Qarabağla bağlı qərara qarşı çıxan Yaqlandın Azərbaycan “sevdası” - MÖVQE
Bizi izləyin

Nida.az

Qarabağla bağlı qərara qarşı çıxan Yaqlandın Azərbaycan “sevdası” - MÖVQE

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanla bağlı tənqidi məqalə ilə çıxış edib.


Böyük Britaniyanın “Qardian” qəzetində dərc olunan məqalədə baş katib Azərbaycanda söz azadlığının pozulduğunu, demokratiyanın boğulduğunu, QHT sektorunun fəaliyyətinin məhdudlaşdırıldığını iddia edib.


“Yaqland Qarabağla bağlı alt komitənin yaradılmasına qarşı çıxan əsas şəxs idi”


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa Publika.az-a açıqlamasında Yaqlandın ermənilərə yaxınlığına diqqət çəkib. Onun sözlərinə görə, baş katib AŞPA-da Dağlıq Qarabağla bağlı alt komitənin yaradılmasına qarşı çıxan əsas şəxslərdəndir: “Ola bilsin Avropa baxımından Azərbaycanda baş verən proseslərə münasibətdə baş katib müəyyən nəticələrə gəlib. Amma bütövlükdə onun Azərbaycana münasibəti hər zaman qərəzli olub. Məsuliyyətlə onun ermənilərlə əlaqələrinin olduğunu deyə bilərəm. Dağlıq Qarabağla bağlı alt komitənin açılması məsələsinə ən çox qarşı çıxan şəxs idi. Hətta onun çıxışının ermənilər tərəfindən gündəliyinə salındığına da şübhə etməmək lazımdır. Onun mövqeyi bütövlükdə Azərbaycanın əleyhinədir”.


Deputat bu cür yanaşmaların ümumi işin xeyrinə olmadığını düşünür. Onun sözlərinə görə, bu səviyyəli şəxslər ölkələrin reallıqlarına söykənərək danışmalıdır: “Bəlkə də haqlı məqamları ola bilər. Amma adam qərəzli olanda haqlı dediyi fikirləri də obyektiv qəbul etmək çətin olur. Azərbaycanda istər qanunverici, istərsə də əməli fəaliyyətdə QHT-lərlə bağlı nöqsanlar var. Amma eyni zamanda dövlət dəstəyi kimi müsbət hallar da var. Bunu Avropa məkanında qərəzsiz təhlil etmək daha yaxşı olardı. Bu cür qərəzli tənqidlər Azərbaycan hökumətinin bəlkə də nöqsan ola biləcək məsələlərdə korrektə etməsinin də qarşısını alır. Bu da ümumi proseslərə ziyan vurur”.


“Hansısa ermənidən pul alıb yazmaqla iş bitmir”


Nümayəndə heyətinin digər üzvü, deputat Fəzail İbrahimli isə ümumiyyətlə Qərb siyasətçilərinin insan haqları açıqlamalarını qəbul etmir.
Deputat Publika.az-a açıqlamasında nə Avropanın, nə Amerikanın, nə də dünyada demokratiyadan dəm vuranların insan haqlarından danışmağa haqlarının olmadığını deyib: “Bu gün Yaxın Şərq qan içində boğulur. Kimyəvi silahlar işə salınıb, uşaqlar qətlə yetirilir. Bu müharibələri də demokratiyadan danışanlar törədir. Orda ölənlər insan deyilmi?”


F. İbrahimli avropalılara haqları pozulan bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünü xatırladıb.


“İnsan haqlarından danışanlar bu qaçqınları, məcburi köçkünləri, qaçqın həyatında doğulub böyüyən uşaqların hüquqlarını unutmasınlar. Azərbaycanın bir dövlət kimi sərhədləri pozulub, əraziləri işğal olunub. Bunlardan danışsınlar. Sonra fərdlərə gələrik. Amma onlar özlərinə sərf edənləri, erməni lobbisinin yedəyində gedənləri qabağa çəkirlər. Buna görə də insan haqları iddiaları gülünc görünür. Bu dünyada kim güclüdürsə o diktə edir. İnsan haqlarını pozanlar bu mövzudan ən çox danışanlardır. Hansısa ermənidən pul alıb yazmaqla iş bitmir. Əsl reallığı danışmalıdırlar”, - deyə nümayəndə heyətinin üzvü bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm