Nida.az
Ankara və Tehranın Qarabağ prosesində iştirakı: Bakı nə itirib, nə qazanacaq? - TƏHLİL
Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun artıq yaşlandığını düşünməyin vaxtı çatıb. 1992-ci ildə yaranan qrup bu illər ərzində nə bir qarış torpağı geriyə qaytara bilib, nə də tərəflər arasında sülhə doğru ciddi yaxınlaşmaya nail olub.
Bu səbəbdən də zaman-zaman Minsk qrupunun formatının dəyişməsi, yaxud münaqişənin həllinə yeni vasitəçilərin cəlb edilməsi kimi fikirlər, ideyalar, ehtimallar gündəmə gəlir. Rusiyalı siyasi ekspert Maksim Şevçenkonun bir neçə gün öncə “Qarabağ münaqişəsinin həlli Ankara və Tehransız çətin olacaq” açıqlaması məsələni bir daha gündəmə gətirdi.
Şevçenkoya görə, münaqişənin həlli üçün bölgəyə yaxın olan Rusiya, İran, Türkiyənin konkret siyasi razılığına ehtiyac var: “Son iki ölkə tam şəkildə vasitəçiliyə qoşulmayıb. Hərçənd mən Tehran və Ankara ilə məsləhətləşmələrin aparıldığına əminəm. Onlarsız problemin həlli son dərəcədə çətin olacaq”.
Bu ideyanın gündəmə gəlməsi ilk dəfə deyil. Digər tərəfdən, Ankara
və Tehran da münaqişənin nizamlanmasında iştirakdan olduqca məmnun
olarlar. Lakin bu ölkələrin prosesdə birbaşa iştirakı bizə və
münaqişənin hansı formada həll olunacağına necə təsir edəcək?
Türkiyə: Ankaranın Qarabağ prosesində iştirakı Bakıya nə
vəd edir?
Rəsmi Ankara ilə Bakını bir-birinə təkcə siyasi-iqtisadi maraqlar
deyil, mənəvi bağlar da bağlayır. Türkiyə Azərbaycanın ərazi
bütövlüyünü yüksək səviyyədə dəstəkləyir. Bunun fonunda zaman-zaman
Bakının xoş qarşılamadığı Ermənistanla sərhədin açılması xəbərləri
ortaya çıxır.
Bu, Ukrayna böhranı və Qərbi-Rusiya qarşıdurması fonunda inandırıcı versiya kimi görünür. Cənubi Qafqazı bütövlükdə əldə etmək istəyən Qərb Ermənistan adlı maneəyə ilişir. Çünki İrəvan faktiki olaraq bütün sahələrdə Moskvadan asılıdır. Ermənistanı Rusiyanın caynağından qurtarmağın yeganə yolu Türkiyə ilə sərhədlərin açılması, bu yolla iqtisadi dirçəliş və Qərbə çıxışın təmin edilməsidir. Halbuki, bu versiyanı Bakı illər öncə irəli sürmüşdü, qarşılığında yeganə istəyi haqqı olan tarixi torpaqlarının işğaldan azad edilməsi idi. Bu baş versəydi, Ermənistan regionda Bakının əsas müəllifi olduğu boru kəmərlərində yer alacaq və tədricən həm Rusiya asılılığından, həm də aclıqdan xilas olacaqdı. Amma buna nə İrəvan razılaşdı, nə də Qərb qol qoymadı. Çünki qərbli başbilənlər Türkiyə variantını daha məqbul və asan olduğunu düşünürlər. Faktiki olaraq, Ankaraya sərhədi açmaq üçün mütəmadi təzyiqlər də olur.
Lakin Ankaranın addımları, xüsusilə NATO-nun Uels sammitində baş verənlər Türkiyənin Azərbaycanın yanında olduğunu göstərdi. Məhz Ərdoğanın Bakıda söz verdiyi kimi Şimal Alyansının Uels sammitinin yekun bəyannaməsində ilk dəfə öz müqəddəratını təyin etmə prinsipi olmadan ərazi bütövlüyünün dəstəkləndiyi vurğulandı. Ankara və Bakının siyasi gedişləri nəticəsində Ermənistan prezidenti Serj Sərkisyan da buna imza atmağa məcbur oldu. Bu, Türkiyənin Qarabağ münaqişənin həllində yer almasının Azərbaycanın xeyrinə olacağı ehtimallarını daha da gücləndirir.
Digər tərəfdən, münaqişənin həlli prosesində iştirak Ankara üçün Cənubi Qafqaza geri dönmək işində də yardımçı ola bilər. Bu həm də Azərbaycanın gələcək təhlükəsizliyinə mühüm töhfə olardı.
Bu arada Rusiya Dövlət Dumasının keçmiş üzvü, politoloq Sergey
Markovun bir neçə gün öncə Dağlıq Qarabağla bağlı açıqlaması bu
kontekstdə diqqət çəkir. Keçmiş deputat münaqişənin həlli yolunu
belə şərh edir: “Ermənistan Avrasiya layihələrinə qoşulur, bunun
üçün ona blokadadan çıxmaq lazımdır. Amma bu faktiki olaraq
problemlidir. Lakin inanıram ki, güzəştlər olacaq və bu güzəştlərin
mahiyyəti təqribən bu cürdür: Ermənistan 7 rayonu qaytarır,
əvəzində Azərbaycan və Türkiyə blokadanı geri çəkir. Bu güzəştlər
hər iki tərəf üçün sərfəlidir”.
Yəni, bu və ya digər formada Türkiyə amili münaqişədə əsas rol
oynaya bilər.
Türkiyəli ekspert Haldun Yalçınkaya Publika.az-a açıqlamasında
Türkiyənin Qarabağ münaqişəninin həllində yer almaq niyyətində
olduğunu deyib. Ərdoğanın Uelsdə “NATO öhdəliklərinə əməl
etməlidir” sözlərini xatırladan türkiyəli ekspert bunun həm də
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə yaddaş dərsi olduğunu
bildirib: “Ankara əvvəldən Qarabağ münaqişənin həllində Bakının
yanında olub. Digər tərəfdən, Türkiyənin münaqişənin həllinə cəlb
edilməsi müsbət nəticələr verə bilər. Çünki Türkiyə həm də
Ermənistanla sərhəd ölkədir. Bu baxımdan, Ankaranın iki tərəfi bir
araya gətirib ortaq nəticələr çıxara biləcəyini düşünürəm.
Ankaranın özünün də belə niyyətləri var”.
İran: Tehran kulislərində nə düşünürlər?
Tehran kulislərində Qarabağ münaqişəsini hansı formada həll
edilməsi ilə bağlı mövqelərin dəqiq necə olduğunu demək çətindir.
Rəsmi Tehran münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində
həllinin tərəfdarı kimi çıxış edir. Amma kulislərdə bir erməni
təəssübkeşliyinin olmadığını demək sadəlövhlük olardı. Sərkisyanın
iranlı həmkarını qondarma “erməni soyqırımının” 100 illiyi
mərasiminə qatılmaq məqsədilə 2015-ci il aprelin 24-də Yerevana
dəvət etməsi də bunu deməyə əsas verir.
İran rəhbərinin bu dəvəti necə qəbul edəcəyini deyə bilməsək də, Tehranın siyasi cameəsində “soyuq” qarşılanmadığını demək mümkündür. Çünki Tehranın İrəvana siyasi dəstəklə yanaşı iqtisadi yardımlar etdiyi ortadadır. Bu, İranın Qərb sanksiyaları qarşısında duruş gətirmə siyasəti kimi qəbul edilə bilər. Amma bu həm də Bakının blokadaya saldığı Ermənistanın işğalçılıq siyasətinin davam etməsinə dolayısı dəstəkdir. Bu üzdən də zaman-zaman “İran Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll edilməsində maraqlı” deyil kimi deyimlər gündəmə gəlir. Bunun bir klassik cavabı var: Tehran Qarabağ münaqişi Bakının xeyrinə həll edilsə, bundan sonra Cənubi Azərbaycanın qaytarılması məsələsinin gündəmə gələcəyini düşünür.
Bu yanaşma nə qədər klassik olsa da, Tehran üçün həmişə aktuallığını qoruyur.
İran üzrə ekspert Sədrəddin Soltan İranın Rusiyanın yanında
olduğunu və beləliklə münaqişənin həllində marağının az olduğunu
hesab edir. Ekspert Publika.az-a açıqlamasında İranın da
maraqlarını sadalayır: “İranda belə bir tarixi yanaşma var. Bakının
başı nə qədər öz daxili probleminə və digər məsələlərlə qarışsa,
bir o qədər xeyirlidir. Çünki rəsmi Bakı nə qədər soyuq başla
siyasət aparsa da, öz qonşuları ilə problemlərdən qaçsa da,
insanlarda Cənubi Azərbaycanın bizə aid olduğu fikri heç vaxt
unudulmayıb və bir gün bu baş qaldıracaq. Eyni yanaşma Arazın o
tayında da var. Buna görə də İran Ermənistanın zəifləyib
Azərbaycandan və Türkiyədən asılı vəziyyətə düşməsində maraqlı
deyil. Həmçinin, Tehranın yanaşmasında Moskva ilə paralel addımlar
da var”.
S. Soltan İranın Qarabağ münaqişəsinin həlli prosesində yer almaq
marağında olduğunu düşünür. Onun sözlərinə görə, Tehran bununla
regionda öz liderliyini tətbiq etmək niyyətindədir: “Amma bunun nə
qədər real olacağı sual altındadır. Tehranın münaqişənin kimin
xeyrinə həll edilməsindən yana olması artıq ikinci məsələdir. Bütün
hallarda isə Ermənistanın ayağını basacağını düşünmürəm. Bunu
İrəvanda da bildikləri üçün İranla münasibətlərə xüsusi önəm
verilir”.
Şərhçilərin yanaşması iki ölkə - Türkiyə və İran arasında seçimi
ortaya qoyur. Ya Bakını dəstəkləyən Ankara, ya da İrəvanı sevən
Tehran. Hələlik bu iki mərkəzin münaqişədə nə qədər yaxın, yaxud
uzaq rol alacağı sual altındadır.
“Nə Rusiya, nə Türkiyə, nə İran, nə də Amerika münaqişəni bizim istədiyimiz formada həll edə bilməz”
Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə
isə Publika.az-a açıqlamasında bunlardan heç birinə ehtiyac
olmadığını deyib. Onun fikrincə, münaqişənin həlli Azərbaycan və
Ermənistanın üzərinə qoyulmalı və heç kim qarışmamalıdır: “Bizə
şərait yaradılmalıdır. Ermənistanla görüşməli və münaqişəni həll
etməliyik. Nə Rusiya, nə Türkiyə, nə İran, nə də Amerika münaqişəni
bizim istədiyimiz formada həll edə bilməz. Çünki onların hər
birinin öz maraqları var. Azərbaycanın marağı ərazi bütövlüyünün
bərpası və sülhdür. Ermənistanın da marağı sülhün olması və
regionun iqtisadi layihələrində yer almaqdır”.
V. Quluzadə bu cür ideyaların Rusiya tərəfindən ortaya atıldığını
düşünür. Politoloqun sözlərinə görə, Moskva Minsk qrupunda Amerika
və Fransanı əvəzləmək və öz hegemonluğunu qorumaq istəyir: “Ona
görə də Rusiya mediası və siyasi şərhçiləri zaman-zaman bu cür
fikirləri gündəmə gətirir. Halbuki, hansısa vasitəçinin xeyir
verdiyini biz bu illər ərzində görməmişik. Sadəcə, Ermənistan
siyasi iradə əldə etməli və Moskvanın təzyiqlərindən qurtulmalıdır.
Ondan sonra ermənilər sevə-sevə masa arxasında oturub bizə aid
olanları geri qaytaracaq”.
Asif Nərimanlı
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq