Rıjkovun dili: fərdi yanaşma, yoxsa Kremlin manevri?
Bizi izləyin

Nida.az

Rıjkovun dili: fərdi yanaşma, yoxsa Kremlin manevri?

Ermənistan-Rusiya parlamentlərarası komissiyasının rusiyalı həmsədri Nikolay Rıjkov dünən İrəvanda Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirəcək iddia ilə çıxış etdi.

“Biz Qarabağı Avrasiya İttifaqının tərkibində görməkdən şad olacağıq. Qarabağın İttifaqa hansı statusda girəcəyi gələcəyin işidir. Əgər bu, erməni ərazisi olacaqsa, problem yoxdur. Nizamnaməyə görə, həll olunmamış sərhədlərlə İttifaqa girmək mümkün deyil. Qarabağ münaqişəsi həll olunan kimi biz onu ittifaqın tərkibinə daxil etməkdən şad olacağıq”, - deyə Rıjkov bildirib.

Keçmiş SSRİ-nin Nazirlər Kabinetinin sədri olmuş Rıjkovun ermənipərəst olduğunu, həmçinin bu açıqlamanı İrəvanda verdiyini nəzərə alsaq, onun fikirlərini ciddiyə almamaq da olardı. Lakin söhbət rəsmi Bakının prinsipial olaraq apardığı siyasətə qarşı olan fikirlərdən gedir. Xüsusilə, Bakı ilə Moskva arasında ciddi münasibətlərin inkişaf etdiyi, Qərbin sanksiyalarına qarşı bütün “Köhnə Qitə”ni qarşısına alaraq Azərbaycanın yaxın Şimal qonşusuna dəstək verdiyi bir məqamda rusiyalı siyasətçinin bu sözləri ciddi təhdidlərdən xəbər verir.


Ermənistanın Avrasiya İttifaqına Qarabağla birgə getmək niyyətində olduğu bəlli idi. Bakının sərt mövqe sərgiləməsi ilə İrəvanın bu istəkləri baş tutmadı və bu ilin oktyabr ayına qədər belə ümidlərlə yaşayan Ermənistan oktyabrın 10-da Minskdə keçirilən Avrasiya İttifaqı toplantısında rəsmən Qarabağsız ittifaqa daxil oldu. Artıq gələn ilin yanvarından Ermənistan ittifaqın daxilində Qarabağ olmadan fəaliyyətə başlayacaq.


Belə olan təqdirdə Rıjkovun “Qarabağı Avrasiya İttifaqının tərkibində görməkdən şad olacağıq” deyə əminliklə danışması qondarma “DQR” rejiminə, dolayısı ilə İrəvana ruh yüksəkliyi verməkdir. Görəsən, onun bu sözlərindən Kremlin xəbəri varmı?! Çünki rəsmi Moskva Bakının Ermənistanın Qarabağsız ittifaqa daxil olması tələbini qılıncla qarşılamadı. Hər nə qədər marağında olmasa belə, Kreml bu məsələdə sadəcə susdu və bir növ kimin qalib gələcəyinə müşahidə edən qismdə prosesləri izlədi. Bakı bu siyasi oyundan qalib çıxdı və bu gün Ermənistan məğlub durumda ikən Rıjkovun qalmaqallı iddiasının arxasında iki amil dayana bilər.


Birincisi, Rıjkov Kremlin sözünü deyir. Yəni Moskva bununla for-postu olan Ermənistana “səni tərk etməmişəm” mesajını verir.
İkincisi, Rıjkov sırf şəxsi mövqeyini açıqlayır. Yəni, rusiyalı siyasətçi İrəvanda erməni dostları tərəfindən yaxşı qəbul edildiyi üçün bir növ əvəzini çıxıb.

“Rıjkov hələ də SSRİ-də yaşadığını düşünür”


Deputat Fuad Muradov Publika.az-a açıqlamasında Nikolay Rıjkov kimi adamların hələ SSRİ rəhbərliyində vəzifədə olarkən həyata keçirdikləri əməllərə görə cavab verməli olduğunu deyib. Onun sözlərinə görə, Rıjkov kimilərinin qəbul etdikləri siyasi qərarlara görə keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda çox insanlar əzab çəkməli olub.


“Rıjkov hələ də SSRİ-də yaşadığını düşünür. Mən onun dediyi sözləri, fikirləri Sovet İttifaqının məhsulu kimi qəbul edirəm. Ona görə bu insanın bu fikirlərini ciddiyə almaq lazım deyil. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda həmsədr olan ölkənin rəsmi nümayəndəsinin belə mövqeyi təəssüf doğurur. Rıjkov Dağlıq Qarabağın tarixən Azərbaycan ərazisi olduğunu və belə olacağını anlamalıdır. Dağlıq Qarabağın heç vaxt hər hansı ittifaqa müstəqil olaraq qoşulması mümkün olmayacaq. Azərbaycan isə işğalçı dövlətlə bir ittifaqda ola bilməz” , - deyə deputat bildirib.


“O, uzun illər Ermənistanın dostu olub”


Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin üzvü Asim Mollazadə isə Rıjkovun sözlərini daha çox onun şəxsi mövqeyi kimi qəbul edir.

Deputat Publika.az-a açıqlamasında bunun Rusiyanın rəsmi mövqeyi olmadığını deyib: “Rıjkov uzun illər Ermənistanın dostu olub. O sadəcə olaraq İrəvanda ermənilərə xoş gəlmək üçün belə açıqlama verib. Lakin bu, bütün hallada rusiyalı siyasətçi tərəfindən məsuliyyətsiz açıqlama kimi qəbul edilir”.


“Sərkisyan hələ də İlham Əliyevin Astanada vurduğu zərbənin təsiri altındadır”


Parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Publika.az-a açıqlamasında Rıjkovun Azərbaycana qarşı mövqeyinin birmənalı olmadığını deyib. Onun sözlərinə görə, vaxtilə SSRİ-nin Nazirlər Kabinetinin sədri olmuş Nikolay Rıjkov daim arxa planda qalmağa çalışıb, lakin, arxa plandan öz şəxsi ambisiyalı siyasətini sürdürüb: “Onun ermənilərə yaxınlığı bəlli məsələdir. Lakin biz Rıjkovun sözlərinin kontekstdən çıxarılması ehtimalını da unutmamalıyıq. Çünki Ermənistan zaman-zaman rus siyasətçilərin dilindən Azərbaycana qarşı bəyanatlar çıxardırlar. Yəni öz arzularını gerçəklik kimi qələmə verirlər. Sərkisyan hələ də Azərbaycan prezidentinin Astanada vurduğu zərbənin təsiri altındadır. O, hansısa formada bu ağır durumdan çıxmağa çalışır. Bu baxımdan, Rıjkovun sözlərini ermənilərin arzusu olması ehtimalını da bir kənara qeyd etməliyik”.

“Moskva Rıjkovun dili ilə manevr edir”


Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bunu daha çox Kremlin manevri kimi qiymətləndirib. Onun sözlərinə görə, Moskva Rıjkovun dili ilə İrəvana “sizi unutmamışıq” mesajını verir: “Çünki bunu nə qədər onun öz sözləri hesab etsək də, o, Dumanın üzvüdür və belə qalmaqallı açıqlama ilə narazılıq yaradacağını yaxşı bilir. Görünür, Moskva onun dili ilə mesajını çatdırır, həm də hədəfi özündən yayındırır. Yəni rəsmi Bakı etiraz etsə, hər şey şəxsin üzərində atılacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm