Jurnalist, hüquq müdafiəçisi, yoxsa... İşçi Qrupu Xədicə İsmayıla cavab verdi
Bizi izləyin

Nida.az

Jurnalist, hüquq müdafiəçisi, yoxsa... İşçi Qrupu Xədicə İsmayıla cavab verdi

“Azadlıq radiosu”nun əməkdaşı Xədicə İsmayıl Hüquq müdafiəçilərindən, hökumət nümayəndələrindən və Avropa Şurasının təmsilçilərindən ibarət İşçi Qrupunun fəaliyyətini tənqid edib.

Qrupda təmsil olunan QHT-ləri qeyri-ciddi qurumlar adlandıran xanım jurnalist onları qeyri-etik sözlərlə də ittiham edib. X. İsmayıl qrupda olanlardan yalnız Arzu Abdullayevin hüquq müdafiəçisi olduğunu bildirib.


Publika.az İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçilərinin X. İsmayılın ittihamlarına münasibətlərini öyrənib.


“Xədicə xanıma kampaniya lazımdır”

İşçi Qrupun yeni yaradılan katibliyinin rəhbəri, Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bildirib ki, X. İsmayıl qeyri-ciddi və əqidəsi baxımından problemi insandır: “O, dünən müdafiə etdiklərini bu gün əfv yazdıqlarına görə ittiham edir. Obyektiv beynəlxalq təşkilatlar da görür ki, əslində, Xədicə İsmayılovanın məqsədi həbsdə olan şəxsləri müdafiə etmək deyil. Əgər belə olardısa, o, bütün hallara sevinməli, deməli idi ki, İşçi Qrup yaranıb, ümid edirəm, müsbət işlər görəcək. O isə iddia edir ki, qrupda toplananların hamısı hökumətə yaxındırlar. Adama deyərlər, sənə problemin həlli lazımdır, yoxsa hay-küy, kampaniya? Aşkar görünür ki, Xədicə xanıma kampaniya lazımdır. Biz əvvəldən bilirdik ki, İşçi Qrupa həm milli, həm də beynəlxalq çərçivələrdə mane olan çoxsaylı qüvvələr olacaq”.


“Xədicə İsmayıl və onu müdafiə edənlər Azərbaycana qarşı kampaniyaya başlayacaq”


S. Məmmədov Azərbaycana qarşı antitəbliğat kampaniyası planlaşdırılır.

“Bu işdə də Xədicə İsmayıl və onu müdafiə edən insan hüquqları fondları yer alır. Avropada və beynəlxalq çərçivələrdə Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı basqılar və insan hüquqlarının kobud surətdə pozulması adı altında kampaniyalar gedir və dialoq belə qüvvələrə sərf eləmir. Onda kampaniyanı keçirənlərdən soruşurlar ki, hökuməti necə onu sərt tənqid edən hüquq müdafiəçiləri ilə üzbəüz ən həssas məsələləri müzakirə edir. Bilirik ki, çox böyük kampaniyalar başlayacaq. Norveç İnsan Hüquqları Evinin nümayəndələri çoxdan hərəkətə keçiblər. Dünən gecə bizə məlum oldu ki, bir ay əvvəl onlar bəzi məhkumlardan bir sıra hüquq müdafiəçilərinin müdafiəsindən imtina etdikləri barədə imza toplayıblar. Çoxdankı siyahını indi yayırlar. Çünki o imza atanlar arasında əfv olunanlar var. Bu, kampaniyanın tərkib hissəsidir. Onlar qarşılarına 3 məqsəd qoyublar: əvvəl çalışdılar ki, İşçi Qrupun bərpası ümumiyyətlə alınmasın, bu, mümkün olmasa, Qrupun tərkibinə nümayəndələri daxil olub, onun işini destabilizasiya etsin. Bu da alınmayanda onun imicini korlasınlar. Xədicə İsmayılovanın provokasiyası baş tutmayacaq. Hələ müəyyən etsin ki, o kimdir? Deyir jurnalistəm, biz heç onu jurnalist kimi də görə bilmirik. O, hüquq müdafiəçisi də deyil. İşçi Qrupda o adamlar toplanıb ki, 1990-cı illərdən bütün Avropada, BMT-də təmsil olunmuş insanlardır. Bəs Xədicə İsmayılovanın hansı statusu var ki, İşçi Qrupda olsun? Təmsil olunmaq istəyir, amma burada olan insanları təhqir edir, gəlib necə təhqir etdikləri insanlarla bir yerdə oturmalıdır? Biz Avropa Şurasının nümayəndəsi ilə görüşəndə onunla bir masa ətrafında oturmağın mümkün olmadığını dedik. O destruktivdir, məqsədli şəkildə gəlmişdi, İşçi Qrupa destruktiv adamları daxil etməklə onun işini iflic etmək istəyirdi, bu hal baş verməyəcəksə, onun əleyhinə geniş kampaniya təşkil etmək məqsədi güdürdü. Xədicə İsmayılova ora gəlmək, bir neçə iclasında iştirak edib provokativ mühit yaradaraq sonra bəyanat verib qapını çırpıb getmək və sonrakı bəyanatlarını yaymaq istəyirdi. Bizsə onun məqsədini vaxtında gördük”, - deyə hüquq müdafiəçisi bildirib.


“Mən bilmirəm ki, Xədicə İsmayıl hüquq müdafiəçisidir, jurnalistdir, yoxsa intriqa ilə məşğul olan şəxs”


Qrupda təmsil olunan hüquq müdafiəçisi Səadət Bənənyarlı hesab edir ki, X. İsmayıl apardığı kampaniyanı xarici qüvvələrdən sifariş olaraq alıb. Onun sözlərinə görə, qrupda təmsil olunmaq niyyətində olan Xədicə İsmayıl hərəyə bir ad qoyur: “Deyib ki, orada təmsil olunanlar içərisində ancaq Arzu Abdullayeva hüquq müdafiəçisidir. Səbəb də odur ki, Arzu xanım onun siyahısına imza atıb. Biz öz fəaliyyətimizlə kimin kim olduğunu göstərəcəyik. Şəxsən mən bilmirəm ki, Xədicə İsmayıl hüquq müdafiəçisidir, jurnalistdir, yoxsa intriqa ilə məşğul olan şəxs. Hər kəs hər şeyi bilir. Bizə QONQO təşkilat deyir. Mənim təşkilatım 1992-ci ildə yaranıb, 1993-cü ildə qeydiyyatdan keçmişik. Bizi heç kim yaratmayıb. Onun bu ittihamlarına sadəcə olaraq baş qoşmuruq. Bizim üçün daha önəmlisi insanların hüquqlarını müdafiə etməkdir. Əslində, işçi qrupunun yaranmasına mane olanlar var idi. Elə Xədicə İsmayıl da bunlardan biridir. Özlərinin iştirak etmədiyi yerlərə pisdir demək yaxşı hal deyil. Görünür, müəyyən dairələr ona tapşırıq verib ki, bu prosesi aparsın”.

“Xədicə kimi adamlar pul üçün işləyir”


Qrupda təmsil olunan digər hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib ki, onların məqsədi insanların hüquqlarının müdafiəsi, qorunmasıdır.


“Xədicə İsmayılın qrupda olması planları var idi, ancaq öz fəaliyyətinə görə düşmədi. Bu xanım iyulda məhbuslara qol çəkdirib ki, biz onları müdafiə etməyək. Biz heç kimi ərizəsinə görə müdafiə etməmişik. Bizim müdafiə etməyimizi istəməyən Xədicə İsmayıl işçi qrupunda bu şəxsləri necə müdafiə edə bilər? İndi də durub bizi QONQO adlandırır. Mən 24 ildə yüz söz eşitmişəm. Xədicə həbsdə olmayıb, amma mən olmuşam. Bu qadın döyülməyib, mən dəfələrlə döyülmüşəm. Yalnız video görüntüsü çıxıb və biz də onu müdafiə etmişik. Gün ərzində bizim yanımıza yüzlərlə insan gəlir, problemlərini danışır. Bəs niyə bizim yanımıza gəlirlər, getsinlər Xədicə İsmayılın yanına da. Beynəlxalq qurumlar da görür ki, biz iş görürük. Biz pul üçün deyil, insanları müdafiə etmək üçün işləyirik. Amma Xədicə xanım kimi adamlar pul üçün işləyir”, - deyə N. Cəfəroğlu vurğulayıb.

Qeyd edək ki, İşçi Qrupunun fəaliyyəti 6 illik fasiələdən sonra bərpa edilib. Qrupda əsasən insan hüquqları, şikayətlər araşdırılacaq. Eləcə də həbs edilən şəxslərin məsələsi də bu qurumda tərəflər arasında müzakirə mövzusu olacaq. Belə bir qrup 2005-ci ildə də təsis olunub, 2008-ci ilə qədər fəaliyyət göstərib. Bu müddət ərzində qrup 140-dan çox məhbusun azad olunmasına nail olub, yüzlərlə şikayəti olan vətəndaşın problemi bu yolla həllini tapıbdır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm