“Arif Hacılının başqan seçilməsi ilə bağlı başsağlığı verdi” - Nəsib Nəsiblinin istefa səbəbləri
Bizi izləyin

Nida.az

“Arif Hacılının başqan seçilməsi ilə bağlı başsağlığı verdi” - Nəsib Nəsiblinin istefa səbəbləri

Müsavat Partiyasının üzvü Nəsib Nəsiblinin istefasının səbəbləri bəlli olub.


Müsavat Partiyasının Qadınlar Birliyinin (MQB) sədri Ellada Məmmədli Publika.az-a açıqlamasında N. Nəsiblinin başqan seçkilərinin nəticələrindən razı qalmadığını deyib: “O, Qubad İbadoğlunun başqan olmasını çox istəyirdi. Müsavata ziyalı, alim olan bir şəxsin rəhbərlik etməli olduğunu düşünürdü. Lakin seçkidə hər şey başqa cür oldu. Qurultaydan iki gün sonra mənə zəng edərək Arif Hacılının başqan seçilməsi ilə əlaqədar başsağlığı verdi. Bir az fikir mübadiləsi etdik.

Partiyada fəaliyyəti ilə bağlı qərarını verəcəyini dedi. Üstündən bir qədər keçdikdən sonra yenidən zəng edərək istefa verəcəyini bildirdi. Mən çalışdım getməsin. Axırda bir həftə gözləməsini xahiş etdim. Çünki Nəzarət-Təftiş Komissiyasının ədalətli qərar verəcəyini düşünürdüm. Elə olsaydı, Nəsib bəy də istefa verməyəcəkdi. Nəzarət-Təftiş Komissiyası da hər şeyi olduğu kimi saxladı. Bütün saxtakarlıqlara, pozuntulara göz yumdu. Ondan sonra Nəsib bəy dedi ki, heç nə dəyişməyəcək. Bunlar özləri deyib, özləri eşidəcək. Daha heç nə deyə bilmədim. O da istefa ərizəsini yazdı. Hətta mən bəyanat verib getməsini təklif etdim. Amma o imtina etdi. Müsavatın onun üçün doğma olduğunu, partiyanı nüfuzdan salacaq addım atmaq istəmədiyini dedi”.


E. Məmmədli Müsavatda fraksiya yaranacağı təqdirdə N. Nəsiblinin buna dəstək verməsi ehtimalına münasibət bildirərkən hər şeyin onun öz qərarından asılı olduğunu deyib: “Özü bunu istəyərsə, niyə də olmasın. Bu, onun öz qərarıdır. Onun qərarına müdaxilə edə bilmərik”.


Qeyd edək ki, keçmiş millət vəkili Nəsib Nəsibli Müsavat Partiyasının sıralarından çıxmaqla bağlı Müsavatın Xətai rayon təşkilatına ərizə ilə müraciət edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm