Müsavat Məclisindən tələb: “Belə fəaliyyətə son qoyun”
Bizi izləyin

Nida.az

Müsavat Məclisindən tələb: “Belə fəaliyyətə son qoyun”

Müsavat Partiyasının Məclisi qalmaqallı VIII qurultayla bağlı bəyanat yayıb.


Partiyadan Publika.az-a daxil olan bəyanatda başqanlıq seçkilərinin ədalətli, şəffaf keçirildiyi, Müsavatın ölkənin siyasi arenasına yeni prinsiplər gətirdiyi bildirilir.

Bəyanatda seçkinin nəticələrindən narazı qalanların mövqeyinə də münasibət açıqlanıb: “Lakin səsvermənin nəticələrindən narazı qalan bəzi partiya üzvləri, eyni zamanda, bəzi kənar qüvvələr qurultayda hər hansı pozuntular barədə faktlar ortaya qoya bilməsələr də, təəssüf ki, mətbuatda və sosial şəbəkələrdə seçkilərin ədalətli olmadığı haqqında əsassız iddialar irəli sürür, qurultayın qərarlarını və seçkilərin nəticələrini şübhə altına almağa cəhd ediblər. Xüsusən oktyabrın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən toplantıda həm əvvəlki, həm də yeni seçilmiş partiya rəhbərliyinin ünvanına bir sıra əsassız ittihamlar səsləndirilib. Müsavat Partiyasının Məclisi bu iddiaları partiyanın ali orqanı olan qurultayın qərarlarını sayğısızlıq və Müsavat Partiyası üzvlərinin iradəsi ilə hesablaşmamaq cəhdi kimi qiymətləndirir və bunun partiyanın nizamnaməsinə və məramına uyğun olmayan hərəkətlər olduğunu bəyan edir.

Müsavat Partiyasının Məclisi həmçinin qurultayda Məclisə üzv seçilmiş partiya üzvlərinin ünvanına deyilən aşağılayıcı fikirlərə qətiyyətlə etiraz edir, bu iddiaları irəli sürənlərdən belə fəaliyyətə son qoymağı tələb edir. Müsavat Partiyasının Məclisi bütün müsavatçıları və partiyanın səlahiyyətli orqanlarını təşkilat daxilində partiya maraqlarına cavab verməyən və üzvlər arasında narazılıq yaradan şəxslərə münasibətdə prinsipial mövqe nümayiş etdirməyə çağırır”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm