Prezident Forum iştirakçılarına müraciət etdi
Bizi izləyin

Nida.az

Prezident Forum iştirakçılarına müraciət etdi

"Gənclər siyasəti öz müstəqilliyini 23 il əvvəl bərpa etmiş Azərbaycan dövlətinin fəaliyyətində prioritet istiqamətlərdəndir. Bu siyasəti uğurla həyata keçirmək üçün ölkəmizdə əlverişli sosial-iqtisadi və ictmai-siyasi şərait yaradılmışdır". Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumun iştirakçılarına müraciətində deyib.


Müraciəti Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.


Dövlət başçısı bildirib ki, son illər aparılan ardıcıl islahatlar sayəsində iqtisadiyyatımız sürətli inkişaf yoluna qədəm qoyub, əhalinin bütün təbəqələri, o cümlədən gənclər arasında yoxsulluğun və işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə azalıb: "Təhsil, səhiyyə, mədəniyyət və idmanın maddi-texniki bazası möhkəmlənmiş, cəmiyyətdə davamlı sabitlik bərqərar olmuş, əsrlər boyu xalqımıza xas olan qonaqpərvərlik ənənələri və tolerantlıq mühiti daha dərin kök salmışdır".


Azərbaycan Prezidentinin sözlərinə görə, gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sayəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir: "Bu məqsədlə son 10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək icra edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən fond yaradılmışdır".


İlham Əliyev qeyd edib ki, sosial-iqtisadi inkişafın sürətləndirilməsi və mükəmməl infrastrukturun formalaşdırılması istiqamətində həyata keçirilən layihələr, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan ikitərəfli və çoxtərəfli əlaqələr, irimiqyasli tədbirlərin təşkili sayəsində qazanılmış zəngin təcrübə son illər Azərbaycanın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına ev sahibliyi etməsinə imkan verib: "Əminəm ki, bu gün işə başlayan Gənclər Siyasəti üzrə I Qlobal Forum da həmin tədbirlər sırasında layiqli yer tutacaq. Biz ilk gündən Forumun Bakı şəhərində keçirilməsi barədə qərarı ölkəmizin gənclərlə iş sahəsində təcrübəsinə verilən yüksək qiymət kimi dəyərləndiririk. Hesab edirik ki, bu toplantı qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə gənclər siyasətinin prioritetlərinin dəqiqləşdirilməsi, problemlərinin həlli yollarının araşdırılması, iştirakçı dövlətlərin dövlət orqanları və qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacaq, səmərəli müzakirələrlə yadda qalacaq. Forumun işinə uğurlar, hər birinizə möhkəm cansağlığı arzu edirəm".

Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm