Partiyadan çıxarılan müsavatçı: “Arif Hacılı dovşana qaç, tazıya tut deyir”
Bizi izləyin

Nida.az

Partiyadan çıxarılan müsavatçı: “Arif Hacılı dovşana qaç, tazıya tut deyir”

“Mənim partiyadan çıxarılmağımın səbəblərindən biri illər boyu heç bir qrupa aid olmamağım və azad düşüncəmi ifadə etməyib olub. Mən müsavatçıyam və haqsızlığa qarşı mübarizə alnıma yazılıb”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Partiyasının Qubadlı rayon təşkilatından çıxarılan Məhəbbət Muradov partiyada “qara siyahı”ya uyğun “təmizləmələrin” olacağına dair deyilənlərə münasibət bildirərkən deyib.


Qeyd edək ki, Müsavat Partiyasının başqan Arif Hacılının “qara siyahı” tutduğuna dair xəbərlər yayılıb. Həmin siyahıda M. Muradov və qardaşı Rövşən Muradovun da adı keçir.


M. Muradov bildirib ki, qardaşının adının hansısa “qara siyahıda” olması qara düşüncəlilərin qarayaxmasından başqa bir şey deyil: “Dünyada şərə qarşı xeyirin davası gedir. Şərqin silahı yalan-böhtan, xeyirin müdafiəsi haqq və ədalətdir. Müsavatda bir ay ərzində hər şey ortaya çıxdı. Partiya çirkləndi və təmizləməyə ehtiyac yarandı. Bu uzun illər yaranan qruplararası münasibətlərdən qaynaqlanır. Bu qruplar həmişə mövcud olub, bu gün də var. Mən seçkidə Qubad bəyi illərdir heç bir qrupda olmadığı üçün dəstəkləmişəm”.


M. Muradov sabiq müşavir Hüseyn Məlikin onun partiyadan çıxarılmasına görə Müsavat qərargahı önündə piket keçirmək təklifinə də münasibət bildirib: “Hüseyn Məlik illərini mübarizəyə həsr etmiş bir insandır. Onun təklif etdiyi piket son mərhələlərdən biri ola bilər. Açığı, belə olacağını qanunsuz olaraq “təmizləmə” aparanlar düşünməlidir”.


M. Muradov bundan sonrakı fəaliyyətinə aydınlıq gətirib. Bildirib ki, mübarizəni nizamnamə çərçivəsində aparacaqlar: “Müraciətimizə baxılıb doğru qərar verilməli, ədalət prinsiplərini pozanlar cəzasını almalıdır. Müsavat sıralarında kifayət qədər ziyalı potensialı var. Onlar seçkiyə qədər və seçkidə olan pozuntulardan narazıdırlar. Mübarizəmiz Müsavatda olan özbaşınalıqlara son qoyulana qədər davam edəcək. Mən özümü Rəsulzadə əsgəri hesab edirəm və şərəflə xidmət edəcəyimə and içmişəm”.


M. Muradov Arif Hacılının “təzyiqlərlə heç nəyə nail olmaq mümkün deyil” açıqlamasına da toxunub: “Arif Hacılı bundan sonra kiminlə işləyəcək? Kimə qucaq açacaq? Bugünkü durum onu göstərir ki, Arif Hacılı dovşana qaç, tazıya tut deyir”.

Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm