• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“İŞİD-in başında avropalı generallar dayanır” – ŞOK İDDİA

  • Nida.az
  • 27 Oktyabr 2014 17:30
  • 1 198 Baxış
“İŞİD-in başında avropalı generallar dayanır” – ŞOK İDDİA

Firudin Cəlilov: “Fələstin Ermənistanın tərəfindədir”

“İranda 35 milyon azəri türkü var, İraqda türkmənlər yaşayır, Suriyada bəlli sayda türk var. Türkiyə daha çox bu işlə məşğul olmalıdır. İndi bu məsələlər arxa planda qalıb, gündəmi isə Kobanidə baş verənlər tutur. Üstəlik, hələ qarşıdan da saxta soyqırımı məsələsi gəlir. Hazırda ermənilər bu istiqamətdə ciddi hazırlıq işləri aparır. Çalışılır ki, bir çox ölkələr saxta soyqırımı qəbul etsin”.

Bunu Teleqraf.com-a müsahibəsində sabiq təhsil naziri, istiqlalçı deputat, professor Firudin Cəlilov bildirib. Müsahibəni təqdim edirik.

- Firudin bəy, bir müddət əvvəl Türkiyədə əməliyyat olundunuz. İndi necəsiniz, hansı işlərlə məşğulsunuz?
- Özümü yaxşı hiss edirəm. İki aydan bir müalicə olunmalıyam. Yaxın vaxtlarda yenidən Türkiyəyə gedəcəyəm. Vaxtımın çoxunu kitablarla keçirirəm. Əməliyyatdan sonra Xızıda bir ay istirahət elədim, bunun da köməyi oldu. Hazırda yaradıcılıq istiqamətində işlər gedir. Düzdür, əvvəlki ilə müqayisədə bir qədər az məşğul oluram, amma işlərimi davam etdirirəm.

- İctimai-siyasi proseslərlə maraqlanırsınızmı?
- Demək olar ki, yox. İstəyirəm əsəblərim sakit olsun. Ona vaxt ayırmağa da imkanım yoxdur.

- Müstəqillik Günü ilə bağlı Sizi təbrik edənlər oldumu?
- Müstəqillik Günü ilə əlaqədar dostlar həmişə məni təbrik edir. Bu, hər il olur.

- İstiqlalçı deputatların dəyirmi masasını yaratmışdınız, bu prosesdə iştirak edirsinizmi?
- Bu qurumu istiqlalçı deputatlar yaradıb. Hələlik orada iş bir qədər dondurulub.

- Türkiyənin baş naziri Əhməd Davudoğlu milliyətcə erməni olan şəxsi özünə köməkçi təyin edib. Bunu necə qiymətləndirirsiniz?
- Burada söhbət erməni məsələsi ilə bağlı deyil. Sadəcə olaraq həmin şəxsin xüsusiyyəti nəzərə alınmalıdır. Prinsipcə, erməni və ya başqa millətdən mütəxəssis ola bilər. Bu mənada onun milləti önəmli deyil, mütəxəssis olması vacibdir. Amma bu adam teledebatlarda öz xislətini göstərib, erməniliyini daima qabardıb. Ancaq burada biz bir məqamı hökmən nəzərə almalıyıq.

- Hansı məqamı?
- Erməni cəmiyyətlərində saxta soyqırımı ilə bağlı ciddi iş aparılır. Yəqin ki, bu faktor da nəzərə alınıb. Davudoğlu alim adamdır, xarici siyasətlə bağlı yaxşı əsərləri var. Ancaq onun gördüyü işlərin nəticəsi haqda indidən bir söz deməyimiz doğru olmazdı. Nəticəni gələcək göstərəcək. Türkiyə məsələsi bir qədər mürəkkəbdir və onu hərtərəfli analiz etmək lazımdır. Türkiyə böyük və güclü dövlətdir, dərin iqtisadiyyatı var. Yaxın vaxtlarda çox məsələlər açılacaq. Fikrimcə, Türkiyə yenidən toparlanır.

- Nə mənada toparlanır?
- Yeni osmanlıçılıq deyilən xətt var. Bu saat Türkiyədə neo-osmanizm gedir. Düzdür, bu xətti müdafiə edənlər, habelə ona qarşı çıxanlar da var. Şəxsən mən bu xətti bəyənmirəm. Bu xətt o deməkdir ki, Türkiyə yenidən ərəblərlə qardaş olmaq istəyir, üzünü o istiqamətə çevirir. Ancaq fərqinə varmırlar ki, ərəblər daim Türkiyəni arxadan vurub. Türkiyə türk xalqlarının şah damarıdır. Türkiyə üzünü Azərbaycana, Orta Asiyaya çevirməlidir. İranda 35 milyon azəri türkü var, İraqda türkmənlər yaşayır, Suriyada bəlli sayda türk var. Türkiyə daha çox bu işlə məşğul olmalıdır. İndi bu məsələlər arxa planda qalıb, gündəmi isə Kobanidə baş verənlər tutur. Üstəlik hələ qarşıdan da saxta soyqırımı məsələsi gəlir. Hazırda ermənilər bu istiqamətdə ciddi hazırlıq işləri aparır. Çalışılır ki, bir çox ölkələr saxta soyqırımı qəbul etsin. Buna müəyyən qədər də nail olublar və hazırda da işləyirlər. Qənaətimcə, qardaş Türkiyə bu məsələdə çox ləng, savadsız işləyir, sistemsiz və məqsədsiz iş aparır. Odur ki, xoşagəlməz hadisələr ola bilər. Halbuki, 1915-ci ildə əgər 3 erməni ölübsə, 10-15 türk qətlə yetirilib. Bu proses Anadoluda, Quzeydə, Güneydə aparılıb. Odur ki, Türkiyə bu faktların dünya mediasında yayılması məsələsində çox ləng tərpənir. Sözümün canı ondadır ki, erməni işinə qarşı ciddi iş aparılmalıdır.

- Bəs buna qarşı iş necə və hansı səviyyədə aparılmalıdır?
- İş ondadır ki, türk dövlətlərinin ortaq strateji mərkəzləri yoxdur və bu olmadığı üçün yanlışlıqlar yaşanır. Məsələn, İsrail-Fələstin münasibətlərinə baxın. Türkiyə birmənalı olaraq Fələstini müdafiə edir və İsraillə münasibətləri kəskindir. Ancaq 20-30 il əvvəl Fələstin terrorçu Hizbullah kimi tanınırdı. Sadəcə dünyada bir korrektləşmə aparıldı və Fələstin məsələsi bir qədər qabarıq formada ortaya çıxdı. Ancaq Fələstin Azərbaycan-Ermənistan münasibətlərində erməninin tərəfində idi, hələ gəlib burada bizə qarşı savaşanlar da olurdu.

- Hətta Yasir Ərafat elan etmişdi ki, ermənilərə yaxın xalqdırlar...
- Bu gün də belə deyirlər. Mən sadəcə misal çəkirəm. İsrail-Fələstin münasibətlərində bizimlə Türkiyənin mövqeləri fərqlidir. Ancaq orta düşüncə mərkəzləri olsa, bu məsələləri sahmana salmaq olar.

- Ərəb coğrafiyasında baş verən proseslərə münasibətiniz necədir, bu olayların arxasında kimlər durur, əsas məqsəd nədir?
- Siz sualınızın əvvəlində coğrafiya sözünü işlətdiniz. Hesab edirəm ki, yaşananlara Suriya və İraqda baş verənlər deyil, ərəb coğrafiyasında baş verənlər formasında baxmaq doğrudur. Məsələnin kökündə coğrafiya durub. Bu coğrafi məkan daima dünya güclərinin marağında olub. Bu coğrafiyaya sahib çıxmaq, ondan pay ummaq, qazanc əldə etmək məqsədi güdülüb. Görün, Rusiya bu coğrafiyadan nə qədər uzaqdadır. Amma ərəb ölkələrinin əksəriyyəti Rusiya ilə canbir qardaş idilər. Elə Rusiya da bu coğrafiyada böyük işlər görürdü. Yol tikirdi, neft sahəsində işləyirdi və s. Elə bu gün Suriyanın əsas müdafiəçilərindən biri də Rusiyadır. Avropa və Amerika da tarix boyu Ön Asiyanı, Ortadoğunu öz nəzarətində saxlamaq istəyib. Çünki bu coğrafiya tarixən ticarət karvanlarının keçdiyi yoldur. Yəni bu məkan qərblə-şərqi birləşdirən məkandır. Müasir dövrdə isə bu məkana enerji körpüsü kimi baxmaq lazımdır. 30 ildən sonra isə bura su körpüsü statusunu alacaq. Yəni bu coğrafiya olduqca əhəmiyyətlidir. Bu ərazilərə nəzarət etmək dünyaya nəzarət etmək kimi bir şeydir. Bu mənada sözügedən coğrafiyaya sahib çıxmaqdan ötrü böyük siyasi oyunlar gedir. Bu ərazilər bir zamanlar Osmanlının nəzarətində olub. O dövrdə burada sakitlik olub, Avropa və Amerika da bu ərazilərə müdaxilə edə bilməyib, insanlar da sakit şəkildə yaşayıblar. Ancaq Osmanlı imperiyası dağılandan sonra çoxlu sayda ərəb dövləti yarandı. İndi kürdləri çox zaman qınayırlar. Ancaq Osmanlı dövründə kürdlər bir dövlətin içində yaşayırdılar. Amma Osmanlıdan sonra kürdlər 3-4 dövlətin ərazisində yaşamalı olub. İndinin özündə də İraqda, Suriyada, Türkiyədə kürdlər yaşayır. Elə azərbaycanlıların da bir hissəsi İranda, bir qismi Dağıstanda, bir qismi başqa ölkələrdə yaşayır. Yəni bir millətin bölünmə məsələsi olur. Ərəb coğrafiyasında indi həm də kürd, ərəb məsələsi, eləcə də güc mərkəzlərinin siyasi və hərbi maraqları var. Məhz burada status-kvonu kiminsə xeyrinə dəyişmək məqsədilə müəyyən planların reallaşması işi aparılır. Ərəb coğrafiyasındakı indiki xəritəni dəyişmək istəyirlər. Bütün oyunlarda Türkiyənin başındadır.

- Bəs İraq Şam İslam Dövləti kimə bağlıdır?
- Bu silahlı qüvvənin ortaya çıxması gözlənilməz deyildi. Hizbullah, Əl-Qaidə, Taliban da bu formada meydana çıxıb. İndi isə İŞİD ortaya atılıb. Bu qüvvələri hazırlayan, onlara maliyyə verən, silah ötürən mərkəzlər var. Onların qarşısında xəritə qoyub plan cızanlar olmamış deyil. Əgər axtarsanız, onların silahlı dəstələrinin başında Avropadan olan generalların durduğu da bəlli olacaq. Baş verənlər təbii proseslər deyil.

- Bəs Türkiyə bu istiqamətdə hansı addımlar atır?
- Dediyim kimi, hazırda Türkiyə yeni Osmanlı xəttini qabardır. Ümid edir ki, Osmanlı dövründə bölgədə çaxnaşma yox idi. Düşünür ki, bu əraziləri nəzarətə alsa, münaqişə ocaqlarını söndürəcək. Məncə, bu xəyaldır. Həm də Türkiyənin ziyanınadır. İndilikdə Ankara məcburdur ki, bu prosesə cəlb olunsun, İŞİD-lə bağlı iş aparsın. Çünki bütün oyunlar Türkiyənin sərhədləri yaxınlığında baş verir. Həm də əsas oyunlar Türkiyə ilə bağlıdır.

- Müsavat Partiyasının qurultayından sonra bir çaxnaşma müşahidə edilir. Bu haqda Siz nə düşünürsünüz?
- Bu haqda konkret bir söz deyə bilmərəm. Çünki əlaqələrim yoxdur, orada gedən proseslərdən də məlumatsızam. Bircə onu bilirəm ki, Arif Hacılı başqan seçilib. Arif Hacılı da uzun illərdir ki, siyasətdədir. Yəqin ki, bu da bir mərhələdir və onu da aşacaqlar.

- Partiyada böyük narazılıq, bir-biri ilə anlaşmaya getməyən tərəflər var, bu parçalanmanı stimullaşdıra bilərmi?
- Partiya daxilində fikir ayrılıqlarının olması normal haldır. Yəni partiyalar içindən təmizlənir. Ancaq konkret hansı proseslərin getdiyi mənə dəqiq deyil.

- Niyə partiya sədri dəyişəndə təşkilatda belə çaxnaşmalar yaşanır?
- Bunun yeganə səbəbi partiyaların liderlər ətrafında yaranmasıdır. Bizdə ideoloji deyil, lider partiyalar çoxdur. Lider də gedəndən sonra partiyaların alt tavanı boşalır. Əksər partiyalarda bu baş verir.

- Axı Müsavatın 100 illik tarixi, mənsub olduğu ideologiyası var...
- Bizdə ideologiyası olan partiyaların özü mübahisəli məsələdir. Sol, sağ, sağ-mərkəzçi, millətçi ideologiyada olan partiyalar var. Amma konkret ideoloji yönlə formalaşan və bu dəyərlərini qabarıq olaraq ortaya çıxaran partiyalar yoxdur. Bizim partiyaların ideologiyası deyil, liderləri var. O cümlədən də Müsavat Partiyasının.

teleqraf.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR