ müharibəsinin qarşısını kim aldı? – Alman deputatdan İrəvana çağırış

“Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalı, Azərbaycanın məcburi köçkünləri öz doğma yurdlarına geri dönməlidir. Hər iki tərəf qarşıdurmadan, hərbi ritorikadan çəkinməli, güzəştlərə meyilli olmalıdır. Cənubi Qafqazda dövlətlərarası münaqişə beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll olunmalıdır”.


Publika.az xəbər verir ki, bu barədə Almaniya Bundestaqının Solçular fraksiyasının deputatı Katrin Kunert deyib.


K. Kunert Almaniya Federal hökumətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın səylərini dəstəkləməyə çağırıb.


“Tərəflər arasında sülh danışıqlarının effektiv davamı üçün ATƏT-in Minsk qrupunda təcili surətdə şəxsi maliyyə və kadr potensialı olan işçi qrupları yaradılmalıdır. Unutmaq lazım deyil ki, bu ilin avqust ayında tərəflər arasında tammiqyaslı müharibənin baş verməsinin qarşısını Rusiya aldı”, - deyə o bildirib.


Bundestaqın üzvü vurğulayıb ki, torpaqlar qaytarıldıqdan sonra Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə zəmanət verməlidir. Onun fikrincə, beləliklə, müharibənin yenilənməsi təhlükəsi minimuma endirilə bilər: “Bu prosesdən sonra regionun hər iki əhalisinin iştirakı ilə demokratik yolla Dağlıq Qarabağın son siyasi statusunun təyin edilməsi üçün kifayət qədər vaxt olacaq”.

Alman deputat qeyd edib ki, üzvü olduğu Sol Partiyası məcburi köçkün və qaçqınların doğma yurdlarına qayıdışını dəstəkləyir.


“Almaniya da Minsk qrupunun üzvü olan ölkə kimi öz səylərini genişləndirməlidir”, - deyə K. Kunert bildirib.


Qeyd edək ki, bir neçə gün öncə Bundestaqda Sol kommunist fraksiyası Almaniya Federal hökumətindən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində aldığı rol üzrə təfsilatlı hesabat tələb edib.
Federal hökumətə fraksiya tərəfindən ünvanlanan sorğuda Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.
Qeyd edilib ki, BMT-nin Təhlükəsizlik Şurasınını Qarabağla bağlı 4 qətnaməsi, BMT-nin Başı Assambleyaları, Avropa və beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Moskvanın xüsusi rolu qeyd edilir.


“Rusiya Ermənistanla da, Azərbaycanla da intensiv münasibətləri dəstəkləyir. Azərbaycanla Rusiya arasında son illər iqtisadi və siyasi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edir. Hər iki ölkə radikal terrorizmə qarşı da birgə mübarizə aparırlar. 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olan Azərbaycan Gürcüstandan fərqli olaraq NATO-ya üzvlüyə hələ ki can atmır. Bu fonda Rusiya beynəlxalq hüquqa uyğun olaraq münaqişənin həlli üçün aktiv səylərini göstərir. Buna nümunə kimi cəbhədəki “avqust gərginliyi”nin aradan qalxması üçün Rusiyanın rolu göstərilə bilər”, - deyə sorğuda bildirilib.


Bunu əsas götürən alman kommunistlər aydınlaşdırmaq istəyirlər ki, Minsk qrupunun köməkçi üzvlərindən olan Almaniya Rusiyanın münaqişənin həlli üçün atdığı addımları nə dərəcədə dəstəkləyir.


Hökumətə ünvanlanmış sorğuda 40 məsələ öz əksini tapıb.
Sorğuda kommunistlər 2011-ci ilin 8 martında azərbaycanlı oğlan Fariz Bədəlovun cəbhədə erməni snayperi tərəfindən qətlə yetirilməsinin son nəticələri ilə maraqlanıblar.

Bundan başqa, Azərbaycanın ərazi bütövlüyünün pozulması, tanınmamış “DQR”-in qanunsuz fəaliyyəti, Xankəndində aeroport açılması, ABŞ tərəfindən “DQR” rejiminə maliyyə yardımlarının edilməsi məsələləri önə çəkilib.


Qeyd edək ki, Almaniya qanunvericiliyinə görə, hökumət bu sorğuya 14 gün ərzində cavab verməlidir. Lakin sorğunun genişliyi nəzərə alınaraq, bu müddət bir qədər gecikə bilər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm