QAT: “Ermənilər 47 il öncəki vəhşiliyi təkrarlayırlar”
Bizi izləyin

Nida.az

QAT: “Ermənilər 47 il öncəki vəhşiliyi təkrarlayırlar”

“Qarabağ Azadlıq Təşkilatı işğalçı Ermənistanın Dağlıq Qarabağda yaratdığı qondarma rejimin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurduğu “məhkəmə” prosesini növbəti oyunbazlıq hesab edir. İşğalçı Ermənistan bir daha göstərir ki, onun üçün beynəlxalq qanun, norma, etik qayda yoxdur. Bu həyasızlaşmış rejim heç nədən, heç bir beynəlxalq təşkilatdan, beynəlxalq ictimai rəydən çəkinmədiyini nümayiş etdirir”.


Publika.az xəbər verir ki, bu barədə Qarabağ Azadlıq Təşkilatının (QAT) yaydığı bəyanatda deyilir.


QAT bəyan edir ki, “məhkəmə”nin ilk günü ermənilərin yalançı, həqiqətə uyğun olmayan ssenari qurduqlarını göstərdi: “Dediklərinin heç biri həqiqətə uyğun gəlmir, bir-birini təkzib edir. Dilqəm Əsgərovla Şahbaz Quliyevi diversant qrupunun üzvü kimi təqdim etməyə çalışırlar, amma özlərini gülünc vəziyyətə qoyurlar. Bu cür məntiq, bu cür diversant qrupu ancaq xəstə erməni təxəyyülünün nəticəsi ola bilər. Bəs bu “diversant qrupu”nun başqa üzvləri hanı? Bunları hansı diversiya əməli üstündə tutulublar? Heç bir fakt yoxdur. Hansısa uşağın meşədə öldürülməsini bunların üzərinə atmağa çalışırlar, heç bir sübutları da yoxdur. Yaxın-uzaq 1967-ci ilin hadisəsi yada düşür. Onda da Dağlıq Qarabağın Kuropatkino kəndində Benik adlı erməninin uşağını öldürmüşdülər, heç bir sübut olmadan bu ölüm hadisəsini Ələmşah Mustafayev və daha 2 azərbaycanlının üstünə atdılar. Xankəndidə onların üzərində məhkəmə quruldu, ermənilər məhkəmənin qərarını gözləmədən dustaq maşınını yolda aşırdılar, hər 3 azərbaycanlını maşında diri-diri yandırdılar. Sonradan məlum oldu ki, həmin erməni uşağını öz dayısı öldürüb. Ermənilər indi də həmin yolla gedirlər. Günahsız azərbaycanlıları cəzalandırmağa çalışırlar”.


QAT azərbaycanlı girovların ermənilərin bu oyunbazlıqları, təzyiqləri, təhdidləri qarşısında mərdliklə dayanmaları, sınmamalarını, işğalçıların üzünə həqiqəti demələri ilə fəxr etdiklərini bildirib: “Biz Azərbaycan hakimiyyətini bu bədnam “məhkəmə” oyunbazlığının dayandırılması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında dərhal məsələ qaldırmağa, məsələ müsbət həllini tapana, girovlar geri qaytarılana qədər Ermənistanla istənilən rəsmi və qeyri-rəsmi təmasları, danışıqları dayandırmağa çağırırıq. BMT-nin baş katibi, Təhlükəsizlik Şurası dərhal bu məsələyə müdaxilə etməli, işğalçı Ermənistanın bu qanunsuz hərəkətlərinin, əzizlərinin qəbirlərini ziyarət etmək üçün öz yurdlarına getmiş 2 sadə azərbaycanlıya “məhkəmə” adı altında divan tutulması cəhdlərinin qarşısını almalıdır. Biz BMT rəhbərliyini, bütün digər beynəlxalq qurumları Azərbaycan xalqının heysiyyatı ilə oynamamağa çağırırıq, bizim də səbrimiz tükənməz deyil”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm