Müsavat AXCP-nin “toy ittihamına” Cəmil Həsənlini nümunə göstərdi – Şok İttihamlar
Bizi izləyin

Nida.az

Müsavat AXCP-nin “toy ittihamına” Cəmil Həsənlini nümunə göstərdi – Şok İttihamlar

Müsavat Partiyası ilə AXCP arasında “toy qalmaqalı” davam edir.

Belə ki, Müsavat Partiyası funksioneri, sabiq deputat İkram İsrafilin övladının toyuna Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadəni dəvət etməsi, qarşı tərəfin dəvəti qəbul edərək toyda iştirakı cəbhəçilərə Müsavatı hədəfə almaq üçün yeni imkan verib.

AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov A.Mirzəzadəni övladının xeyir mərasiminə dəvət etdiyi üçün İ.İsrafili satqınlıqda ittiham edib: “Gör bu neçə ildə biz kimlərdən müxalifət, özümüzə müttəfiq düzəltmək istəyirdik? İndi su axıb, çuxurunu tapıb”.

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı partiyadaşını dəstəkləyərək deyib ki, heç bir halda iqtidar nümayəndəsini öz sədrlərinin iştirak etdiyi məclisə dəvət etmək olmaz: “Biz gör kimdən müttəfiq, müxalifət düzəltmək istəyirmişik”.


Publika.az xəbər verir ki, cəbhəçilərin bu ittihamları müsavatçılar tərəfindən sərt qarşılanıb.


Müsavat Əli Kərimlinin “toy ittihamına” Cəmil Həsənlini nümunə göstərdi


Müsavatın Məclis üzvü Alya Yaqublu Milli Şura sədri Cəmil Həsənlinin “Azərbaycan” qəzetinin ildönümü ilə əlaqədar tədbirdə iqtidar təmsilçiləri ilə görüşü barədə cəbhəçilərə sual ünvanlayıb: “Bir toyda bir qeyri-müxalifətçi deputatla bir masa arxasında oturmağı vətənə xəyanət olaraq təqdim eləyən cəbhəçi dostların şərhinə ehtiyac var. Hansı daha əcaibdi: YAP-ın tədbirinə gedib bilərəkdən YAP-çılarla bir yerdə olmaq, yoxsa müxalifətçinin toyuna gedib YAP yanlısı biriylə təsadüfən yan-yana gəlmək? Çox ümid eləyirəm ki, Natiq Ədilov “Azərbaycan” qəzetinin yubileyi partiya yoldaşının toyundan daha vacibdi deməyəcək”.


“Şantaj və təhdidlərlə ortada meydan sulayan bir qrup...”


Müsavat başqanı Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli də məsələyə münasibətini açıqlayıb.


“Cəmil Həsənlinin “Azərbaycan” qəzetinin yubileyində iştirakı tam normal qarşılayıram. Bu tədbirdə iştirak etmək üçün mənəvi haqqı olan adamlar çoxdur. Hər halda, Mehman Cavadoğlunun rəhbərlik etdiyi dövrdə bu qəzet ölkənin ən oxunaqlı qəzetlərindən biri olub və mənim qənaətimə görə, bu qəzetin yubileyində onun da iştirakı məqbul hesab oluna bilərdi. Müxalifət nümayəndələrinin hansısa tədbirlərdə iqtidar nümayəndələri ilə birgə iştirakının az qala xəyanət kimi qələmə verilməsi, bu tipli olaylar üzərindən təbliğat və əks-təbliğatın aparılması, ümumilikdə qaragüruhçu təfəkkürün təntənəsi təkcə ayrı-ayrı partiyaların deyil, bütövlükdə demokratik qüvvələrin cəmiyyətdəki nüfuzuna çox pis təsir edir. Şantaj və təhdidlərlə ortada meydan sulayan bir qrup gerizəkalının dominantlığına qarşı adekvat sağlam siyasi mövqenin ortaya qoyulması hər bir vicdanlı ziyalının borcudur” , - deyə o bildirib.


“Fuad Qəhrəmanlı antimüsavat kampaniyasında Əli Kərimlinin sözçüsü kimi səhvə yol verib”


Müsavat Məclisinin üzvü Səxavət Soltanlı isə Publika.az-a açıqlamasında bildirib ki, cəbhəçilərin yanaşması təəccüblü hal deyil. Onun sözlərinə görə, AXCP-nin əsas prinsipi Müsavata qarşı mübarizə aparmaq və müsavatçıları gözdən salmaqdır: “Bunu AXCP-də təmsil olunmuş şəxslər də etiraf edirlər. Nümunə kimi Şakir Abbasovun dediklərini göstərmək olar. Bütün bu kimi diskussiyaları hər zaman məqsədli səkildə açanlar və prosesi izləyənlər hər zaman sonda Müsavatın haqlı və doğru siyasət göstərdiyini qəbul ediblər. Fuad Qəhrəmanlı artıq antmüsavat kampaniyasında Əli Kərimlinin sözçüsü kimi çox böyük səhvə yol verib. Ağıllı olsun, boş və mənasız söhbətlər etmək əvəzinə gedib kitab oxusun”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm