• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qərbin Azərbaycan ssenarisi – müdaxilə planı təlimi

  • Nida.az
  • 30 Oktyabr 2014 15:50
  • 1 055 Baxış
Qərbin Azərbaycan ssenarisi – müdaxilə planı təlimi

“ABŞ Azərbaycan müxalifətinə baxışını dəyişdirir. Yeni yanaşmaya görə, dəstək gənclərə veriləcək”.


Publika.az xəbər verir ki, bu iddia ilə Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri çıxış edib.


Nəşr Azərbaycanda keçirilən I Qlobal Gənclər Forumunda iştirak üçün Bakıya gələn ABŞ Dövlət katibinin gənclər məsələləri üzrə köməkçisi Endre Reybensin səfərinə diqqət çəkir. İddiaya görə, amerikalı emissar Azərbaycana təkcə forumda iştirak üçün deyil, həm də burda gənclərlə işləmək perspektivlərini araşdırmaq üçün Bakıya gəlib.


Milyon dollarla vəsait hesabına yaradılan NİDA-nın hədəfi

Nəşr Azərbaycanda ənənəvi müxalifətin hakimiyyətə qarşı alternativ olmaq gücündə olmadığını yazır. Bunun üçün ABŞ-ın ayırdığı maliyyə vəsaiti boşa xərclənib. Məhz buna görə də, Vaşinqton yönünü dəyişdirib. Azərbaycanda milyonlarla pul xərcləyərək yaradılan NİDA təşkilatı buna nümunədir. Lakin NİDA-nın müxtəlif xarici fondlar tərəfindən maliyyələşdirilən gənclər təşkilatları ilə birgə ölkədə “facebook” inqilabına cəhdi də baş tutmadı.

Qərbli ssenaristlər Azərbaycanda real vəziyyəti nəzərə almayıblar. Onlar ölkə əhalisinin əksər hissəsinin iqtidarın daxili və xarici siyasətini dəstəklədiklərini unudublar.

Qərb məğlubiyyətlə barışmaq istəmir

Lakin sonrakı hadisələrin gedişatı Qərbin reallıqla barışmaq istəmədiyini göstərir. Xüsusilə Ukrayna hadisələrindən sonra Rusiyaya qarşı cəbhədə yer almayan rəsmi Bakıya təzyiq Qərb üçün əsas prioritetdir.
Ukraynanı ərazi bütövlüyünü tanıyan Bakı, eyni zamanda, Moskva ilə siyasi-iqtisadi münasibətlərinə kapital yatırır. Bu gün Bakıda tez-tez rusiyalı məmurları və şirkət rəhbərlərini görmək olur. Bu da Qərbin geosiyasi planlarına ziddir. Hər halda, Birləşmiş Ştatların bəzi tədqiqat mərkəzlərində Azərbaycandakı vəziyyətin inkişaf ssenariləri hazırlanır.

Məscid bağlanır, insanlar etiraza qalxır və ABŞ müdaxilə edir – müdhiş ssenari

Belə ssenarilərin biri haqqında bu günlərdə xəbər yayıldı. Ssenari belədir: Azərbaycan şəhərlərindən birində təbii fəlakət gözlənilmədən rahat həyat şəraitini pozur. Şəhərdəki məscid qəzalı duruma düşür və hökumət məscidi bağlamaq qərarına gəlir. Bu, sakinlərin qəzəbinə tuş gəlir və iğtişaşlar başlayır.

Bu xəyali ssenari Amerika ordusunun Mülki İşlər və Psixoloji Əməliyyatlar Komandanlığında hazırlanıb və mümkün təhlükələrə qarşı olduğu hesab olunur. Komandanlıq Amerika və Kanada ordusunun kapellanları (hərbi keşiş) üçün birgə təlim təşkil edib. Komanda-qərargah təlimlərinin ssenarilərindən biri də yuxarıda bəhs olunan əhvalatdır.

Hərbi təlim Cənubi Karolina ştatındakı Fort Cekson hərbi bazasında keçirilir. İlk dəfədir ki, ABŞ və Kanada ordusunun keşişləri birgə təlim keçirir və bir-birləri ilə təcrübə mübadiləsi edirlər. Beş gün ərzində onlar müxtəlif ssenarilər, o cümlədən şərti Azərbaycanın şəhərində məscidə görə başlayan iğtişaşların yatırılması ssenarisi üzərində işləyiblər.

ABŞ ordusunun komanda-qərargah təlimlərində Azərbaycan ssenarisi üzərində məşq edildiyi birinci dəfə deyil. Belə ssenarilərdən birinə görə, “cənub ölkəsi X” Azərbaycana hücum edir. ABŞ isə Xəzərdəki neft-qaz platformalarını qorumaq, bu hücumun qarşısını almaq üçün öz qüvvələrini Azərbaycana yeridir.

Ehtimala görə, ssenaridə “cənub ölkəsi X” adı altında İran nəzərdə tutulur və Tehranla Bakının pozula biləcək münasibətləri fonunda belə bir ssenari reallaşdırıla bilər.


“Azərbaycanın müstəqil siyasəti Vaşinqtonun ürəyincə deyil”

“Fakt fakt olaraq qalır. Azərbaycanın müstəqil siyasəti Vaşinqton və onun müttəfiqlərinin ürəyincə deyil”, - deyə “Nezavisimaya qazeta” qeyd edir.

Bununla yanaşı, rəsmi Bakıya təzyiq etmək üçün Qərb yenə öz sevimli “insan haqlarının müdafiəsi” mövzusuna müraciət edir.

Lakin onlar QHT rəhbərlərinə açılmış cinayət işinin hüquqi aspektlərinə məhəl qoymur, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində fundamental hüquqlarından məhrum olan bir milyon qaçqın və məcburi köçkünün adını belə tutmurlar.

Görünür, Vaşinqton emissarını Bakıya göndərməklə gənclərə yeni “stavka”nın imkanlarını araşdırmaq niyyətindədir. Ənənəvi müxalifət artıq özünü doğrultmur.


7 il öncə gündəmə gələn ssenari: qərblilər ənənəvi müxalifətdən üz döndərir

Qeyd edək ki, Azərbaycanda müxalifətin əvəzlənməsi ssenarisinin ilk konturları hələ 2007-ci ildə gündəmə gəlmişdi. Həmin vaxt ABŞ dövlət katibinin müavini Daniel Frid Azərbaycana səfəri zamanı “ABŞ azərbaycanlı gənclərdən ibarət yeni müxalifətin formalaşmasını görmək istəyir” mesajını qoyub getmişdi. ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun 3 il sonra - 2010-cu ildə Azərbaycana səfəri zamanı müxalifətlə görüşməməsi, əksinə, bir qrup gəncə vaxt ayırması da bu ehtimalı gücləndirdi.

Müxalifətin əvəzlənmə planının işə düşməsini zəruri edən səbəblərdən biri, bəlkə də birincisi, yatırılan “stavkalar”ın boşa getməsi, cəmiyyətdə lazımi gücə sahib ola bilməməsi, daha çox öz qınına çəkilərək daxili intriqalara yol açmasıdırsa, burda digər səbəblər də olmamış deyil.

Düzdür, hər şeydən öncə dəstəyin doğrultmaması önə çıxır. Yəni Qərb təkcə bəyanatlarla qane olmaq istəmir. Ona real iş lazımdır. Müxalif düşərgəsinin isə işindən çox, şikayətinin olduğu da ortadadır. Bəlkə də, buna qədər düşərgənin “iqtidar göz açmağa aman vermir” kimi əsasları inandırıcı görünürdü. Son bir neçə ildə isə bu əsasların öz qüvvəsini itirdiyi müşahidə olunur. Amma buna qədər Qərb gözləmə mövqeyində dayanırdı. Dözümlülük o vaxta qədər qorundu ki, qərbçi müxalifətin siyasi istiqamətindən “sapmalar” üzə çıxmağa başladı.

Ötən il prezident seçkilərində Rusiya layihəsi hesab olunan Milli Şura çətiri altında birləşən müxalifət Qərblə körpüləri yandırdı. Seçkidə nəticə müxalifətin ürəyincə olmayanda yenidən Qərbə doğru oriyentasiyalar dəyişməyə başladı.

Lakin Qərb bir dəfə aldanmışdı və ümumi mənzərədən daha əvvəlki qədər dəstək verilmədiyi görünür. Əvəzində daha gənc, Qərbin maraqlarını heç kimin qarşısında qurban verməyən siyasilər diqqət mərkəzindədir.
Bu ilin sentyabrında Bakıya səfər edən Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brassörin müxalifətə vaxt ayırmaması, buna rəğmən, təkcə REAL təmsilçisi Natiq Cəfərli ilə görüşməsi və 3 saata yaxın müddətdə müzakirələrin aparılması bunu göstərdi.

AŞPA rəhbərinin 20 illik müxalifətlə deyil, yeni yaranmış, 20 illik müxalifətin də dediyi kimi, iqtidara qarşı olan gənc siyasətçilərə vaxt ayırması Qərbin qarşıdakı proqramında ənənəvi müxalifətə yerin olmadığı, yaxud çox az yer ayrıldığı mənzərəsini göz önünə gətirir.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR