“Kişilərin hamısı Suriyadadır” - Azərbaycanlı muzdlulara kömək edən vasitəçi
Bizi izləyin

Nida.az

“Kişilərin hamısı Suriyadadır” - Azərbaycanlı muzdlulara kömək edən vasitəçi

Bizim qardaşlarımız orda döyüşür, biz də onların burdakı ailələrinə yardım edirik. Bu nömrəni də internetə yerləşdirmişik, kömək etmək istəyənlər 5-10 manat, gücləri nəyə çatırsa, yardım edirlər. İndi nə deyirsiniz, onlar ora getməkdə səhv edirlər?

Suriyada döyüşən azərbaycanlılara və onların ölkədəki ailələrinə kömək edən şəxsi tapdıq.Bu günlərdə internet resurslarında “Suriyada döyüşən azərbaycanlılara və onların ailələrinə yardım etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər: 055 ... .. ..” məzmunlu elana rast gəldik. Nömrənin kimə məxsus olduğunu operatordan öyrənə bilmədik, lakin dəfələrlə zəng etsək də telefonu qaldıran da olmadı.

Nəhayət, bu gün həmin nömrədən Publika.Az –n redaksiyasına zəng gəldi. Amma jurnalist olduğumuzu bildikdən sonra telefonun başındakı şəxs (cavan oğlan səsinə bənzəyirdi- red) danışmaqdan imtina etdi. İsrarlı zənglərimizdən sonra isə adını bildirməyən şəxs Suriyadakı azərbaycanlılara və onların burdakı ailələrinə kömək etdiyini təsdiqlədi. Amma səsini diktofona yazmağımıza razı olmadı. Buna gizli cəhd etsək də, alınmadı. Uzun sürən mübahisələrdən sonra həmin şəxslə Publika.Az –n müxbiri arasında təxminən belə söhbət oldu. Adını isə açıqlamadı.

-Mən jurnalistəm, bu telefon nömrəsinə internetdə rast gəlmişəm. Siz həqiqətənmi Suriyaya gedənlərə yardım toplayırsınız?

-Bəli, burda nə var ki? Bizim qardaşlarımız orda döyüşür, biz də onların burdakı ailələrinə yardım edirik. Bu nömrəni də internetə yerləşdirmişik, kömək etmək istəyənlər 5-10 manat, gücləri nəyə çatırsa, yardım edirlər. İndi nə deyirsiniz, onlar ora getməkdə səhv edirlər?

-Məqsədim kiminsə səhv edib-etmədiyini araşdırmaq deyil. Sadəcə öyrənmək istəyirəm.

(bu yerdə gizli olaraq diktofonu qoşuruq-red)

-Öyrəndin də. Bunun nə əhəmiyyəti var ki, sən bildin, bilmədiyin nə fərqi var.

-Yox, sadəcə...

-Sən mənim səsimi yazmırsan?!

-Xeyr.

-Yazırsan axı, niyə yalan danışırsan.

(Məcbur olaraq diktofonu söndürdük)

-Yaxşı söndürdüm.

-Mən pis heç bir iş görmürəm. Bilirəm ki, yolum düzgün yoldur.

-O zaman olarmı siz mənim jurnalist kimi suallarıma cavab verəsiniz, həm də fikirlərinizi çatdırarsınız.

-Nə mənası var. Guya mən sənə bildiyim sirləri verəcəyəm?. Mən danışsam sonra sənin kimi fitnəkarlar bundan fitnə yaradacaq.

-Nə bilirsiniz fitnə yaradacağam?

-Bilirəm də. Bizim heç kimlə işimiz yoxdur.

-Bəs niyə danışmırsınız?

-Niyə danışmalıyam ki. Guya səninlə danışsam ,sirləri sənə verəcəyəm? Sən yox, səndən yüzü ola, heç kim məndən sirr ala bilməz. Əgər sən istəyirsənsə, gəl görüşüb oturaq, mən sənə hər şeyi başa salaram.

-Amma mən jurnalist kimi gələcəm və siz mənim suallarıma cavab verəcəksiniz. Belə razısınızmı?

-Dedim ki yox. Mən sənə niyə danışmalıyam ki. Elə-belə gəl, sənə nə istəyirsən danışaram, yəni səni nə maraqlandırırsa. Mən onsuz da sənə hər şeyi deməyəcəm. Amma söhbət etməmişdən əvvəl sənin üst-başını axtaracam, sonra danışacağıq ha.

-Niyə axtarırsan?

.....

-Harda görüşək?

-Gəl Qaraçuxur məscidinin qabağına, mən səni orda qarşılayacam.

-Sabah gələ bilərəm?

-Onda sabah saat 5-də (17:00-red) orda olarsan. Mən sənə nömrə verəcəm, ona zəng edərsən. Bu mənim qardaşımın nömrəsidir.

-Bir dəqiqə nömrəni yazım. (fikrindən daşınır)

-Yox, elə sən gəl ora, mən səni qarşılayacam.

-Yaxşı, onda bu nömrəyə zəng edəcəm.

-Bu nömrəyə elə mesaj yaz, mən biləcəm.

-Yazacam ki, Qaraçuxura gəldim.

-Hə, elə də yaz. Amma üst-başını axtaracam, ondan sonra danışacağıq. Elə belə.

-İndi siz elə deyirsiniz, mənim ürəyimdə qorxu yaranır.

-Niyə qorxursan? Kişi qorxmaz. Düzdür, onsuz da kişilərin hamısı Suriyadadırlar, burda deyil. Sən namaz qılırsan?

-Xeyr.

-Allahdan qorxmursansa, məndən niyə qorxursan.

-Mən demədim ki, Allahdan qorxmuram.

-Necə qorxmursan, Allah deyir ki, buyurduqlarımı etməyənlər cəhənnəmlikdir.

Burda bir qədər dini söhbətlər gedir. Sonda isə vədləşdiyimiz yerdə görüşəcəyimizi deyirik.

-Amma siz adınızı demədiniz?

-Nə mənası var, adımı dedim, ya yox. Mən səndən adını soruşmadım ki. Sən də məndən soruşma da.

P.S: Qeyd edək ki, bu stenoqrama danışığın vərəqə köçürdüyümüz və yaddaşımızda qalan hissəsidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm