Azərbaycana Türkiyə hərbi bazaları lazımdırmı? – Vəfa Quluzadənin şərhi
Bizi izləyin

Nida.az

Azərbaycana Türkiyə hərbi bazaları lazımdırmı? – Vəfa Quluzadənin şərhi

“Rusiyanın Gümrü bazasını möhkəmləndirməsindən Azərbaycan narahat olmamalıdır. Çünki bu daha çox Qərbi təhdid edən ifadələrdir. Reallıqda Moskvanın belə bir imkanı zəifdir”.


Bunu Publika.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Rusiyanın xarici ölkələrdəki hərbi bazalarını, o cümlədən Ermənistandakı Gümrü bazasının genişləndirmək niyyətinə münasibət bildirərkən deyib.


V. Quluzadə Rusiyanın çökmək üzrə olduğunu bildirib. Onun sözlərinə görə, Moskva Qərbi qorxutmağa hesabladığı bu açıqlamalarla uzağa gedə bilməz: “Qərbin sanksiyaları Rusiyanı çökdürür. Misal üçün, Rusiya Qərbin mallarına qarşı sanksiya tətbiq edib, lakin bunun nə Amerikaya, nə də Avropaya ciddi təsiri yoxdur. Rusiya özü isə sanksiyalar altında əzilir. Bu gün rublun qiyməti sürətlə düşür, ölkədə SSRİ vaxtında olduğu kimi növbələr yaranıb. Rusiya bu barədə düşünsə, daha yaxşı olar”.


Sabiq dövlət müşaviri buna qarşı Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi fikirlərini qəbul etmir. Onun fikrincə, Türkiyənin özü də Rusiya ilə qarşıdurmaya getmək niyyətində deyil.


“Bu gün Türkiyə NATO üzvü olaraq Rusiya-Qərb qarşıdurmasnda müəyyən yer alır. Amma Ankara Moskvaya qarşı açıq-açığına getməkdə maraqlı deyil. NATO onsuz da Qara dənizdəki Türkiyə hərbi qüvvələrindən ruslara qarşı istifadə edir”, - deyə o bildirib.


V. Quluzadə Türkiyənin Azərbaycana bütün hallarda hərbi yardım edəcəyini düşünür: “Bununla bağlı hərbi müqavilələr də var. Amma hazırda hansısa ölkənin, eləcə də Türkiyənin Azərbaycanda hərbi bazasının yerləşdirilməsi nə Ankaranın, nə də Bakının xeyrinədir. Sadəcə, proseslərin nə ilə nəticələnəcəyini gözləmək lazımdır”.


Qeyd edək ki, ötən ayın sonu Rusiya müdafiə naziri Sergey Şoyqu Moskvanın Ermənistan da daxil olmaqla Rusiyanın MDB-dəki bütün hərbi bazalarını gücləndirəcəyini dedi. Bir sıra ekspertlər bunun bölgədə hərbi balansı pozacağını düşünür. Həmçinin Bakının buna qarşı alternativ addımlar atmağının vacibliyi qeyd olunur.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm