“Arif Hacılı narazıların varlığını qəbul etmir” – Müsavatda istefa çağırışları
Bizi izləyin

Nida.az

“Arif Hacılı narazıların varlığını qəbul etmir” – Müsavatda istefa çağırışları

“Müsavatda baş verən hadisələrin əsas baiskarı indiki rəhbərlikdir”.


Bu barədə Publika.az-a açıqlamasında Müsavatın Zəngilan rayon təşkilatının sədri, Məclis üzvü Rüfət Əliyev deyib.


Müsavat üzvü bildirib ki, partiyadan istefa verənlərin geri qayıtması, yeni istefaların olmaması üçün yeni rəhbərlik istefa verməlidir: “Əks halda, hadisələr idarəolunmaz hal ala bilər”.


“Arif Hacılı narazı insanların varlığını qəbul etmək istəmir”


R. Əliyev bildirib ki, Arif Hacılı narazı insanların varlığını qəbul etmək istəmir: “Ona qarşı çıxanları xəyanətkar adlandırır”.


Məclis üzvü qeyd edib ki, Müsavatdakı gələcək fəaliyyətlərini Qubad İbadoğlunun MNTK-ya ünvanlandığı suallara cavab verildikdən sonra müəyyən edəcəklər: “Arif bəy isə həqiqətən də istefa verməlidir. Müsavat naminə, müxalifətin birliyi naminə bu addımı atmalıdır”.


“İstefa verin” tələbi irəli sürülən məlum müraciət


Qeyd edək ki, R. Əliyev müraciət yayaraq Arif Hacılını istefaya çağırmışdı. Onun müraciətində deyilirdi ki, Qurultayın Say komissiyasının üzvü olub, səslərin sayılması prosesi şəffaf keçirildiyindən hər hansı ciddi qanun pozuntusuyla qarşılaşmayıb: “Bununla belə səsvermə Müsavat üzvlərinin gerçək iradəsini ifadə etmir. Çünki seçkinin nəticələri qurultaydan əvvəl saxtalaşdırlmış, Qubad İbaqoğlunun bir sıra tərəfdarları müxtəlif yollarla qurultayda iştirak etmək hüququndan məhrum olunmuşdular. Bu da istər-istəməz qurultayda bu cür nəticənin ortaya çıxmasına zəmin hazırlamışdır. Bəri başdan deyim ki, mənim Arif bəyə heç bir qərəzim yoxdur. Hətta 2010-cu il parlament seçkilərində onun səlahiyyətli nümayəndəsi olmuşam. Gecəmi gündüzümə qatıb, öz iş həyatımı təhlükəyə atıb onun təbliğatının layiqincə aparılmasında əlimdən gələni əsirgəməmişəm. İndi isə üzümü ərklə ona tutub demək istəyirəm. Arif bəy, sizin üçün partiyanın başqanı olmağın nə qədər böyük şərəf olduğunu bilirəm. Dəfələrlə dilinizdən eşitmişəm ki, Azərbaycanda iki mühüm vəzifəni şərəfli post hesab edirsiniz. Bunlardan biri Azərbaycan Prezidenti, digəri isə Müsavat başqanı olmaqdır. Amma lütfən, fikirlərimi qəribçiliyə salmayın, sizin seçildiyiniz şəkildə arzuladığınız vəzifələrə yiyələnmək nə sizə, nə də uzun illər yükünün altına çiyninizi verdiyiniz Müsavata yaraşır. Öz üzvlərinin iradəsinə xor baxan başqan imiciniz Azərbaycan xalqının beynində yaxşı əks-səda yaratmır. Nəyin bahasına olursa olsun, başqan seçilmək həvəsiniz vəzifəpərəstlikdən irəli gəlirmiş kimi görünür. Arif bəy, özünüzün və partiyamızın adı ətrafında yaranan bu xoşa gəlməz şübhə sisini sizin bir addımınız dağıda bilər. Bu addım isə istefanızdır. İllərimizi verdiyimiz, rahatlığımızı itirdiyimiz Müsavat idealları naminə bu addımı atın! İnanın ki, sizin bu addımınız yalnız bizim partiyanın yox, həm də bütün siyasət cameəsinin tarixinə müsbət hadisə kimi düşəcək, yadda qalacaq. Siz bəlkə də başqan olmaq ehtirasınıza qalib gəlməklə ölkəmizin ən böyük siyasi-mənəvi bəlasına çevrilmiş “öz yerində olmamaq” sindromunun ortadan qaldırımasında böyük bir nümunə göstərmiş olacaqsınız. Kim bilir, bəlkə də bu şəkildə başqan postunu tutmağınız da, ondan könüllü istefa verməyiniz də ilahinin sizə bəxş etdiyi bir fürsətdir. Bəlkə də ulu Tanrı bu yolla Sizi çox insanın əldə edə bilməyəcəyi bir xoşbəxtliyə - öz nəfsinə qalib gələrək tarixə düşmək potensialına çatdırıb. İlahi lütfü bir nemət olaraq görün və bu addımı atın, Arif bəy! İnanın ki, nə Allah, nə Azərbaycan xalqı, nə də bu xalqın ən dəyərli zümrəsi sayılan Müsavat üzvləri sizin bu sınaqdan üzüağ çıxmanızı əvəzsiz qoymayacaq. Arif bəy, İlahinin sizə bəxş etdiyi bu lütfü düzgün qiymətləndirməsəniz, bəlkə də arzuladığınız kimi Müsavatın başqanı ola biləcəksiniz. Amma həmin Müsavat indiki Müsavat olmayacaq. Siz başqan olaraq bir partiyaya deyil, bir ovuc yaxınlarınıza rəhbərlik edəcəksiniz. Bunu isə onsuz da edirsiniz. Nəticə etibarilə sizi bir şəxsiyyət kimi əsla böyütməyən başqanlıq uğrunda mübarizəniz sonda partiyamızı “cırtdan” bir quruma çevirə bilər. Bax, o zaman M. Ə. Rəsulzadənin ruhu sizi və sizə qarşı laqeydlik göstərən bizi bağışlamayacaq.

Arif bəy, həbsxanada yatarkən prezidentə yazdığınız əfv ərizəsində bildirirdiniz ki, hamını buraxın, məni saxlayın. İndi özünüzü başqan hesab etdiyiniz partiyada hamı sizə görə istefa verir. Artıq o əfv ərizəsində yazdığınız fikirlərdə nə qədər səmimi olduğunuzu sübut etmək zamanı gəlib. Mən Sizə səslənirəm, Arif bəy, özünüzdə təpər tapın, bütün gedənləri Müsavata qaytaracaq o addımı atın. Bu ancaq sizin istefanızla reallaşa bilər. Buyurun, Arif bəy, yüksək ideallarımız naminə istefa verin!”


Arif Hacılının özü yox, tərəfdarı cavab verdi


R. Əliyevin istefa çağırışına Arif Hacılı yox, onun tərəfdarı olan Məclis üzvü Elman Fəttah cavab verib.
Məclis üzvü müsavatçı “silahdaşının” fikirlərini absurd və məsuliyyətsiz yanaşma adlandırıb: “Bu onun şəxsi mövqeyidir. Mən ona şərh vermək istəmirəm. Amma qurultayın iradəsi var və Arif Hacılı başqan seçilib. Kimisə istefaya çağırmaq tamamilə absurd və məsuliyyətsiz bir yanaşmadır. Hansısa məsələdən narazılıqları varsa, bunu nizamnamə çərçivəsində həll etməlidirlər. Filankəsi istefaya çağırıram, nə bilim filan hadisə olsun demək məsuliyyətli açıqlama deyil. Xüsusilə də rayon təşkilatının sədri üçün belə bir məsuliyyətsiz yanaşmalar təəssüf doğurur”.


“Müsavatda yaranan diktatura Elman Fəttaha da sirayət edib”


R. Əliyev isə Publika.az-a açıqlamasında E. Fəttahın cavabına da münasibət bildirib.

“Elman Fəttahın fikirlərini eyni qaydada mən də cəfəngiyyat adlandıra bilərəm. Lakin Elman bəy Müsavatda olan savadlı insanlardan biruidir. Ona hər zaman xüsusi dəyər vermişəm. Təəssüf ki, Müsavatda yaranan diktatura ona da sirayət edibdir”, - deyə R. Əliyev E. Fəttaha cavabında bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm