Niyaz Qaraöynəli: “Beynəlxalq media Liviyadakı hazırkı durumu qəsdən işıqlandırmır”
Bizi izləyin

Nida.az

Niyaz Qaraöynəli: “Beynəlxalq media Liviyadakı hazırkı durumu qəsdən işıqlandırmır”

“İnkişafa Baxış” Araşdırmalar Mərkəzinin rəhbəri, şərqşünas Niyaz Qaraöynəli Publika.Az-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Misirdə baş verən inqilabdan sonra 2011-ci il aprelin 30-da “Müsəlman Qardaşları” tərəfindən yaradılan “Azadlıq və Ədalət” Partiyasının sədri Məhəmməd Mursinin prezident seçilməsinin necə şərh edərsiniz?

- 1928-ci ildə yaradılmış, siyasi gündəmdə İslam dəyərlərini əsas götürən “Müsəlman Qardaşları” Təşkilatı, nəhayət ki, 2012-ci ildə Misirdə prezident seçkilərində qələbə qazandı. Bu, təkcə Misirlə məhdudlaşmayan bir hərəkatdır, siyasi platformadır. Beynəlxalq aləmdə, o cümlədən Yaxın Şərq regionunda “Müsəlman Qardaşları” ilə bağlılığı xeyli təşkilatlar var. Misal üçün, Suriyada güclü dayaqları olub.

1982-ci ildə Həmada baş verən məşhur üsyan da “Müsəlman Qardaşları” Təşkilatına bağlı yerli qurum həyata keçirmişdi. Bu təşkilatın İordaniyada çox nüfuzlu dayaqları fəaliyyət göstərir. Parlament seçkiləri nəticəsində Fələstində hakimiyyətə gələn HƏMAS təşkilatını da qeyd edə bilərik. Sonradan ABŞ və digər Qərb dövlətlərinin terrorçu təşkilatlar siyahısına salması nəticəsində izolyasiya olunan HƏMAS da “Müsəlman Qardaşlar”nın bir qolu hesab olunur.

Mərakeşdə parlament seçkilərində “Müsəlman Qardaşları” üstünlük təşkil ediblər. Hətta Türkiyənin özündə dini-siyasi camaatların “Müsəlman Qardaşları” ilə əlaqəsi var. Bu, bir növ Yaxın Şərqdə mötədil İslam modelinin “Müsəlman Qardaşlar”ın timsalında siyasi hakimiyyətə oturuldulması ssenarisinin nəticəsi kimi də qiymətləndirilir.

Amma bu heç də hazır ssenari və hazır reseptlərlə yeni siyasi konfiqurasiya yaratmaq cəhdi kimi qəbul olunmamalıdır.

Misir Yaxın Şərq və ərəb dünyasının həm intellektual potensial, həm də siyasi güc və nüfuz baxımından ən böyük ölkəsi olduğu üçün “Müsəlman Qardaşları”nın orada hakimiyyətə gəlməsi sonradan bölgənin digər ölkələrində də proseslərə çox ciddi təsir göstərə bilər. Bu, artıq Suriyanın hazırkı rejimi ilə münasibətlərdə də özünü göstərməyə başlayıb.

Bilirsiniz ki, Məhəmməd Mursi Bəşər Əsədin təbriklərini qəbul etmədi. Fikrimcə, Misirlə Fələstinin Qəzza bölgəsi arasında münasibətlərdə birbaşa təmas daha açıq, daha mahiyyyətli şəkil alacaq. Artıq Misir İsrailə qaz satışı dayandırılıb. Vaxtilə qaz satışını həyata keçirmiş neft nazirinə 15 ilədək həbs istənilir. Bunların hamısı regionda Qərb tərəfindən qoyulmuş hazır ssenarilərin heç də həyata keçirilməsi üçün qiymətləndirilmədiyini göstərir.

Lakin “Müsəlman Qardaşları”nın yaxın tarixdə Qərb strukturları ilə əməkdaşlığı məsələsi də tez-tez gündəmə gəlir. Məsələn, 1960-cı illərdə ABŞ-la “Müsəlman Qardaşları” arşında əlaqələrin olması, hətta Camal Əbdül Nasirin ərəb millətçilik modelinə müxalif olan “Müsəlman Qardaşları”nın Qərb tərəfindən dəstəkləndiyi də vurğulanır.

Bu baxımdan Qərblə, xüsusilə ABŞ-la “Müsəlman Qardaşları”nın əməkdaşlığının davam edəcəyi, amma bu əməkdaşlığın hüdudsuz və limitsiz olmayacağı vurğulanmalıdır.

- Sizcə, Məhəmməd Mursinin rəhbərlik etdiyi Misir nə cür Misir olacaq?

- Söhbət mötədil İslamın Yaxın Şərq bölgəsində hakimiyyətə gəlməsindən gedir. Mötədil İslamın Yaxın Şərq bölgəsində ilk sınağı Türkiyədəki AKP modeli ilə həyata keçirildi.

Amma “Müsəlman Qardaşları”nın özünün gündəmində İslami dəyərlərin çox açıq şəkildə vurğulanması Misirdə bir çox problemlərin ortaya çıxacağını göstərir. Tutaq ki, Misirdə çox gəlirli sahə olan turizm sferasında vəziyyət necə olacaq? Turistlərin maraq göstərdiyi İslamaqədərki tarixi abidələrə münasibət necə qurulacaq, burda İslam qaydaları açıq şəkildə tətbiq ediləcəkmi? Onların şəriət qaydalarının əleyhinə gedəcəkləri çox da inandırıcı görünmür.

Bu baxımdan Misirdə gələcəkdə vəziyyət daxili gərginliklərlə müşayiət oluna bilər. Onu da qeyd edim ki, Məhəmməd Mursinin özünün ABŞ-la yaxın münasibətləri var. O, Cənubi Karolina ştatındakı texniki universitetdə dərs deyib, orada mühəndislik üzrə doktor dərəcəsi alıb. Yəni ABŞ-la tanışlığı, yaxınlığı var. Bu amil hər halda mötədil siyasi İslama bağlı gündəmin hansısa bir şəkildə Misirdə modifikasiya olunacağı ehtimalını yaradır.

- Ərəb inqilablarının baş verdiyi daha bir ölkədən söz açmağınızı istərdik. Liviya inqilabı başa çatdıqdan sonra bu ölkə sanki unudulub. Orda durum necədir?

- Liviyada hazırkı durumu ağırlaşdıran amillərdən biri də ölkədə xalqlaşma, millətləşmə prosesinin zəif getməsidir. Yəni tayfa kimliyi liviyalılıq kimliyindən daha üstündür. Digər amil Müəmmər Qəzzafi rejiminin əleyhdarı olan əsas siyasi camaatların özlərinin xarakteri məsələsidir. Həmin camaatların ABŞ və Qərblə əlaqələrinin birmənalı şəkildə asan və hamar şəkildə qurulmayacağını göstərir. Bu baxımdan Liviyada vəziyyəti proqnozlaşdırmaq asan deyil.

- Sizcə, Yaxın Şərqin nüfuzlu media orqanlarının Liviyanın hazırkı durumu barədə informasiya yaymamağı düşünülmüş bir siyasətdir, yoxsa bugünkü Liviya onlar üçün sadəcə maraqlı deyil?

- Liviya ilə bağlı məlumatsızlıq beynəlxalq ərəbdilli medianın informasiya siyasətinin tərkib hissəsidir. Beynəlxalq ərəbdilli media Liviyadakı hazırkı aralıq durumun işıqlandırılmasına maraq göstərmir. Əsas fokus Suriyadakı, Misirdəki hadisələrə yönəldilib. Sanki hər şey orda baş verir.

- Hazırda Liviyada hökumət funksiyasını hansı qurum həyata keçirir? Liviyadakı vəziyyəti anarxiya adlandırmaq mümkündürmü?

- Anarxiya demək düzgün olmazdı. Daxili idarəetmə məsələlərinin tənzimlənməsi gedir. Amma müxtəlif silahlı güc mərkəzləri ölkədəki stabilliyi təhdid edən əsas qüvvələrdir.

- Müəmmər Qəzzafinin tərəfdarları özlərini güc kimi göstərə, yaranmış fürsətdən istifadə edib toparlana bilərlərmi?

- Keçmiş Liviya liderinin əsas qüvvəsi ölkənin şimalında idi. Onun tayfası “Əl-Qəzzaf” adlanırdı. Orada qəbilələr arasında yazılmamış ənənəvi qanunlar var. Qəbilələr bir-birləri ilə açıq toqquşmalara getmirlər. Çünki bu, çox böyük itkilərə, qan tökülməsinə gətirib çıxarır.

Səxavət Həmid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm