Müsavatçılar partiya qərargahının önündə piket keçirəcək – Arif Hacılıya zərbə
Bizi izləyin

Nida.az

Müsavatçılar partiya qərargahının önündə piket keçirəcək – Arif Hacılıya zərbə

Müsavat Partiyasında VIII qurultaydan sonra seçkinin nəticələrinə etiraz edənlər partiyanın qərargahı önündə piket keçirə bilər.

Bu təkliflə Müsavat başqanının keçmiş müşaviri Hüseyn Məlik çıxış edib.


“Əksəriyyətimiz piketin olmasının tərəfdarıyıq”


Publika.az-a açıqlamasında H. Məlik deyib ki, piket məsələsi gündəmdədir: “Hazırda müzakirələr gedir. Güman edirəm ki, əksəriyyətimiz piketin olmasının tərəfdarıyıq. Piketi keçirəcəyik”.
Onun sözlərinə görə, Müsavat başqanı və tərəfdarlarının əlində “qara siyahı” var və bu siyahıya uyğun olaraq təmizləmə əməliyyatı aparılacaq.


“Artıq Məhəbbət Muradov çıxarıldı. Onu xəbəri olmadan illərdir uğrunda mübarizə apardığı müsavatçılıq dəyərlərindən uzaqlaşdırırlar. Bu haqsızlıqdır. Bu gün ona qarşı edilənə göz yumsaq, sabah hər birimiz eyni taleyi yaşaya bilərik. Səbəb nədir? Öz azad hüququmuzdan istifadə edib etiraz etməyimizmi?” - deyə o bildirib.


H. Məlik qeyd edib ki, müsavat heç kimin yox, xalqın partiyasıdır: “Bu bir dəyərdir, bu dəyəri heç kim mənimsəyə bilməz. Hesab edirəm ki, bütün bu haqsızlığa son qoymaq üçün qərargahın önündə piket keçirilməlidir”.


Qeyd edək ki, partiyanın Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradov Müsavatdan uzaqlaşdırılıb. Ən maraqlısı isə, bu qərar onun özünün iştirakı olmadan verilməsidir.
M. Muradov bildirib ki, rayon təşkilatının şurasında onun haqqında uzaqlaşdırılma qərarı çıxarılıb: “Buna səbəbsə, Qubad İbadoğlunu dəstəkləməyim və Arif Hacılının legitimliyini tanımamağımdır. Amma mən mübarizəmi sona qədər davam etdirəcəm”.


Maraqlıdır ki, Müsavatda “qara siyahı”nın olduğu xəbəri yayılanda həmin siyahıda M. Muradov və onun qardaşı Rövşən Muradovun da adı keçirdi.
Piket keçirmək istəyənlər hesab edirlər ki, “qara siyahıya” uyğun “təmizləmə” əməliyyatına start verilib.


“Mən iştirak edə bilməsəm də, piketi dəstəkləyirəm”


Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy da piketin tərəfdarıdır.
O, Publika.az-a açıqlamasında bildirib ki, Hüseyn Məlik müstəqil adamdır və uzun illər siyasətlə məşğul olub: “O, nəinki piket keçirməyə, istənilən aksiyada qərar verməkdə də sərbəstdir. Sadəcə olaraq mən orda iştirak etmək istəmərəm. Ona görə yox ki, piketi dəstəkləmirəm, ona görə ki, m\ən indiyə qədər Müsavatın bütün aksiyalarını səmərəsiz hesab edərək iştirakdan imtina etmişəm. Bu baxımdan, orda iştirak etməyəcəm. Amma bu təklifə çox normal yanaşıram”.


“Kimisə tənqid etmisən, buna görə partiyadan get demək müsavatçılıq dəyərlərinə ziddir”


Başqanlığa keçmiş namizəd Tural Abbaslı isə Publika.az-a açıqlamasında bu hüquqa hörmətlə yanaşdığını, amma belə olmasını istəmədiyini bildirib.


“Məhəbbət Muradov həqiqətən də rayon təşkilatı tərəfindən partiyadan kənarlaşdırılıb. Əsas səbəb kimi də nizamnamə pozuntusu göstərilib. Lakin bu doğru deyil, onun iştirakı olmadan haqqında qərar vermək mümkün deyil. Ən azından ona məlumat verilməli, özünün də iştirak etdiyi toplantıda pozuntular diqqətinə çatdırılmalı, ondan sonra qərar verilməli idi. Yoxsa, sən kimisə tənqid etmisən, qəbul etmirsən, buna görə partiyadan get demək müsavatçılıq dəyərlərinə ziddir”, - deyə o bildirib.


“Əminəm ki, Hüseyn bəy bu təklifinin məsuliyyətini anlayır”


T. Abbaslı Hüseyn Məlikin buna görə piket keçirmək təklifinə gəlincə, deyib ki, əgər doğrudanda dedikləri “qara siyahı” varsa və ya bu niyyətdə olanlar varsa, bunu başqana, yaxud digər strukturlara şikayət etmək olar: “Könül istərdi ki, bütün problemlər masa arxasında əqidədaş olaraq müzakirə olunsun, nəinki piket keçirmək, yaxud mətbuat səhifələrində diskussiyalar açmaq. Lakin, mən Hüseyn bəyin piket keçirmək hüququna da hörmətlə yanaşıram. Hüseyn bəy uzun illərdir siyasətdədir, əminəm ki, bu təklifinin məsuliyyətini də anlayır. Partiya nizamnaməsi pozulmamaq şərti ilə hər kəsin istənilən təklifi səsləndirmək və bunun yerinə yetirilməsi üçün çalışmaq hüququ var”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm