“Le Monde”: “Hazırkı status-kvo münaqişənin həllinə kölgə salır”
Bizi izləyin

Nida.az

“Le Monde”: “Hazırkı status-kvo münaqişənin həllinə kölgə salır”

“Azərbaycan və Ermənistan prezidentlərinin Yelisey sarayında görüşərək söhbət etməsi uğur hesab oluna bilər. Çünki iki prezidentin bir araya gələrkən nəyisə sakit formada müzakirə etməsi nadir hallarda olur”.


Publika.az xəbər verir ki, Fransanın “Le Monde” nəşri Paris görüşü haqqında yazıb.


Fransalı diplomatın sözlərinə istinad edən nəşr prezidentlərin bir yerdə səmimi şəkildə ortaq problemlərini müzakirə etdiklərini bildirib: “Dağlıq Qarabağ indi Rusiyanın dəstəyi ilə Ermənistan tərəfinin nəzarətindədir. Münaqişə nəticəsində 1988-1994-cü illər ərzində 30 min insan öldürülüb, 800 min azərbaycanlı məcburi köçkündür. 1994-cü ildə bağlanan kövrək atəşkəsə baxmayaraq, Azərbaycan və Ermənistan hələ də müharibə şəraitindədir. 1992-ci ildən etibarən ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ, Fransa və Rusiya münaqişənin həlli üçün moderatorluq edir. Lakin son zamanlar Rusiyanın münaqişə çevrəsində digər həmsədr ölkələrə, xüsusilə Fransaya təzyiq etdiyi müşahidə olunur”.


Nəşr Qarabağ münaqişəsinə Ukrayna hadisələri fonunda yanaşaraq Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaza səfərinə toxunub: “Yelisey sarayı bu səfərin nə qədər uğurlu olduğunu desə də, Ukrayna hadisələri fonunda reallaşan səfər o qədər də ürəkaçan deyildi. Digər tərəfdən, Fransua Olland Cənubi Qafqazda Moskvanı qıcıqlandıracaq müəyyən mesajlar verdi və bu Kreml tərəfindən unudulmayacaq”.


Dağlıq Qarabağ münaqişəsinin həllində Parisin səylərinə toxunan nəşr hazırkı status-kvonun həll variantını kölgədə saxladığını qeyd edir.


“Bu gün Ermənistanda Rusiyanın hərbi bazası və 5 min hərbçisi var. İrəvanın Rusiya tərəfə kəskin dönüşü dərhal təbii qazın qiymətinin iki dəfə aşağı salınması ilə mükafatlandırıldı”, - deyə “Le-Monde” vurğulayır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm