“Morninqstar o partiyanı öz adına qeydiyyatdan keçirəsi deyildi ki...”
Bizi izləyin

Nida.az

“Morninqstar o partiyanı öz adına qeydiyyatdan keçirəsi deyildi ki...”

Sözün əsl mənasında qibtə olunası tablodur: Hərə öz havasında, öz avazında və öz pərvazındadır. Rabitə, koordinasiya və s bu kimi anlayışların anası və anasının timsalında bütün qohum-əqrəbası isə ağlar günə qalıb...

Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev müəllif yazısı ilə çıxış edib. Publika.Az həmin yazını təqdim edir.

***

Mən, Azərbaycan müxalifətini ayrı-ayrı notlardan eyni mahnını oxuyan xor zümrəsinə bənzədirəm...

Sözün əsl mənasında qibtə olunası tablodur: Hərə öz havasında, öz avazında və öz pərvazındadır. Rabitə, koordinasiya və s bu kimi anlayışların anası və anasının timsalında bütün qohum-əqrəbası isə ağlar günə qalıb...

Müəyyən səslərin dırnaq içində özü xaricdir. Bəzilərini isə oxutduran, coşduran- XARİCDİR!(dırnaqsız) Öz də maraqlıdır, hamısı da öz tembrında oxuyur. Məsələn, ağlamalı mahnılar Əli Kərimlinin kurasiyasındadır. Həm də “mi”notundan. Üstəgəl, seygah üstündə. Və ya “sol”... Tamamən İsa Qəmbərə aiddir. Daha doğrusu onun oxuduğu mərsiyyə mahnılara. Bütün fəaliyyəti boyunca həlledici məqamlarda solaxay gedib axı - ona görə... Və nəhayət İbrahimbəyov: adam həyatında “do”notundan savayı səs tanımır. İqtidar-müxalifət-beynəlxalq birlik...- hamısına eyni anda “do”gələ bildiyi üçün.

***

İbrahimbəyov demişkən... Dünən onun haqqında bir yazı oxudum. Rus mətbuatında(“novoyagazerta.ru”-da). 75 qram təpəri olmayan insanın 75 illiyinə həsr olunmuşdu. Və.. yazının üslubundan, eyni zamanda məzmunundakı “bəy tərifi”ndən aydınca bəlli olurdu: İbrahimbəyov onun ərsəyə gəlməsi üçün əməlli-başlı maya qoyub. Amma sözüm bunda deyil. Yazının sonunda bir “P.S”bölümü var və həmin bölümdə jurnalist Rüstəm bəyə çox maraqlı bir sual ünvanlayır: “Bu gün sizin eviniz hardadır – Bakıda, Moskvada, yoxsa Los-Ancelsdə”? İbrahimbəyovun verdiyi cavab isə elə əsl öz uslubundadır – yəni həftəbecər! Və ya sona qədər aydın olmur ki, adamın demək istədiyi nədir. Parisdən vurub Amerikadan, Ameikanı qoyub Moskvadan çıxır. Əlqərəz söhbət əsnasında tanıyıb-bildiyi bütün ölkələri, paytaxtlari özünə doğma şəhər kimi xarakterizə edir. Bir tək doğulub boya-başa çatdığı Azərbaycandan və Bakıdan savayı..Və deyim ki, həmin yazıda İbrahimbəyovun dilindən çıxan ”Bir az Moskvada, bir az Riqada və bir az da Amerikada yaşayıram”- kəlməsi əslində onun bir tək yaşam tərzini deyil, eyni zamanda bütünlükdə həyat fəlsəfəsini təcəssüm etdirir. O mənada kı, İbrahimbəyovun öz üzərində daşıdığı obraz və sahib olduğu sima da eynən məkan anlayışında olduğu kimi pərakəndə və dağınıqdır: Bir az biznesmen, bir az ziyalı, bir az siyasətçi...Əlqərəz, hər şey natamamdır bu insanın həyatında!

Və nəhayət, İbrahimbəyovun çox böyük həvəslə, eyni zamanda içindən gələn qeyri-adi bəh-bəhlə söhbət açdığı son mövzu - özünün yazmış olduğu ssenari əsasında ərsəyə gələn film haqqındadır. Hansı ki, əsas süjet xətti Qafqaz ölkələrindən çıxmış 3 müxtəlif insanın fəaliyyətini, dostluğunu əks etdirir...

Düzdür, filmə baxmadan rəy vermək bəlkə də kənardan qeyri-peşəkarlıq nümunəsi kimi görünə bilər. Amma... məsələ burasındadır ki, həmin ssenari mətn etibarilə həm də azərbaycanlı ilə erməninin dostluğundan bəhs edir. Bu isə artıq nonsensdır! Hətta dəhşətdir! Eyni zamanda torpağı işğal altında olan, özünə azərbaycanlı deyən birinin faciəsidir! Baxmayaraq ki, İbrahimbəyovdan daha artığını gözləmək də hər halda sadəlövhlük olardı - Bu da ayrı bir həqiqətdir!!... Və ya, heç bir zaman xalqın içində olmayan, onun dərdi-səri ilə alışıb-yanmayan, bu millətin tarix boyu çəkdiyi əzabları, zillətləri eynən öz erməni dostları kimi mətbuatdan, TV-lərdən izləyən birinin yazdığı ssenari də zatən bu üslubda, bu məzmunda olmalı idi. Ki, elə təxmin edilən formada da oldu...

***

Müxalif cəbhənin “B”qütbündə isə yenidən İsa Qəmbər rüzgarı əsir. Adam əməlli-başlı tozanaq qaldırıb. Sanki, eyforik bir durumdadır. Ağzına və ağlına gələni danışır. Eyni zamanda beyninə nə batırsa anındaca həyata keçirməyə çalışır. İndi də özünə əl qatıb ki, İsgəndər Həmidov və Pənah Hüseynlə koalisiya yaradıram.

Yaratmağına yarat da....Amma hərdən o koalisiyaları bir yerə aparıb çıxarmaq da lazımdır. Deyilmi? Və ya nəyinə gərəkdir bu insanlar sənin? – Pənahın əli ilə qarpız biznesinəmi girəcəksən, yoxsa İsgəndərdən TV-studiyalarında adam döyməyin sirrlərinimi öyrənəcəksən? Hə?!

Digər bir tərəfdə isə Əli Kərimli manşet xəbəri yayır: Filankəs“Müsavat”dan biz tərəfə keçdi... Hə, noolsun? Guya o tərəfdə qara günə qalmışdı, indi gəlib siz tərəfdə ağ günəmi çıxacaq?

Və... deyim ki,ümumiyyətlə, müxalifətin bu “adam çoxluğu”sevdasını, eyni zamanda “çevir tatı-vur tatı”siyasətini anlamaqda hər zaman çətinlik çəkmişəm: Eyni adamlar, eyni simalar və eyni uğursuzlar. ...Yaxşı, o zaman sual olunur: İnsanları burdan ora ya da ordan bura transfer eliyəndə mahiyyətmi dəyişir, miqyasmı artır, yoxsa ağılmı? Və ya bu siyasət naşıları hələ də fərqində deyillər ki, ideoloji mübarizədə nəticəyə varmaq üçün sifətdəki maskaları deyil, həmin sifətlərin özünü dəyişmək lazımdır. Qana batan, çamura batan, bu düyanın min cür mundarlıqlarına bulaşan ayaqqabıları deyil, o ayaqqabını daşıyan, gəzdirən ayaqları, eyni zamanda yerişi, tərzi dəyişmək lazımdır..

***.

Hələ sizə kimdən danışım? - Xədicə İsmayıldan. Ən son gəzən məlumatlara görə adam partiya yaratmaq eşqinə düşüb. Necə deyərlər, jurnalistikanı yarıtdı qurtardı, bir qaldı siyasət.Yəqin buranı da abıra salandan sonra daha fərqli istiqamətlərə yön alar. Adam hərşeyşüünasdır axı - ona görə!

Amma deyim ki, bir tərəfdən də heç qınanası durum deyil. Niyə? Çünki Amerikanın Azərbaycana təhkim etdiyi emissarların, yəni “5-ci kolon”un üzvləri arasında artıq nəzərə çarpan biriləri qalmayıb. Ilqar Məmmədov, Anar Məmmədli...- bunlar həbsxanada. Erkin Qədirli də ki...nazı ilə, qəmzəsi ilə, şivəsi ilə çox solğun görünür siyasətdə. O zaman ortalıqda kim qalır? – yalnızca Xədicə İsmayıl. Başqa variant yoxdur: adam olmayan yerdə kimsə adam yerinə qoyulmalı idi, hər halda..

P.S Morninqstar o partiyanı öz adına qeydiyyatdan keçirəsi deyildi ki...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm