• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İlham Əliyev: “Bizimlə bağlı qətnamələr 20 ildir kağız üzərindədir” (YENİLƏNİB)

  • Nida.az
  • 29 Oktyabr 2014 17:40
  • 1 483 Baxış
İlham Əliyev: “Bizimlə bağlı qətnamələr 20 ildir kağız üzərindədir” (YENİLƏNİB)

Azərbaycan təhlükəsizliklə bağlı məsələlərdə əsasən gənc nəslə bel bağlayır. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Siyasəti üzrə I Qlobal Forumda çıxış edərkən deyib.

Prezidentin sözlərinə görə, bu gənc azərbaycanlılar sərhədlərimizi qoruyanlardır: "Hazırda onlar öz Vətənlərini qorumaq üçün erməni təcavüzkarlarla üz-üzə dayanıblar. Erməni təcavüzü zamanı şəhidlərimizin əksəriyyəti gənc nəslin nümayəndələri olub".

İlham Əliyev bildirib ki, bu münaqişə regional təhlükəsizlik üçün ən böyük təhdiddir: "Təəssüf ki, ötən əsrin 80-ci illərinin sonları - 90-cı illərinin əvvəllərində Azərbaycan amansız erməni təcavüzünün, etnik təmizləmənin obyektinə çevrildi, tarixi torpaqlarımız işğal olundu. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Azərbaycanlılar uzun əsrlər boyu buralarda yaşayıblar və Ermənistanın dəstəklədiyi təcavüzkar separatçılıq indiki vəziyyətə gətirib çıxarıb".

Dövlət başçısı qeyd edib ki, 20 ildən çoxdur Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır: "Bunun nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Ermənilər Xocalı soyqırımını törədiblər. 600-dən çox günahsız insan sadəcə azərbaycanlı olduğuna görə öldürülüb. Hazırda erməni işğalı, Ermənistandakı cinayətkar rejim ən böyük təhdiddir. BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib".

Prezidentin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanmalı, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir: "Analoji qərarlar Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilir. Biz görürük ki, bəzi hallarda qətnamələr bir neçə gün ərzində yerinə yetirilir. Bizimlə bağlı qətnamələr isə 20 ildən artıqdır ki, hələ də kağız üzərində qalır".

İlham Əliyev qeyd edib ki, münaqişənin həllinin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanması üçün daha səylə işləmək lazımdır.

Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərdəki doğma yurdlarına qayıdacaqlar: "Beynəlxalq ictimaiyyət tərəfindən bizə yalnız bu məsələdə güclü dəstək verilmir. Bunun ən yaxşı göstəricisi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu və biz iki il ərzində - 2012-2013-cü illərdə Şuranın üzvü olduq. Biz beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti tərəfindən seçildik, 155 ölkə Azərbaycana səs verdi. Bu, ona görə bizim üçün xüsusilə vacibdir ki, Azərbaycan müstəqilliyinin cəmi 20 ili ərzində beynəlxalq birliyin üzvü oldu və biz 155 ölkənin belə güclü dəstəyinə nail ola bildik".

Prezidentin sözlərinə görə, təəssüf ki, hazırda Azərbaycanı əhatə edən regionlarda - Yaxın Şərqdə, Avropada və dünyanın digər yerlərində mürəkkəb hadisələrin baş verdiyini müşahidə etmək olar: "Bəzən bu hadisələr faciə ilə nəticələnir. Buna görə də dünya terrorçuluqla mübarizədə və beynəlxalq hüquq və ədalətin müdafiəsində həmrəy olmalıdır. Azərbaycan beynəlxalq təhlükəsizlik, sabitlik məsələlərində regionda vacib rol oynayır. Ölkəmiz regionda sabitlik, inkişaf, proqnozlaşdırmanın mümkün olduğu adadır. Azərbaycan regionda sabitləşdirici qüvvə və amildir, belə ki, biz regional əməkdaşlıq, iqtisadi təşəbbüslər, energetika və nəqliyyatla bağlı təşəbbüslərin köməyi ilə çox şeyə nail ola bilərik. Bizim siyasətimiz hər zaman çox aydın olub - iqtisadi maraqlar, təhlükəsizlik və sabitlik daxil olmaqla, regional əməkdaşlıq və milli maraqların qarşılıqlı dəstəklənməsi".

İlham Əliyev vurğulayıb ki, hər bir ölkə təhlükəsizlik və sabitlikdə maraqlıdır və bunu maksimum səviyyəyə çatdırmağa hazırlaşır, çünki bu, inkişaf üçün əsas şərtdir: "Əgər təhlükəsizlik və sabitlik mövcud deyilsə, investisiyalar da olmayacaq, investisiyalarsız isə hətta dünyanın inkişaf etmiş ölkələri irəli gedə bilməz. Eyni zamanda, hər bir ölkə hüdudlarından kənarda təhlükəsizlik və sabitlikdə maraqlı olmalıdır. Çünki siz adada yaşamırsınız, sizin qonşularınız var. Buna görə də biz ölkənin daxilində olduğu kimi, sərhədlərimizdən kənarda da sabit və əvvəlcədən söylənilə bilən vəziyyətdə maraqlıyıq. Regional təhlükəsizlik və regional əməkdaşlıqla bağlı məsələlər bizə belə görünür".

Dövlət başçısı əlavə edib ki, başlanılan iqtisadi, enerji və nəqliyyat təşəbbüsləri bütün iştirakçıların xeyrinədir: "Yalnız uduşlu vəziyyətdə maksimum nəticələr əldə edə bilərik. Azərbaycanda vacib çoxmilli, transkontinental layihələr, o cümlədən enerji təhlükəsizliyi, enerjidaşıyıcıların şaxələndirilməsi ilə bağlı layihələr işə salınıb. Nəticədə həmin layihələrdə iştirak edən ölkələr fayda götürürlər".

Prezident qeyd edib: "Biz müstəqil dövlət olanda iqtisadiyyatımız tam tənəzzüldə idi. Bizdə siyasi və hərbi böhran müşahidə edilirdi, erməni təcavüzü, vətəndaş müharibəsi ilə üzləşmişdik - ötən əsrin 90-cı illərində mənzərə belə idi. Uğurlu inkişafın səbəbləri - siyasi sabitlik, siyasi islahatlar, demokratik inkişaf, iqtisadi inkişaf, KİV azadlığı. Hazırda bizdə, məsələn, internetə pulsuz giriş mövcuddur və ölkəmizin əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir. Siyasi islahatlar olmadan davamlı uğura nail olmaq mümkün deyil. Siz müəyyən dövr üçün uğur qazana bilərsiniz, lakin davamlı uğur üçün insanları fundamental azadlıqla təmin etməlisiniz, çünki hamı azad doğulur və təhlükəsizliyə və bütün əsas hüquqlara malik olmaqla azad cəmiyyətdə yaşamalıdır".

İlham Əliyevin sözlərinə əsasən, Azərbaycanda siyasi islahatlar iqtisadi islahatlarla möhkəmlənib: "İqtisadi islahatlar olmadan siyasi islahatları reallaşdırmaq çox çətindir və bizim məqsədimiz özünü təmin edən, güclü iqtisadiyyatın yaradılması olub. Bu, əminlik və iqtisadi müstəqillik yaratdı. İqtisadi əsaslar olmadan siyasi cəhətdən müstəqil olmaq və müstəqil siyasət yürütmək çətindir. Hələ də özünü təmin edə bilməyən iqtisadiyyatları olan, digər ölkələrdən asılı vəziyyətə düşən ölkələr müəyyən dərəcədə siyasi sahədə də digərlərindən asılıdır. Hər bir ölkə, ilk növbədə, iqtisadi müstəqilliyinin qayğısına qalmalıdır, bundan sonra siz azad ola, əminlik əldə edə, müstəqil qərarlarınızı qəbul edə bilərsiniz".

İlham Əliyev bəyan edib ki, Azərbaycanda hələ də davam edən iqtisadi islahatlar artıq rəqəmlərdə öz əksini tapıb: "Son 10 ildə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Ən böyük uğurlardan biri işsizliyi 5 faizədək azaltmağımız oldu. Bu gənc nəslə kömək edir, ilk növbədə ona görə ki, biz yaxşı əmək resurslarının və yaxşı demoqrafik vəziyyətin olduğu ölkəyik. Bununla da iş yerlərinin açılması mütəmadi proses olmalıdır. Biz son 10 ildə 1,3 milyon iş yeri açmağa müvəffəq olduq və Azərbaycanda işsizlik kimi sosial problem mövcud deyil. Bizim ÜDM-ə nisbətdə xarici borcumuz çox aşağı səviyyədədir - cəmi 8 faiz. Buna görə də iqtisadiyyatımız böyük maliyyə resurslarını qəbul edə bilər. Lakin biz bu rəqəmi üstələməyə çalışmırıq, çünki xarici borcun ÜDM-ə nisbətdə göstəricisi iqtisadi sabitliyin əsas elementlərindən biridir. Hamımız bilirik ki, daim borc alan ölkələr gözəl günlərin birində böyük hesab verməli oldular".

Dövlət başçısının sözlərinə görə, beləliklə, siyasətçilərin məsuliyyəti və iqtisadiyyata görə məsuliyyət də vacib məsələlərdəndir: "Çünki bilirik ki, bəzi seçki kampaniyaları zamanı bir sıra ölkələrdəki siyasi vəziyyətlə əlaqədar bir çox vədlər verilir ki, problemlər aradan qaldırılacaq, məvaciblər və pensiyalar artırılacaq və cənnət yaradılacaq. İnsanlar belə sözlərə inananda və həmin siyasətçiləri seçəndə vədlər yerinə yetirilməlidir. Lakin vədlər icra olunmur, çünki iqtisadi məhdudiyyətlər, qaydalar və s. var. Bu halda onlar nə edirlər? Beynəlxalq maliyyə institutlarından, ölkələrdən borc alırlar və bu, piramida kimi görünməyə başlayır - siz daim borc alırsınız və günlərin birində hər şey dağılır. Bəs sonra? Kim əziyyət çəkir? İnsanlar. Populist çıxışlara aldanan insanlar əziyyət çəkirlər, çünki məvaciblər, pensiyalar və iş yerləri azalır. Buna görə də hər bir ölkənin iqtisadi vəziyyəti real şəraitə əsaslanmalıdır".

Prezident vurğulayıb ki, islahatlar aparmaq üçün yaxşı biznes mühitə, sabit siyasi vəziyyətə və proqnozlaşdırıla bilən gələcəyə malik olmaq lazımdır: "Bu zaman sərmayədarlar gələcəklər, çünki hazırda onları cəlb etmək çox çətindir, buna səbəb isə dünya bazarında baş verənlərdir - maliyyə-iqtisadi böhran hələ də davam edir. Bizim bu sahədə müəyyən təcrübəmiz var və hazırda iqtisadiyyatımız sabitdir, şaxələndirilib və davamlı inkişaf əsas məqsədimiz olub".

Prezident İlham Əliyev bəyan edib ki, forum təkcə müzakirələrə görə deyil, həm də Azərbaycan haqqında daha çox öyrənmək imkanı baxımından böyük əhəmiyyət kəsb edir: "Azərbaycan gənc, müstəqil, müasir ölkədir. Ölkəmiz prioritet və məqsədlərini dəqiq müəyyənləşdirib. Gənclər kimi hərəkət edən qüvvə ilə gələcəkdə daha çox uğurlar qazanacağıq".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR