Millət Ordusu, millət düşüncəsi, millət dövləti: dəyişiklik daha nələrə səbəb ola bilər?
Bizi izləyin

Nida.az

Millət Ordusu, millət düşüncəsi, millət dövləti: dəyişiklik daha nələrə səbəb ola bilər?

Parlamentin üzvü Asim Mollazadə də bu təklifi müsbət qarşılamır.“Buna ehtiyac yoxdur. Ümumiyyətlə ad dəyişilmək kimi mənasız işlərlə məşğul olmaq lazım deyil”-deyə o bildirib.

Milli Məclisin son sessiyasında qanunverici orqanın adının dəyişdirilərək Millət Məclisi edilməsi təklif olundu. Deputat Zahid Oruc tərəfindən səslənən təklifə görə, Azərbaycan çoxmillətli ölkədir, bu baxımdan parlamentin adını dəyişmək lazımdır ki, milli kimlik işarəti olsun.

Publika.Az xəbər verir ki, bu təklif müxtəlif yanaşmaları ortaya qoydu. İlk baxışdan da xeyli cəlbedici idi. Hətta bunu Türkiyəni yamsılamaq kimi təqdim edənlər də tapıldı. Təklifi irəli sürən Z. Oruc isə bildirdi ki, təklifi heç bir halda özümüzü Türkiyə Böyük Millət Məclisinə adekvat, simvolik addım atmaq, onlarla eyniləşdirmək düşüncəsindən irəli gəlmir.Lakin qanunverici orqanın adının dəyişdirilməsi nə dərəcədə məntiqə uyğundur? Burda hüquqi və linqvistik olaraq iki yanaşma var.

Azərbaycanda qanunverici orqanın adının Milli Məclis olması ölkənin konstitusiyası və “Milli Məclis haqqında” qanunla tənzimlənib.Konstitusiyanın 81-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Ana qanunda Milli Məclisə aid və müəyyən qədər onunla bağlı olan onlarla maddə var. Eləcə də qanunverici orqanla bağlı birbaşa bağlı olan qanunda da bu göstərilir.

"Milli Məclis" sözündə bir hərf dəyişdirib, birini də artırmaqla bu qədər qanun dəyişikliyinə getmək lazımdır. Sual oluna bilər ki, nə üçün Milli Məclis üzvlərinə "millət vəkilləri" deyilir? Bu ifadə ümumiyyətlə qanunvericilikdə yoxdur. “Milli Məclis deputatlarının statusu haqqında” qanunun da adından göründüyü kimi parlament üzvləri "deputatlar" adlanır. İfadə olaraq millət vəkili, parlamentari kimi sözlərdən istifadə etməyi isə daha çox dildə sinonimlərin istifadəsi olaraq qəbul etmək olar.

Millət Məclisi ifadəsinin linqvistik olaraq da anlayışı mübahisəlidir. Burda "milli" sözü milləti özündə əks etdirməklə yanaşı, həm də nisbi sifət rolunda oynayır. Azərbaycanda dilində bir ənənə olaraq ümumölkə statusun ifadə etmək üçün məhz "milli" nisbi sifətindən istifadə edilir. Misal üçün, milli Ordu, milli düşüncə, milli dövlət və s. Qanunverici orqanın adını dəyişməklə avtomatik olaraq bu kimi adlarla bağlı da mübahisələr yaranacaq. Millət Ordusu, millət düşüncəsi, millət dövləti kimi ifadələr dilin ahəngliyinə də uyğun gəlmir. Burda milli sözü Avroapa dillərindəki "national"ın qarşlığı kimi çıxış edərək ümumdövlət anlayışını əvəz edir. Yaranan terminlər 1-ci növ təyini söz birləşməsi əmələ gətirir. "Milli ordu"nu "Millət ordusu" ilə əvəzə etsək, yenə eyni məna qalacaq, dəyişən sadəcə təyini söz birləşməsinin növüdür. Həm ənənədə birinci növ təyini söz birləşməsinə üstünlük verildiyindən, həm də bu növ birləşmələrin daha yadda qalan və asan tələffüz oluna olduğu da diqqətdən qaçmamlıdır. Məsələn, Türkiyədə Millət Məclisi termini qəbul edilsə də, əksər hallarda yeni termin və anlayışlarda "milli" və ya ulusal" nisbi sifətindən istifadə olunur.

Keçmiş deputat, hüquqşünas Əliməmməd Nuriyev də bildirir ki, milli sözü özündə dövlət anlayışını ehtiva edir. Onun sözlərinə görə, Milli Məclis ifadəsi millətə deyil, dövlətə aid ifadədir: “Burda hansısa millətçilikdən söhbət gedə bilməz. Bunu dəyişdirmək o qədər də məqsədə uyğun deyil. Həmçinin dəyişdirmək üçün referendum keçirilməlidir ki, bircə məsələyə görə bunu etməyə də ehtiyac yoxdur”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov da bu təklifi məqbul hesab etmir. Onun sözlərinə görə, Milli Məclis elə millətin məclisidir: “Milli sözünün sonuna t hərfi artırmaqla nə olacaq? Burda ayrı millətdən danışmırlar ki, Azərbaycan millətindən danışırlar. Parlament ali qanunvericilik orqandır. Yəni Milli Məclis Ali Məclis sayılır. Misal üçün, Naxçıvanda da Ali Məclisdir. Bir sıra ölkələrdə də belədir. Özbəkistanda da parlament “Oli Meclis”, yəni Ali Məclisdir. Milli Məclisin Ali Məclis adlandırılması daha uyğundur, nəinki Millətin Məclisi. Çünki burda qanunun aliliyindən söhbət gedir”.

E. İbrahimov bildirib ki, Milli Məclisin adı konstitusiyada belədir.“İndi konstitusiyada dəyişiklik etməliyik?! Milli Məclisin adının Millət Məclisi qoymağa dəyməz”.

Parlamentin üzvü Asim Mollazadə də bu təklifi müsbət qarşılamır.“Buna ehtiyac yoxdur. Ümumiyyətlə ad dəyişilmək kimi mənasız işlərlə məşğul olmaq lazım deyil”-deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm