Elektroşok nə üçün lazımdır? – iqtidardan müxalifətə cavab
Bizi izləyin

Nida.az

Elektroşok nə üçün lazımdır? – iqtidardan müxalifətə cavab

Milli Məclisin sonuncu iclasında “Polis haqqında” qanunun 26-cı maddəsinə dəyişiklik edilib. Dəyişikliyə görə, elektroşok vasitələri insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq halları olduqda, qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə, yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə, tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstəriləcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda istifadə oluna bilər.

Müxalifət düşərgəsi bu dəyişikliyi hökumətin alternativ fikirlərə yeni təzyiqi kimi şərh edir. Xüsusilə, sosial şəbəkələrdə “iqtidarın yeni təzyiqi” kimi təqdim olunan dəyişikliyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bu iddiaları yanlış adlandırıb. Onun sözlərinə görə, Azərbaycanda söz azadlığı daim qorunur: “Bunu biz deyil, özünə hörmət edən beynəlxalq təşkilatlar etiraf edirlər. Əgər söz azadlığı olmasaydı, müxalifətin sonuncu mitinqinə icazə verilməzdi. Müraciət olundu və mitinq üçün yer ayrıldı. Hüquq-mühafizə orqanları da mitinqin təhlükəsizliyini təmin etdilər. İndi onlar zəifdirlər, cəmiyyətə təsir edə bilmirlərsə, bunun günahı bizdə deyil. Onlar, adətən, belə iddialarla diqqəti öz zəifliklərindən yayındırmaq istəyirlər”.


A. Mirzəzadə Azərbaycanda sabitliyi pozmağa meyilli olan qüvvələr olduğunu vurğulayıb: “Bunu zaman-zaman müşahidə etmişik. Burada dövlətin təhlükəsizliyindən söhbət gedir. Kimlərsə “molotov kokteyli” ilə küçələrə töklüşüb insanların sağlamlığına ziyan vurursa, bunun qarşısı mütləq alınmalıdır”.


Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Publika.az-a açıqlamasında elektroşokla bağlı dəyişikliyin mitinqə çıxanlara qarşı qəbul edilmədiyini bildirib: “Elektroşokun istifadəsinə icazə mitinqlərə çıxan insanların gözünün odunu almaq, onları qorxutmaq məqsədi daşımır. Bu silah qanunda deyildiyi kimi, hər adama verilməyəcək. Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış təlimata uyğun olaraq elektroşokdan konkret adamlar istifadə edəcək. Həmin adamlar da silahdan nə zaman və kimə qarşı istifadə etmələri haqda konkret biliyə malik olacaq. Bu silah dinc nümayişə çıxan, öz fikirlərini azad şəkildə ifadə edən şəxslərə qarşı tətbiq oluna bilməz və olunmayacaq”.


F. Ağamalının sözlərinə görə, elektroşok hədsiz dərəcədə aqressiv olan və sabitliyi pozmaqda son dərəcə maraqlı qüvvələrə qarşı tətbiq ediləcək. Onun sözlərinə görə, polisin ictimai təhlükəsizliyi qorumaq məqsədilə təkliflərinə əhəmiyyət vermədən qarşıdurma yaratmağa cəhd göstərən insanlara qarşı bu silahdan istifadə edilə bilər.


“Təəssüflər olsun ki, müxalifətin cəmiyyətdə anarxiya yaratmağa meyilli olan bəzi qanadları mütərəqqi xarakter daşıyan qanunlarımıza da mürtəce münasibət bəsləyirlər və onun yanlış izahını verməyə can atırlar. Lakin onların dediyi fikirləri heç bir ölkənin praktikasında özünü göstərmədiyinə, demokratik dəyərlərlə, hüquqi dövlətin atributları və fəaliyyəti ilə üst-üstə düşmədiyinə görə cəmiyyətdə heç bir əks-səda doğurmur və dəstək qazanmır. Dünyanın ən demokratik ölkələrində belə polislər insanların təhlükəsizliyini aqressiv olan insanlardan qorumaq üçün bu cür qabaqlayıcı tədbirlərdən istifadə edirlər. Azərbaycan da inkişaf etmiş demokratik ölkələrdə tətbiq olunan bu praktikanı dərindən təhlil edərək ölkədə bu cür qüvvələrin olmasını istisna etməyərək qanuna dəyişiklik etdi. Düşünürəm ki, bu, tamamilə zamanında qəbul edilən dəyişiklik idi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm