• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Girovlara görə Haaqada cavab verəcəklər” – İrəvana sərt mesaj

  • Nida.az
  • 27 Oktyabr 2014 16:42
  • 849 Baxış
“Girovlara görə Haaqada cavab verəcəklər” – İrəvana sərt mesaj

Bu gün Ermənistan hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülmüş iki azərbaycanlının – Dilqəm Əhmədovla Şahbaz Quliyevin məhkəməsi keçirilib.

Erməni mediasının yaydığı məlumata görə, girovlar öz “günahlarını etiraf ediblər”. Məhkəmə prosesindən yayılmış qısa videodan göründüyü kimi, ermənilər azərbaycanlı girovlara işgəncələr verib. Onların gözübağlı şəkildə məhkəmə salonuna gətirilməsi də qeyri-insani əməllərdən xəbər verir.

“Erməni başbilənləri Haaqa tribunalında cavab verməlidir”

Qarabağdan olan millət vəkili Elman Məmmədov Publika.az-a açıqlamasında bunu vəhşilik adlandırıb. Onun sözlərinə görə, öz doğma evinə getdiyi üçün həbs olunmaq və işgəncələrə məruz qalmaq beynəlxalq hüquqa ziddir: “Ermənilər bildirirlər ki, onlar günahlarını etiraf ediblər. Hansı günahdan söhbət gedir? Öz doğma evinə getmək, doğmalarının qəbirlərini ziyarət etmək nə vaxtdan günah olur?

Burda əsl cinayətkar onları məhkəməyə çəkənlər, onlara öz doğma yurduna getdiyinə görə işgəncə verənlərdir. Bu gün məhkəmə qarşısında Dilqəmlə Şahbaz deyil, ermənilər, onların siyasətçiləri, onların başbilənləri dayanmalıdır. Özü də beynəlxalq məhkəmə olan Haaqa tribunalında cavab verməlidirlər”.

Millət vəkili qeyd edib ki, dünya birliyi buna göz yummamalıdır.

“Bu şounu düzəldənlər bir gün cavab verməli olacaq”

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə isə ermənilərin bu addımını dünyaya, beynəlxalq hüquqa qarşı azğınlıq adlandırıb.

Millət vəkili Publika.az-a deyib ki, bu azərbaycanlılar haqsız olaraq girov götürülüb və ciddi işgəncələrə məruz qalıblar: “Onlar bir müddət əsirlikdə saxlanıldı. İndi də məhkəmələri qurulub. Rəsmi İrəvan bununla şou göstərir. Amma kimi aldadırlar? Dünya onsuz da bu torpaqların Azərbaycana məxsus olduğunu qəbul edir. Gec, ya tez Azərbaycan öz torpaqlarını azad edəcək və bütün bu şounu düzəldənlər bir gün cavab verməli olacaqlar”.

“Hər iki girovumuzu geri alacağıq”

Millət vəkili Zahid Oruc da girovlara qarşı bu hərəkəti erməni vandalizmin tərkib hissəsi adlandırıb.

Publika.az-a açıqlamasında Z. Oruc deyib ki, Ermənistan girovlar məhkəməyə çıxarıb görüntülər yaymaqla Azərbaycan insanına dərs vermək, öz doğma yurdlarına getmək istəyənlərin qarşısını almaq istəyir: “Yəni Dilqəm Əhmədov və Şahbaz Quliyev kimi öz doğulduqları yerə getmək istəyənlərə görk verirlər. Halbuki Azərbaycan insanına bununla təsir etmək mümkün deyil. Həsən Həsənovu da qətlə yetirməklə, digərləri üzərində qeyri-insani əməliyyatlar aparmaqla Azərbaycana qarşı informasiya müharibəsi aparır və bunu medialarına tirajlayırlar. Hesab edirlər ki, Azərbaycan mediası buna adekvat cavab verəcək və digər dövlətlərdə ölkəmiz haqqında mənfi rəy formalaşdıracaqlar. Amma bir şeyi unudurlar ki, qarşı-qarşıya dayandıqları dövlətin lideri İlham Əliyevdir. O, heç vaxt öz vətəndaşını yad əllərdə qoymayıb. Bu məsələni Putinlə görüşdə də qaldırdı və hər iki girovumuzu geri alacağıq. Bunu ermənilər də unutmasınlar. Lakin heç vaxt biz ermənilərə qarşı bu cür qeyri-insani davranışlara yol verməyəcəyik. Bizim fərqimiz də budur”.

“Görək sonda kim güləcək?”

Z. Oruc əlavə edib ki, Ermənistan bununla öz rəzilliyini və iç üzünü bir daha sübut etdi. Onun sözlərinə görə, öz doğma yurduna getdiyi üçün işgəncələrə məruz qalan insanları məhkəmə qarşısına çıxarıb onların üzərində propaqanda qurmaq yalnız və yalnız dayaz düşüncəli erməni texnoloqların düşünə biləcəyi məsələdir.

“Bu gün Parisdə prezidentlər görüş keçirir. Ermənistan məhkəməni bu görüşlə eyni gündə keçirməklə, guya Azərbaycana psixoloji təzyiq edəcəkərini hesab edirlər. Amma ciddi şəkildə yanılırlar. Bir misal var: “Son gülən ən yaxşı güləndir”. Görək sonda kim güləcək? Mən əminəm ki, bir gün ermənilər bu cür hərəkətlərinə görə cavab verməli olacaqlar”, - deyə millət vəkili vurğulayıb.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR