Milli Şura mitinqi kimin üçün keçirir? – Siyavuş Novruzovdan şok açıqlamalar
Bizi izləyin

Nida.az

Milli Şura mitinqi kimin üçün keçirir? – Siyavuş Novruzovdan şok açıqlamalar

Milli Şura 12 oktyabr mitinqindən ruhlanaraq növbəti etiraz aksiyasına hazırlaşır. Artıq bu məsələ qurum daxilində müzakirəyə çıxarılıb.

Qurumun əsas partiyası AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da bildirib ki, növbəti mitinqin baş tutması reallaşa bilər.

Əli Kərimlinin müavininin mitinq açıqlamasında diqqətçəkən məqamsa, “Qərbin siyasi məhbuslarla bağlı iqtidara təzyiqlərinin artdığı indiki dönəmdə mitinqlər dünyanın diqqətini daha çox ölkəmizə yönəltməyə, demokratik prosesə daha çox beynəlxalq dəstək verilməsinə zəmin yarada bilər” sözləridir.

Bu, “Milli Şura mitinqi Azərbaycan xalqı, yoxsa Qərb üçün keçirir?” sualını doğurur.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.az-a açıqlamasında bildirib ki, Milli Şura mitinqləri Qərbin gözündə ucalmaq üçün keçirir: “Xalq onları tanımaq belə istəmir. Ona görə də xalqın adından danışa bilməzlər. Ümumilikdə götürdükdə, ətraflarında 5-10 nəfər yaxınlarından başqa heç kim olmur. Onlar, sadəcə olaraq, Qərbin gözündə ucalmaq, Vətənə xəyanətin necə həyata keçirildiyini nümayiş etdirmək üçün edirlər. Lakin Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət aparır. Nə Qərbin, nə də Şərqin diktəsi ilə işləmir. Diktə ilə işləyənlər onlardır ki, belə hərəkətlər edirlər”.

Qeyd edək ki, Avropa Parlamentinin Azərbaycanla bağlı tənqidi qətnaməsindən sonra müxalifətdə mitinq canlanmasının olması da diqqət çəkən idi. Bu arada 12 oktyabr mitinqindən sonra mediada yayılan xəbərlərə görə, Milli Şura mitinq üçün 8 min dollar pul alıb. Məlumata görə, Avropa Parlamentində təmsil olunan siyasi qrupların birinə yaxınlığı ilə seçilən Qərb QHT-lərindən biri Azərbaycanda demokratiya və insan haqlarının olmamasına etiraz mitinqi keçirmək üçün Milli Şuraya 8 min dollar məbləğ ayırıb. QHT rəhbərləri həbs ediləndən sonra, xüsusilə Leyla Yunus saxlanılan kimi Milli Şura avropalı himayəçiləri ilə internet üzərindən müzakirə aparıb. Həmin müzakirələrdə Milli Şuraya etiraz mitinqi təşkil edilməsi təklif olunub və bunun üçün lazımi dəstəyin veriləcəyi bildirilib. Qurumun rəhbərliyi mitinqin təşkilati işi üçün lazım olacaq məbləği yaxın günlərdə deyəcəklərini bildiriblər. Qurum daxilində hesablamalardan sonra mitinq üçün məbləğ 8 min dollar olaraq açıqlanıb.

Mitinq üçün 8 min dollar Milli Şuraya yaxın olan, amma heç kimin ağlına gəlməyəcək bir şəxsin bank hesabına köçürülüb.


S. Novruzov isə hesab edir ki, mitinqə ayrılan məbləğ 8 min yox, daha çox olub: “Onlar özləri mediaya 8 min dollar aldıqlarını sızdırmaqla, ətrafındakı insanların gözünü bağlayırlar. Yəni bu qədər vəsait olub, bu da mitinqə xərclənib. Amma yəqin ki, onlar daha çox alıblar və dar çevrədə bölüşdürüblər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm