• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

8 ildən sonra yenidən Parisdə: Olland nəsə edə biləcəkmi?

  • Nida.az
  • 27 Oktyabr 2014 12:44
  • 533 Baxış
8 ildən sonra yenidən Parisdə: Olland nəsə edə biləcəkmi?

Bu gün Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında görüş keçiriləcək.

Publika.az xəbər verir ki, Azərbaycan və Ermənistan prezidentləri əvvəlcə fransalı həmkarları ilə təkbətək görüşəcəklər. Daha sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçtərəfli formatda müzakirə ediləcək.

Fransa KİV-nin məlumatına görə, görüş Yelisey sarayında baş tutacaq. Paris görüşü uzun müddət gözlənilməsi baxımından diqqət çəkir. Olland bu ilin avqust aydında cəbhədəki gərginliyin aradan qaldırılması üçün həmkarlarını Parisə dəvət etmişdi. Lakin onun bu təşəbbüsü alınmadı. Həmin vaxt Rusiya prezidenti Vladimir Putin araya girərək prezidentləri avqustun 10-da Soçiyə dəvət etdi. Soçi görüşü cəbhədəki gərginliyi müəyyən qədər aradan qaldıra bildi. Bundan sonra prezidentlər Uelsdə ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə görüşdülər.

Ollanda təşəbbüsünü reallaşdırmaq üçün bir neçə ay lazım oldu və bu gün, nəhayət ki, Paris görüşü gözlənilir.

Bu, “avqust müharibəsindən” sonra prezidentlərin üçüncü görüşüdür. Buna qədərki iki görüş münaqişənin həllindən çox gərginliyin azaldılmasına yönəlmişdi. Ekspertlər budəfəki görüşün də eyni ssenari üzrə cərəyan edəcəyini gözləyirlər. Eyni zamanda, Paris görüşündə irəliləyişə nail olunacağını düşünənlər də var.

Avqust ayından sonra keçirilən görüşlərdə Minsk Qrupunun həmsədrlərinin iştirak etməməsi, yaxud epizodik iştirakı da diqqət çəkir. Bu, həmsədr ölkələrin münaqişənin həllində əsas oyunçuya çevrilmək istəyindən irəli gəlməsi ilə izah olunur. Tərəflər, daha dəqiq desək Qərb (ABŞ və Fransa) və Rusiya ayrı-ayrılıqda Dağlıq Qarabağ münaqişəsindəki açarı ələ almaq və bununla münaqişə tərəflərini öz təsirində saxlamaq üçün gediş edirlər.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri Parisdə sonuncu dəfə 2006-cı ildə görüşüblər. O zaman Paris yaxınlığındakı Rambuyedə keçirilən görüş 4 saat davam edib. Lakin o zaman tərəflər heç bir razılığa gələ bilməyiblər.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR