Rəfael Hüseynov: “Mehriban Əliyeva Nobel sülh mükafatı alacaq”
Bizi izləyin

Nida.az

Rəfael Hüseynov: “Mehriban Əliyeva Nobel sülh mükafatı alacaq”

“Mehriban xanım Əliyeva gördüyü səmimi işlərə görə yaxın gələcəkdə Nobel sülh mükafatı, yaxud hansısa böyük dünya ödülünü alacaq. Çünki o, bu işləri hansısa mükafat gözlədiyi üçün deyil, ürəyinin səsini dinləyib həyata keçirir. İnsanın da yaxşı əməlləri həmişə dəyərini alır”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, akademik Rəfael Hüseynov Nobel sülh mükafatının Azərbaycan və bəşəriyyət üçün gördüyü işlərə görə ölkənin birinci xanımı Mehriban Əliyevaya verilməsi təklifinə münasibət bildirərkən deyib.


R. Hüseynov qeyd edib ki, Mehriban Əliyeva Azərbaycan daxilində gördüyü bütün faydalı işlərdən əlavə, uzun müddətdir ki, UNESCO-nun xoşməramlı səfiri kimi beynəlxalq aləmdə də fəaliyyətini ortaya qoymaqdadır: “Onun gördüyü işlər, xeyriyyəçi əməllər, xalqları bir-birinə yaxınlaşdırmaq istiqamətindəki fəaliyyəti Azərbaycan çərçivəsindən çox kənara çıxıb. Müxtəlif ölkələrdə mədəniyyət abidələrinin bərpası, təhsilə, uşaqlara qayğı, İtaliyada, Fransada həyata keçirdiyi uğurlu layihələri sübut edir ki, Mehriban xanım ictimai xadim olaraq dünyada sülhün, anlaşmanın, ölkələr və xalqların arasında yaxınlaşmanın dəstəkçisidir. Bu isə onun Nobel sülh mükafatına layiq olmaq haqqını sübut edir”.


R. Hüseynov bildirib ki, bəzən Nobel mükafatı müəyyən konyuktura formatında təqdim olunur.


“Biz bunu tarixdən də görmüşük. Lakin hesab edirəm ki, məhz Mehriban xanım kimi, fəaliyyəti səmimi olaraq bəşəriyyətin inkişafına, qlobal sülhün qorunmasına yönələn şəxslərə bu mükafat təqdim olunmalıdır. Mehriban xanım Əliyevanın adı və əməlləri bu sırada ən yüksəkdə dayanır. Bunu həmyerlimiz və bizə yaxın olduğu üçün demirik. Dünyanın müxtəlif ölkələrində istər mətbuat səhifələrində, istər ictimai xadimlər, istərsə şəxsən mənim ünsiyyətdə olduğum insanlar Mehriban xanımın fəaliyyətini yüksək dəyərləndirirlər. Hesab edirəm ki, yaxın gələcəkdə Nobel sülh mükafatı, yaxud hansısa böyük dünya ödülü Mehriban xanımı tapacaq. Çünki o, hansısa mükafatı gözləmədən işini görür. İnsanın gördüyü yaxşı işlər də gec-tez dəyərini alır”.


Qeyd edək ki, “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı bu məsələ ilə bağlı mətbuatda “Azərbaycanı görün...” adlı xüsusi məqalə ilə çıxış edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm