Azərbaycana qarşı “ekoloji propoqanda”: Bakının yolu kimin marağı ilə toqquşur? - Təhlil
Bizi izləyin

Nida.az

Azərbaycana qarşı “ekoloji propoqanda”: Bakının yolu kimin marağı ilə toqquşur? - Təhlil

Avropanın soyuq qışa, elə bu qədər də soyuq hesab olunan Rusiyaya qarşı yeni mənbə hesab etdiyi Bakının ümumi mənzərədə Rusiyaya doğru yaxınlaşdığı görünür. Xüsusilə, sanksiyalara qarşı Moskvaya yardım əlini uzatması, son günlər yüksək səviyyədə qarşılıqlı səfərlər bunu iddia edən ekspertlərə əsas verir. Lakin İtaliyanın “L'Espresso” qəzetində yayılan məqalə pərdəarxasında durumun fərqli olduğunu göstərir. Bakı yenə təzyiqlərlə üz-üzədir.

Bu həm Qərb, həm də Rusiya tərəfindən gəlir. Azərbaycan tərəflər arasında nə qədər məsafəli və maraqlarına uyğun siyasət aparmağa cəhdlər etsə də, hardasa böyük güclərin təzyiqindən bəzən bezmiş vəziyyətə düşür. Hansı ki, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovun İtaliya mediasına müsahibəsində dedikləri bu baxımdan diqqət çəkir. Söhbət böyük coğrafiyanın taleyində mühüm rol oynayan boru kəmərlərinə qarşı absurd hesab edilə biləcək ətraf mühitin çirkləndirilməsi iddialarından gedir.

TAP boru kəmərinə qarşı İtaliyada aparılan antitəbliğatı şərh edən E. Nəsirov “L'Espresso”ya müsahibəsində deyir:

“İtaliyada Adriatik dənizinin altından çəkiləcək və nəticədə bizim qazımızı Apennin yarımadasına çıxaracaq boru kəmərinin ekoloji fəsadlarından narahatdırlar? Bu narahatlıqların əsassız olmasının ən yaxşı sübutu odur ki, indiyə qədər Xəzərin nərə balıqlarının seksual həyatı nə quyulardan, nə də boru kəmərlərinin yırğalanmasından təsir görməyib” - deyə E.Nəsirov ironiya ilə bildirib.

Qəzet yazır ki, vaxtilə Rusiyada işləmiş eks-diplomat Nəsirov Azərbaycan qazını İtaliya üzərindən Avropaya çıxaracaq qaz kəmərinin taleyinin bu cür zarafatla həll edilmədiyini bilir. Çünki azərbaycanlılar ölkənin gələcəyi üçün qazın Avropa bazarına çıxarılmasının nə dərəcədə mühüm olduğunu nəzərə alırlar. Ancaq bu səylər Avropanın iri qaz təchizatçısı olan “Qazprom”un maraqları ilə toqquşur.

Hazırda İtaliyanın Adriatik dənizi sahillərindəki Apennin yarımadasının yerli hakimiyyəti TAP kəmərinin bu ərazilərdən keçməsinə qarşı çıxır. Həmçinin yerli ekoloqlar və bəzi italiyalı siyasətçilər TAP-a qarşı təbliğat aparır. Baxmayaraq ki, İtaliya hökuməti artıq kəmərin marşrutunu təsdiq edib.

“Doğrudur, Avropaya ildə 154 milyard kubmetr qaz ixrac edən “Qazprom”dan fərqli olaraq Azərbaycan bu kəmərlə ildə cəmi 10 milyard kubmetr qaz nəql edəcək. Lakin ona da heç bir şübhə yoxdur ki, azərbaycanlıların Qərbə istiqamət götürməsi Moskvanın qətiyyən xoşuna gəlmir” - qəzet qeyd edir.

“L'Espresso” xatırladır ki, SOCAR İsveçrədə yanacaqdoldurma məntəqələrinə malik şirkəti alıb, habelə Yunanıstanın enerji sisteminə nəzarət edən DESFA-nın səhmlərini, DEPA şirkətinin törəməsi “Enel”i əldə edib. Bu arada ruslar Avropaya TAP-la eyni vaxtda “Cənub axını” kəməri ilə çıxmaq istəyirlər.

Elşad Nəsirov isə deyir ki, “Cənub axını” Avropaya daha çox qaz nəql etməyə imkan versə də yeni mənbə deyil: “Digər tərəfdən, Azərbaycan 90 faiz enerjidaşıyıcılarının ixracından asılıdır, onun iqtisadi artımı faydalı qazıntı yataqlarının istismarı ilə sıx bağlıdır”.

ARDNŞ vitse-prezidenti keçmiş italiyalı şoumen, hazırda “5 Star” adlı siyasi hərəkata başçılıq edən və parlamentdə 23 faizlik fraksiyası olan Beppe Qrillonun TAP əleyhinə çıxışlarına şərh verib.

“Mən ancaq onu deyə bilərəm ki, TAP-ı dəstəkləməyən Beppe Qrillo Rusiya qəzetlərindən birinə müsahibəsində deyib ki, SOCAR-ın İtaliyadakı çəkisini azaltmaq üçün mümkün olan hər şeyi edəcək. Ancaq o, heç kimə demir ki, biz bu gün sizin ölkənizdə heç alışqan doldurmağa da qaz satmırıq. Başqa sözlə, TAP-a qarşı təbliğat sonda Moskvanın xeyrinədir” (virtualaz.org).

Göründüyü kimi, Azərbaycanın öz maraqlarına uyğun siyasəti heç də xoş qarşılanmır, hansı ki, bu siyasət hansısa cəbhədə yer almaq, yaxud hansısa cəbhənin digər cəbhəyə qarşı müharibəsində iştirakçı olmaq deyil. Bakı sadəcə öz xalqının gələcək rifahı üçün çalışır və bu addımlar eləcə də Cənubi Qafqaz üçün də sərfəlidir. Eyni zamanda, söhbət Avropanın enerji təhlükəsizliyindən gedir.

Görünən nədir? Avropada hansısa populist siyasətçilər Azərbaycanı daim hədəfə alır, ittihamlar irəli sürür.

İtaliyada isə hansısa yerli lobbi qrupları nəhəng bir layihəni “ekoloji propaqanda” adı altında dayandırmaq istəyir. İtaliyada Rusiyanın geniş qol-qanad açdığını nəzərə alsaq, təbii olaraq, daşın altında Moskvanın olduğunu düşünə bilərik. Hansı ki, TAP Avropanın Rusiya qazından xilasının ilk təməlidir. Bununla, “Şahdəniz” qazı Türkiyəyə, ordan da İtaliyaya qədər gedib çıxacaq. Sentyabrın 20-da Bakıda “Cənub dəhlizi”nin təməlqoyma mərasimi keçirildi. Planlaşdırmaya görə, 2018-ci ildən etibarən Bakı ildə 10 milyasrd kubmetr qazı Avropaya çıxaracaq. Bu həcm avropalılar üçün azlıq etsə də, gələcəkdə türkmən qazının xəttə qoşulması düşünülür. Belə ki, Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana çəkiləcək “Transxəzər” boru kəməri Bakıda TANAP-a qoşulacaq, ordan da TAP vasitəsilə cənubi Avropaya çıxarmaqla ən azından “Köhnə Qitə”nin cənubunu soyuq qışdan qorumaq mümkün olacaq. Bu məsələdə Bakı ilə Aşqabad razılaşıb, lakin əsas qarşı çıxan yenə Rusiyadır və Xəzərin statusunun hələ də həll olunmamasının əsas səbəblərindən biri də budur.
Maraqlıdır ki, “Transxəzər” layihəsində əsas etirazlardan biri Xəzərin ekoloji vəziyyəti ilə bağlıdır.

Rusiyalı politoloq, Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeyev iki gün öncəki açıqlaması da yaranmış suallara aydınlıq gətirir. Belə ki, politoloqun fikrincə, konsepsiyanın məqsədi Mərkəzi Asiya neft-qaz axınlarını Rusiyadan yan keçməklə həyata keçirmək və bunu Cənubi Qafqaz vasitəsilə Avropaya çatdırmaqdır: “Beləliklə, Rusiyanın Mərkəzi Asiya regionu ilə əlaqələrini zəiflətmək, eyni zamanda Çinin təsirini azaltmaq, bununla yanaşı, yerli hakimiyyətləri Qərblə əməkdaşlığa sövq etməkdir. Transxəzər kəməri Avropanı alternativ neft və qazla təmin etməklə yanaşı, Rusiyanın post-sovet məkanı ölkələrindən kənarlaşdırır.

Lakin rusiyalı ekspert hesab edir ki, bu, ssenarinin görünən tərəfidir”.

Mixeyev ssenarinin görünməyən tərəflərindən danışır. Hansı ki, iddialara görə, Qərb gələcəkdə istədiyi hakimiyyəti rahat şəkildə dəyişdirmək, istədiyi şəxsi hakimiyyətə gətirmək ssenarisini həyata keçirdir.

Bu bir qədər müzakirə edilməsi lazım olan məsələdir. Lakin hazırda rəsmi Bakının müstəqil siyasi addımlarının qarşısına tramplinlər düzülür və çox maraqlıdır ki, bu maneələr Rusiya və Qərb tərəfindən bərabər şəkildə, hər birinin öz araqlarına uyğun tətbiq edilir. Bu baxımdan, Azərbaycanı qarşıdurma poliqonuna çevirmək cəhdləri var. Amma bunun nə dərəcədə alına biləcəyi həmişə sual altında olub. Çünki buna qədər və bu gün rəsmi Bakı alovun içindən sağ çıxa bilib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm