Prezident İlham Əliyev: “Azərbaycanın regionda artan təsiri bölgədə stabilləşdirici amildir“
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev: “Azərbaycanın regionda artan təsiri bölgədə stabilləşdirici amildir“

Azərbaycan, Bakı artıq çox mötəbər beynəlxalq forumların keçirilməsi məkanına çevrilib.

Bakıda çox müxtəlif məsələlər, siyasi müstəvidə çox maraqlı mövzular ətrafında birgə müzakirələr, debatlar, forumlar təşkil olunur. Bunun hamısı bizim siyasətimizin nəticəsidir, eyni zamanda, bu, ölkəmizin tarixi irsidir". APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Krans Montana Forumunun rəsmi açılışında etdiyi çıxışında bəyan edib.

Prezidentin sözlərinə görə, Azərbaycan tarixən, əsrlər boyu müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin sülh şəraitində yaşadığı bir məkan olub: "Biz həmişə öz işimizlə multikulturalizmi, yəni çoxmədəniyyətlilik amilini inkişaf etdirməyə üstünlük veririk və bunun gücləndirilməsinə çalışırıq. Çünki qloballaşan bugünkü dünyada başqa bir yol, başqa bir alternativ yoxdur. Müxtəlif etnik mənşəyə mənsub olan, müxtəlif mədəniyyətləri təmsil edən insanların əsrlər boyu burada birlikdə yaşaması Azərbaycan üçün təbii bir hal olub".

Dövlət başçısı Azərbaycan Respublikasının müstəqillik tarixinin yalnız 20 il olduğunu vurğulayıb: "Müstəqillikdən sonra bizdə siyasi müstəvidə dəyişikliklər, transformasiya baş verdi. Dövlətçiliyimizin qurulması bizim üçün çox böyük önəm daşıyırdı, bizim üçün böyük imkanlar yaratmışdı. Ancaq çoxlu çətinliklər də oldu. Lakin buna baxmayaraq, biz müstəqilliyimizin qazanılması ilə artıq möhkəm dövlətçiliyimizi yarada və iqtisadi-siyasi sahələrdə güclü transformasiyaya malik ola bildik. İndi demokratik prosesimizi inkişaf etdirir, gücləndiririk. Biz qanunun aliliyi, insan haqlarının müdafiəsi və qorunması sahələrinə çox böyük önəm veririk. Azərbaycanda bütün siyasi qurumlar, tərəflər öz fəaliyyətini uğurla davam etdirirlər.

Eyni zamanda, biz əlbəttə, iqtisadi müstəvidə də transformasiyaya çox böyük önəm vermişik və veririk. Ona görə ki, iqtisadi sahəni inkişaf etdirmədən və güclü iqtisadiyyat qurmadan siyasi islahatlar mümkün deyil. Ona görə də biz bu islahatları paralel olaraq həm siyasi, həm iqtisadi müstəvidə apardıq. Siyasi və iqtisadi islahatlar bir-birini dəstəkləyib və bugünkü Azərbaycan onu göstərir ki, biz düzgün yolu seçdik və düzgün işlər gördük.

Son on il ərzində Azərbaycanda iqtisadi inkişaf dünyada ən sürətli olub. Bizim iqtisadiyyatımız üç dəfə artıb. Sənaye istehsalı üç dəfə artıb. Eyni zamanda, biz sosial problemlərin həllinə çox böyük önəm vermişik. Ona görə ki, həddən çox çətin iqtisadi islahatlar bəzi ölkələrdə insanların narazılığına səbəb olur. Lakin Azərbaycanda bu, olmayıb. Azərbaycanda yoxsulluğun səviyyəsi son səkkiz il ərzində beş dəfə azalaraq 7 faizə enib. Bundan başqa, biz onu nümayiş etdirə bildik ki, bazar iqtisadiyyatı yolu ilə inkişaf etmək sosial məsələlərin unudulması demək deyil.

Azərbaycan sabit iqtisadiyyata malik olan bir ölkədir. Bizdə işsizlik səviyyəsi 5,4 faizdir. Xarici borc ümumi daxili məhsulumuzun yalnız 7 faizini təşkil edir. Bizim ixracımız idxalımızdan bir neçə dəfə yüksəkdir.

İqtisadi transformasiya, dəyişikliklər bizə daha çox islahatlar həyata keçirməyə imkan yaradıb və ölkəmizdə tamamilə yeni bir vəziyyətin yaradılmasına imkan verib. Azərbaycan öz hesabına yaşayan, öz hesabına inkişaf edən ölkədir. Azərbaycan, eyni zamanda, çox önəmli xarici siyasətini də inkişaf etdirir. Zənnimcə, bu, hər bir ölkə üçün çox önəmli bir məsələdir. Xüsusilə də o ölkə üçün ki, uzun müddət, əsrlərlə müstəqil olmayıb".

Prezident İlham Əliyev regional əməkdaşlıq məsələlərinin Azərbaycan üçün çox önəmli olduğunu bəyan edib: "Biz regional əməkdaşlığı gücləndirmək üçün bir neçə layihə başlamışıq və bu layihələr xalqımıza və qonşularımıza fayda verəcək. Biz düşünürük ki, regional əməkdaşlıq regional təhlükəsizlik olmadan mümkün deyil. Ona görə də Azərbaycanın regionda artan təsiri bölgədə stabilləşdirici amildir, onun əsasını yaradıb.

Bütün bu məsələlər bizim əsas prioritetlərimizdir. Bizim xarici siyasətimiz tam aydındır. Biz siyasi və iqtisadi nöqteyi-nəzərdən beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətimizi belə qururuq".

Prezident öz çıxışında enerji təhlükəsizliyi məsələlərinə də toxunub: "Bildiyiniz kimi, Azərbaycan bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan indi qlobal təhlükəsizlik məsələlərində öz səsinə malikdir.

Qlobal gündəlikdə duran məsuliyyətdən biri sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasıdır. Təhlükəsizlik Şurasının üzvü olaraq Azərbaycan çox gözəl başa düşür ki, biz bu işdə çox fəal olmalıyıq. Bizim ümumilikdə əsas məqsədlərimiz əməkdaşlığı genişləndirməkdir. Biz əməkdaşlıq və birgə qarşılıqlı dəstək nəticəsində məqsədlərimizə nail ola bilərik. Bizim bu siyasətimiz, beynəlxalq məsələlərə də, enerji məsələlərinə də aiddir. Siz bilirsiniz ki, Azərbaycan böyük neft və qaz ehtiyatlarına malikdir. Bizim enerji təhlükəsizliyi siyasətimiz çox aydındır və dəqiqdir. Əminəm ki, enerji təhlükəsizliyi ilə bağlı danışıqlar başlayanda müzakirələr çox maraqlı olacaq. Mənə elə gəlir ki, enerji təhlükəsizliyinin qarşısını nə alırsa, onu müzakirə etməyə dəyər.

Enerji amillərindən heç vaxt siyasi məqsədlərə, hansısa başqa mənfəətlərə nail olmaq üçün istifadə edilməməlidir. Bizim ölkəmizdə enerji ehtiyatlarından çox məsuliyyətli şəkildə istifadə olunur. Bizim gündəlikdə olan bütün layihələr hələ 1990-cı illərdən başlayaraq çox uğurla həyata keçirilib. Bunlar bu gün bizim enerji ehtiyatlarımızın müxtəlif istiqamətlərdə nəqlinə imkan yaradır. Azərbaycanın enerji ehtiyatları bəzi Avropa ölkələrinin ümumilikdə enerji balansının 25-30 faizini təşkil edir və bu rəqəm artır. Azərbaycan, əsasən neft ölkəsi kimi tanınıb. İndi Azərbaycan bütün qlobal enerji təhlükəsizliyi məsələlərində həm də böyük qaz ehtiyatlarına malik olan ölkə kimi tanınıb.

Transanadolu Qaz Boru Kəmərinin inşasına dair Türkiyə ilə Azərbaycan arasında bu yaxınlarda imzalanmış müqavilə bunun bariz nümunəsidir. Biz bu layihənin həyata keçirilməsi ilə Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi arasında dəhliz açmış olacağıq. Bu, həm bizim üçün, həm də qonşularımız üçün bir enerji layihəsidir. Bu, eyni zamanda, İpək Yolunun bərpa olunmasına da öz töhfəsini verəcək. Bütün bu layihələr Azərbaycanın qonşularına da fayda verəcək. Biz bununla həm regionda, həm də ümumiyyətlə qitədə enerji xəritəsini dəyişmiş olacağıq. Əlbəttə ki, gündəliyimizdə olan bütün enerji layihələrini nəzərə alaraq, potensialımızı, təchizat potensialını və Avropa istehlakçılarının artan ehtiyaclarını bilirik. Bundan başqa, təbii qaza olan ehtiyac xüsusilə də nüvə enerjisi istehsalı məntəqələrinin bağlanmasından sonra daha da artacaq. 2020-ci ildən sonra bu, xüsusilə böyük önəm daşıyacaq. Azərbaycan böyük enerji ehtiyatlarına malik bir ölkə kimi həmin vaxt Avropanın enerji təhlükəsizliyində çox böyük rol oynayacaq. Biz hazırda bu məsələlər üzərində işləyirik. İstehsalçı, istehlakçı və tranzit ölkələr arasında münasibətlərin düzgün qurulması uğura gətirən yoldur. Əminəm ki, bizim yeni layihəmiz uğurla həyata keçiriləcək. Ona görə ki, bizim bu sahədə çox güclü iradəmiz vardır. Bundan başqa, bizim lazımi maliyyə gücümüz var. Texniki nöqteyi-nəzərdən də biz bu sahədə çox bacarıqlıyıq. Bundan başqa, bizim regionda ənənəvi qonşularımızla, müttəfiqlərimizlə çox gözəl münasibətlərimiz var. Bu günə kimi, başladığımız heç bir layihə uğursuzluğa düçar olmayıb".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm