Kimisi laqeyd, kimisi inamlı, kimisi də... – seçkilərə hansı partiya gedəcək?
Bizi izləyin

Nida.az

Kimisi laqeyd, kimisi inamlı, kimisi də... – seçkilərə hansı partiya gedəcək?

Azərbaycanda bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçiriləcək.

Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına görə, bələdiyyə seçkiləri üçün seçki bülletenlərinin hazırlanması dekabrın 13-dək həyata keçiriləcək. 2015-ci il yanvar ayının 17-nə qədər isə bələdiyyə seçkilərinin nəticələrinin elan edilməsi başa çatmalıdır. Bələdiyyə seçkilərində təşviqat kampaniyası seçkilərə 23 gün qalmış başlayacaq. Bələdiyyə seçkiləri 1607 bələdiyyəni əhatə edəcək.

Publika.az siyasi partiyaların bələdiyyə seçkilərində iştirak etməklə bağlı mövqelərini araşdırıb.

Hakim partiya inamlıdır

Ötən bələdiyyə seçkilərinin qalibi Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, hakim partiya növbəti bələdiyyə seçkilərində də aktiv şəkildə iştirak edəcək: “Bu ilin yanvar ayından etibarən partiya daxilində seçkilərə hazırlığa başlanılıb. Bununla bağlı müvafiq tapşırıqlar da verilib”.

S. Novruzov bildirib ki, 20 minə yaxın bələdiyyə üzvü var ki, onların da əksəriyyəti YAP nümayəndəsidir: “Ötən bələdiyyə seçkilərində YAP qələbə çalmışdı. Növbəti bələdiyyə seçkilərində onlardan hansılarının yenidən istifadə edilməsi və digər məsələlər üzrə işlər aparılacaq. Bu geniş bir tədqiqat işidir”.

YAP rəsmisi əlavə edib ki, növbəti seçkilərdən sonra bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsinə baxıla bilər.

AMİP tək gedir: “İqtidar namizədini müdafiə edə bilərik”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib ki, rəhbərlik etdiyi partiyanın seçkilərdə iştirakla bağlı qərarı var: “Bununla əlaqədar zona müşavirələri keçirmişik. Bütün respublika üzrə bələdiyyələrdə iştirak etməyi düşünürük. Namizədimizin sayı barədə dəqiq bir söz deyə bilmərəm. Amma seçkilərdə sanballı iştirak edəcəyik. Bütün bələdiyyələrdə öz namizədlərimiz olacaq. AMİP böyük partiya olduğuna görə Azərbaycanın demək olar ki, bütün bölgələrində rayon təşkilatları mövcuddur. İndi hər dairədən neçə namizədin veriləcəyi barədə razılaşma gedir. Seçkilərdə aktivlik nümayiş etdirəcəyik. Hazırlıqlarımız da davam edir. 2013-cü il prezident sçekilərində partiya olaraq iştirak etmədik, ancaq bələdiyyə seçkilərinə çox ciddi hazırlaşmışıq”.

O, AMİP-ni seçkiyə tək gedəcəyini açıqlayıb: “Seçkiyə blok şəkildə qatılmaq bələdiyyə seçkisinin effektini aşağı salır. Seçki yerli seçkidir, elə namizəd ola bilər ki, AMİP həmin namizədi dəstəkləsin, əvəzində başqa bölgədən öz namizədimizin dəstəklənməsinə nail olduq. Seçki gedişatında belə hallar yaşana bilər. Fərqi yoxdur, müxalifət. İqtidar partiyası, yaxud bitərəf namizəd olsun, onu müdafiə edə bilərik”.

Cəlaloğlu İqbal Ağazadəni tək buraxmayacaq

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bu ilki bələdiyyə seçkilərinə tək qatılmayacaqlarının açıqlayıb. Onun sözlərinə görə, ADP Ümid partiyası ilə birgə seçkilərə “Qarabağ” bloku olaraq gedəcəklər.

“Hazırda bunun üçün müəyyən işlər həyata keçirilir. Seçkilərdə iştirak edəcək üzvlərimizin siyahısı hazırlayırıq. Həmçinin bələdiyyələrin statusu ilə bağlı layihə üzərində də işləyirik”- deyə ADP sədri bildirib.

Lalə Şövkət bələdiyyələrdə təmsil olunmağı özünə sığışdırmır

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan isə vurğulayıb ki, ALP partiya olaraq seçkilərə qatılmayacaq: “Amma üzvlərimizə sərbəstlik vermişik, könüllü şəkildə namizədliyini irəli sürə bilərlər. Hesab edirik ki, indiki şəraitdə partiya halında seçkilərdə iştirak taqətdən salır. Üzvlərimizdən kim iştirak edəcəksə, onları alqışlayırıq”.

VHP seçkiyə hazırlaşır, amma... “İş ürəkaçan səviyyədə deyil”

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı qeyd edib ki, VHP-nin seçkilərdə iştirak barədə qərarı var: “Partiyada seçki komitəsi mövcuddur, komitədə hazırlıqlar gedir. Məndə olan son məlumata görə, 100-dən artıq namizəd var. İş getsə də, amma ürəkaçan səviyyədə deyil. Biz birinci bələdiyyə seçkilərində 800-dən çox namizəd vermişdik, indi həmin rəqəmlər yoxdur. Bələdiyyələrin sayı çoxdur, amma onların heç yarısını əhatə edə bilməyəcəyik. Bələdiyyə seçkilərinə əziyyət və böyük xərc sərf olunur. Bələdiyyənin statusunun olmaması, idarəçilik strukturlarında iştirak etməməsi onu effektsiz quruma çevirib”.

VİP-lər parlamentə getməyə hazırlaşır

Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev seçkilərdə iştirak edib-etməməklə bağlı qərarı yayın sonlarında verəcəklərini bildirib: “İnsanların bu seçkiyə həvəsi azdır. Lakin biz mənfi qərarımızla seçkidə iştirak etmək istəyənlərin üstündən də xətt çəkə bilmərik. Partiya üzvlərindən iştirak etmək istəyənlər var. Məsələ bir qədər həssasdır. Ona görə də yerlərdə əhval-ruhiyyəni öyrənir, imkanları dəyərləndiririk”.

Partiya sədri qeyd edib ki, bələdiyyələri statusu qeyri-müəyyən olduğu üçün bununla bağlı seçki də o qədər önəmli deyil.

“Ən vacib seçki kimi 2015-ci il parlament seçkilərini görürük. Bu ilin ikinci yarısında parlament seçkilərində iştirak üçün koalisiya da yarada bilərik. Bu baş verəcəksə, güman ki, bələdiyyə seçkilərində sınaq xarakterli iştirak edə, gücümüzün hansı səviyyədə olduğunu müəyyənləşdirə bilərik”- deyə VİP sədri vurğulayıb.

Mirmahmud Mirəlioğlu “əzələ nümayişi” edəcək

Bu ilki bələdiyyə seçkiləri müxalif düşərgədəki birliklərdə qopmalara da səbəb ola bilər. Belə ki, potensial parçalanma Milli Şurada gözlənilir. Çünki quruma üzv olan KXCP bələdiyyə seçkilərində iştirakda israrlıdır. Partiya sədrinin müavini Xəzər Teyyublu bildirib ki, onların bu seçkidə iştirakla bağlı qərarı qətidir: “Hazırda hazırlıq işləri gedir. 2014-cü ildə partiyanın Ali Məclisi bələdiyyə seçkilərində iştirak qərarının verib. Bütün respublika boyu namizədlərimiz hazırdır, seçkilərə ciddi hazırlıq işi gedir. Regionlarda iclaslar keçirilib, seçkilərlə bağlı təlimatlar hazırlanıb, bütün şöbələrə çatdırılıb və buna uyğun ciddi hazırlıq işləri həyata keçirilir. İstəyirik ki, bələdiyyə seçkilərində öz gücümüzü ortaya qoyaq”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm