Mehriban Əliyevaya orden verildi
Bizi izləyin

Nida.az

Mehriban Əliyevaya orden verildi

Oktyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşü olub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni təqdim olunub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qubernator Aleksandr Jilkini Heydər Əliyev Fondunda salamlayaraq, Fond ilə Həştərxan vilayətini səmərəli əməkdaşlıq əlaqələrinin birləşdirdiyini dedi. Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Həştərxanda bir sıra iri layihələr reallaşdırdığını qeyd etdi. Fondun təşəbbüsü və dəstəyi ilə Həştərxanda ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 saylı məktəb, uşaq bağçası, “Dostluq” körpüsü, uşaq əyləncə şəhərciyi, knyaz Vladimir abidəsi açılıb. Heydər Əliyev Fondunun prezidenti əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edərək, Azərbaycan və Rusiyanı möhkəm dostluq əlaqələrinin birləşdirdiyini söylədi. Qeyd edildi ki, siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət və təhsil sahəsində də münasibətlərin genişləndirilməsinə böyük diqqət yetirilir. Birinci xanım Mehriban Əliyeva Fondun layihələrinin Həştərxan vilayətinin qubernatorunun rəhbərliyi ilə həyata keçirildiyini bildirərək, Aleksandr Jilkinə təşəkkür etdi.

Heydər Əliyev Fondunda təşkil edilən görüşə görə minnətdarlığını bildirən Aleksandr Jilkin Fondun Həştərxanda reallaşdırdığı layihələrin istiqamətinin düzgün seçildiyini vurğuladı. Qubernator qeyd etdi ki, bu layihələrin hamısı Həştərxan sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.

Həştərxan vilayətinin qubernatoru Azərbaycan diasporunun fəaliyyətindən danışdı, bunun ölkələrimiz arasında mövcud dostluq əlaqələrini bir daha təsdiq etdiyini söylədi.

Görüşdə Azərbaycan ilə Həştərxan arasında birbaşa aviareysin açılmasının vacibliyinə toxunuldu, Həştərxan sakinlərinin Azərbaycanı turist kimi ziyarət etmək arzuları qeyd edildi, Şahdağ, Naftalan kimi kurortların böyük maraq doğurduğu vurğulandı.

Görüşdə Avropa Oyunlarına hazırlıq məsələləri də müzakirə edildi, Oyunların yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu. Oyunları izləmək üçün Həştərxandan ölkəmizə çoxlu sayda insanların gələcəyi bildirildi. Heydər Əliyev Fondunun xətti ilə Həştərxanda mədəni tədbirlərin keçirilməsinin mümkünlüyü qeyd edildi. Eyni zamanda, Azərbaycan ilə Həştərxan arasında balıqçılıq sahəsində əməkdaşlıq məsələsi diqqət mərkəzində oldu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi ilə birgə nərə balıqları ilə bağlı layihənin həyata keçirilməsi müzakirə edildi.

Aleksandr Jilkin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordenini və xatirə hədiyyəsini təqdim etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm